Azərbaycanla Avropa Şurası arasında problemlərin Azərbaycanın ABŞ-la da münasibətlərinə təsir göstərməyə başladığı müşahidə edilməkdədir. Son günlər bir sıra hakimiyyətə yaxın şəxslərin dilindən “ABŞ-la münasibətlərə yenidən baxıla bilər” kimi açıqlamalar səslənməkdədir.
Bakı ilə Vaşinqton arasında Barak Obama dövründən qalma soyuqluq bir neçə ay öncə yoluna qoyulmuşdu. Lakin son günlər münasibətlərdə yeni bir sərinləşmə prosesinin getdiyi sezilməkdədir. ABŞ tərəfindən də münasibətlərə təsir edə biləcək bəzi addımlar atılmaqdadır. Məsələn, iki gün öncə ABŞ Dövlət Departamenti Azərbaycana səfərə gələn vətəndaşlarına ciddi xəbərdarlıq edib ki, Azərbaycana səfəriniz müddətində bu ölkənin apteklərindən heç bir dərman preparatları almayın, xəstəxanalara, həkimlərə müalicə üçün müraciət etməyin. Səbəbini isə belə əsaslandırıb ki, Azərbaycanda satılan dərmanlar heç bir normaya cavab vermir, xəstəxanalarda düzgün müalicə aparılmır.
Məsələ barədə “Yeni Müsavat”a danışan YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycan özü demokratik inkişaf və sərbəst bazar iqtisadiyyatı münasibətləri yolunu tutub. Yəni “Qırmızı imperiya” dağılandan, Azərbaycan müstəqillik qazanandan sonra xalqımız bu yolu könüllü şəkildə seçib. Beynəlxalq təşkilatlara da biz özümüz könüllü şəkildə üzv olmuşuq. Yəni kimsə bizə oradan göstəriş versin ki, sən söz azadlığını təmin elə, insan hüquqlarını qoru belə göstərişlərə ehtiyac yoxdur: “Çünki biz qeyd etdiyim yolu seçmişiksə, demokratiyanın bütün tələblərinə daim əməl eləməyə çalışırıq və əməl edirik. Avropa Şurası, Qərb belə hesab eləsə ki, o, nə desə biz onu eləməliyik və biz nə ediriksə Avropa Şurasına görə edirik, bu yanaşma yanlışdır. Azərbaycan prezidenti cənab İlham Əliyev hətta BMT tribunasından bəyan etdi ki, ölkələrə münasibətdə ikili standartlar var. Azərbaycana hansısa maraqlarını təmin eləmək üçün təsir və təzyiq göstərmək istəkləri açıq görünür. Bu, gizlin deyil. Bir neçə gün öncə Azərbaycanda çox möhtəşəm bir layihənin - Bakı-Tiflis-Qars dəmir yolunun açılışı edildi. ”Şimal-Cənub" dəhlizi layihəsinin də reallaşdırılması prosesi gedir. Bütün bunların hamısında müəyyən dövlətlərin maraqları var və onlar istəyir ki, maraqlarını təmin eləsin. Amma o maraqlar Azərbaycanın milli, dövləti maraqları ilə üst-üstə düşmədiyi üçün biz heç vaxt öz marağımızı qoyub onların maraqlarını təmin eləyəsi deyilik. Belə olanda Avropa Şurası kimi təşkilatlara tapşırıqlar gəlir ki, Azərbaycana təzyiq göstərməyə başlansın. Dünyada söz sahibi olan dövlətlər Avropa Şurası vasitəsilə müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana da təsir edirlər".

