“Azercell” şirkətinin keçmiş rəhbəri Kirill Qaburiç Moldovanın Liberal-Demokrat Partiyasının (LDP) baş nazir vəzifəsinə namizədidir.
Oxu.Az Moldova KİV-nə istinadən xəbər verir ki, bu barədə LDP-nin lideri Vlad Filat bildirib.
“Ümid edirəm ki, onun namizədliyi parlamentdə lazım olan səsləri toplaya biləcək. Cənab Qaburiçin partiya mənsubluğu yoxdur”, - Filat deyib.
O, qeyd edib ki, Qaburiçin namizədliyi barədə qərar partiyanın Siyasi Şurası tərəfindən yekdilliklə qəbul edilib.
Qeyd edək ki, öncə Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin baş direktoru vəzifəsini tutub.
2012-c ildə o, Azərbaycanda “Azercell” şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, Teliasonera Group şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib.
Qaburiçin namizədliyi şənbə günü (bu gün) keçiriləcək məsləhətləşmələrdə ölkə prezidenti Nikolay Timoftiyə rəsmən təqdim olunacaq.
Fevralın 10-da keçirilən ilk iclasda Moldovanın Baş nazirini seçmək mümkün olmayıb.
