“Hesablama Palatası haqqında” Qanuna dəyişiklik Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, dəyişiklik edilən variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir. Belə ki, indiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdisə, dəyişikliklə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq icra hakimiyyəti orqanlarına və ya Baş Prokurorluğa göndərəcək.
Bəs görəsən, bu dəyişiklik ölkə iqtisadiyyatına nə dərəcədə fayda gətirəcək? Məlum olduğu kimi, iqtisadiyyatımızın əsas bəlalarından biri də dövlət vəsaitinin mənimsənilməsidir. Hər il dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi, səmərəsiz xərclənməsi ilə bağlı yüzlərlə fakt ortaya çıxır. Bu cür faktların aşkarlanması və onların inzibati xəta tərkibinə görə müvafiq dövlət qurumlarına müraciət edilməsi sözügedən halların qarşısını ala bilərmi?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda ictimai vəsaitlərin axınında nəzarət mexanizmlərinin təkmilləşdirilməsi günün prioritet mövzularından biridir: “2015-ci ilə qədərki dövrə diqqət etsək dövlət büdcəsinin gəlirləri sürətlə artırdı. Bu gəlirlər fonunda korrupsiya predmetinin də sferası genişlənirdi və böyük vəsaitlər korrupsiya predmetinə çevrilə bilirdi. Azərbaycanda ictimai vəsaitlərə kənar nəzarətin həyata keçirilməsi təcrübəsi gəncdir. Hesablama Palatasının 2000-ci illərin əvvəllərində yaradıldığını və bu istiqamətdə fəaliyyətinin təkmilləşdirildiyini nəzərə alsaq, biz bu prosesdə bir çox ölkələrdən 100-150 il geri qalmışıq. Ancaq buna baxmayaraq, artıq dünyada bu cür nəzarət mexanizmlərinin təkmilləşmiş formaları var. Azərbaycanda bu təkmilləşmiş formalardan istifadə edərək qısa müddət ərzində daha çevik və effektiv nəzarət mexanizmlərindən istifadə etmək mümkündür”.

İqtisadçının fikrincə, bizim mühüm problemlərimizdən biri ondan ibarət idi ki, Hesablama Palatasının səlahiyyətləri öz portnyorları, yəni xarici ölkələrin oxşar qurumları ilə müqayisədə daha aşağı idi: “Bu qurumun texniki baxımdan dövlət qurumlarına nəzarət imkanları həm texniki, həm də kadr baxımından zəif idi. Hesablama Palatasının qarşısında məsələ qaldıranda Dövlət Neft Fondunun büdcəsinə nəzarətin edilməməsi ilə bağlı onun ortaya qoyduğu arqumentlərdən ən əsası məhz texniki şəraitin buna imkan verməməsi idi. Lakin 2014-cü ildən sonrakı dövrdə iqtisadiyyat üçün yeni çağırışlar formalaşıb. Dövlət büdcəsinin gəlirlərində və xərclərində azalma var. Belə bir şəraitdə gəlirlərin səmərəli istifadəsi və eyni zamanda korrupsiya ilə mübarizə mühüm elementlərdən biri olmalıdır. Bu səbəbdən ötən il Hesablama Palatasının funksiyaları əhəmiyyətli səviyyədə genişləndirildi, yeni səlahiyyətin verilməsi də bu qurumun hüquqi baxımdan çevikliyini təmin etməyə şərait yaratdı”.
R.Həsənov vurğuladı ki, qiymətləndirmə zamanı adekvat reaksiyanın verilməsi, cəza mexanizmlərinin və prosedurlarının təkmilləşdirilməsi, sürətləndirilməsi, büdcədən yayınan və mənimsənilən vəsaitlərin geri qayıtma prosesinin təmin edilməsi məqsədilə bu səlahiyyətin verilməsi baş tutub: “Əgər qurum səlahiyyətlərini bu istiqamətdə düzgün istifadə edərsə, himayədarlıq, hansısa məsələlərə görə kimlərəsə güzəşt etməzsə, bu zaman səlahiyyətlər Hesablama Palatasının dövlət vəsaitləri üzərində effektiv kənar nəzarət mexanizmini qurması üçün əlverişli şərait formalaşdırır. Hazırda bu dövlət maraqları baxımından əhəmiyyətli məsələlərdən biridir, Hesablama Palatası da səlahiyyətlərindən istifadə edərək öz öhdəliklərini daha keyfiyyətli şəkildə yerinə yetirəcək”.