Bəxtiyar Sadıqov: “Heç kim bizimlə təzyiq dili ilə danışa bilməz”
Deputat dedi ki, Azərbaycan ABŞ-la münasibətlərində həmişə açıq siyasət yürüdüb, Azərbaycan həmişə ABŞ-la münasibətlərində səmimi olub, dediyi sözün sahibi olub: “Dildə bir söz deyib əməldə əksini etmək nə bizim xalqımıza, nə də dövlətimizə xasdır. Amma çox təəssüf ki, ABŞ-da köhnə Barak Obama dövründən qalmış yanaşmaları-təzyiq addımlarını yenidən müşahidə etməyə başlamışıq. Yenə də Azərbaycanla bağlı olmayan iddialar ortaya atılır, çağırışlar edilir, layihələr ortaya atılır. Bunlarda Amerikadakı güclü erməni lobbisinin də təsiri var. Bütün bunlara baxmayaraq, Azərbaycan ABŞ-la və digər dövlətlərlə qarşılıqlı hörmətə, bir-birinin daxili işinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan şəraitdə əməkdaşlıq etmək tərəfdarıdır. Azərbaycan öz yolu ilə gedir və daxili işlərimizə qarışmanı, təzyiq yolunu qəbul eləmir. Heç kim heç vaxt bizimlə təzyiq dili ilə danışa bilməz. Milli maraqlarımızı, bir qarış da olsun torpağımızı heç kimə güzəştə getməyəcəyik. Bu mövqeyi daim demişik və həmişə də üzərində dururuq”.
Yeganə Hacıyeva: “Qarabağ məsələsində haqqımız tam tanınmadıqca, problemlər də qalacaq”
Siyasi şərhçi Yeganə Hacıyeva isə bildirdi ki, Azərbaycan ABŞ-ın vacib strateji tərəfdaşıdır: “Obama administrasiyasının qarşılıqlı münasibətlərdə əsas tutduğu prioritetlərdən fərqli olaraq, Tramp administrasiyasının hələ ilk günlərdən yürütdüyü xarici siyasətində Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticari və mühüm strateji tərəfdaşı, qlobal enerji təhlükəsizliyində etibarlı, sərfəli enerji tədarükçüsü kimi prioritet ölkə elan edilib. Hazırda Azərbaycan-ABŞ münasibətlərinin soyuması və ya qarşılıqlı münasibətlərdə kəskin narahatedici məqamların mövcudluğu haqda deyilənlərlə razı deyiləm. Amma eyni zamanda münasibətlərdə iki ölkə arasında bir sıra problemlərin mövcudluğunu da etiraf etmək lazımdır. Bu problemlər iki məqamdan qaynaqlanır: ABŞ-dakı daxili siyasi sistemdən irəli gələn məsələlər, yəni daxili siyasi sistemdə müxtəlif siyasi və iqtisadi lobbi qrupların ”demokratiyanın inkişafı", “söz azadlığı” və “qanunun aliliyi” kimi mövzulardan Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunmaqla müəyyən iqtisadi və siyasi divident əldə etmək istəyi. Xüsusilə burada erməni lobbisinin Avropa Şurasında Azərbaycanla soyuqlaşmış münasibətdən istifadə etmək cəhdlərini görürük. Sırf Avropa Şurasında bu məqsədə xidmət edən siyasilər və onların sübuta yetirilmiş anti-Azərbaycan fəaliyyətlərini nümunə kimi göstərə bilərik. İkincisi, ABŞ-ın mövcud Rusiya siyasəti, konkret olaraq bu ölkənin maliyyə, enerji və müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar və bu sanksiyalarda Azərbaycanın yer alması istəyidir. Azərbaycan ABŞ-dan Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyində indikindən daha artıq anlayış gözləyir. Təəssüf ki, ABŞ uzun illərdir nə Dağlıq Qarabağ konfliktinin sülh anlaşmasında və ya ATƏT in Minsk Qrupunun fəaliyyəti çərçivəsində Azərbaycanın ədalətli mövqeyinə tam üstünlük vermir. Bu halda ABŞ-ın özünün maraqlarının təmin olunmasını Bakıdan gözləməsi, arzusu çoxlu suallar yaradır. Azərbaycanın istər ABŞ-la, istərsə də Avropa Birliyi ilə münasibətlərində Kataloniya və Şimali Kürdüstan separatçılarına göstərilən sərt yanaşmanın Dağlıq Qarabağ separatçılarına şamil olunmasını istəmək Bakının haqqıdır. ABŞ və Avropa qurumları bu haqqı tam şəkildə tanımadıqca problemlər də qalmaqda davam edəcək".
