|
“Bakı Ermənistanla sərhədlərini bağlamaq üçün İrana müraciət etməlidir”

“Mən sizin ”Yeni Müsavat"dakı Qarabağ üçün Kərkük modeli - İran sərhədi bağlayır və..." sərlövhəli yazınızı oxumuşdum və fikirlərinizi birmənalı olaraq bölüşürəm".  BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu fikirləri əməkdaşımızla söhbətində bildirib.

Sözügedən müəllif yazısında müsəlman qonşumuz İranın da, qardaş Türkiyə kimi Ermənistanla sərhədlərini qapaması halında işğalçı Ermənistanın Azərbaycan ərazilərinə iddialarına qısa müddət ərzində son qoymasının mümkünlüyündən bəhs olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə və İranın “müstəqil dövlət” olmaq iddiasına düşən İraq Kürdüstanı ilə sərhədlərini bağlaması nəticəsində kürd silahlıları geri çəkildi və Kərkük qan tökülmədən azad edildi. Q.Həsənquliyev bu variantın Qarabağ məsələsinin həlli üçün də keçərli olduğunu deyir: “Düşünürəm ki, bizim xarici işlər naziri təkrar həm Türkiyə, həm İrana müraciət etməlidir ki, Ermənistanla hər cür əlaqələri dondursunlar. Məsələn, necə ki, ABŞ İrana sanksiya tətbiq edəndə bu ölkənin hansısa şirkətləri ilə əlaqələri qadağan edir, Türkiyə və İran da şirkətlərinə Ermənistanla ticarət əlaqələrini qadağan etməlidir. Ancaq bildiyimiz kimi, ildən-ilə Türkiyə və İranın Ermənistanla ticarət dövriyyəsi artır. Bu yaxınlarda Rusiyanın kənd təsərrüfat naziri Putinə şikayət edirdi ki, Türkiyə özünün tomat və pomidorunu Belarus, Ermənistan və Azərbaycan vasitəsilə Rusiyaya satır. Türkiyə Ermənistanla sərhədlərini bağlayıb, əlbəttə, biz buna görə onlara çox minnətdarıq. Amma şirkətlər səviyyəsində ticarət əlaqələrini də dayandırmalıdır - o cümlədən İran. Buna görə də dövlət səviyyəsində rəsmi müraciət olmalıdır”.

Deputat rəsmi Bakının Tehran və Ankaraya müraciətinin vacibliyi barədə daha sonra bunları bildirib: “Bir var, biz mətbuatda deyirik, yaxud ayrı-ayrı səviyyələrdə bildirilir, beynəlxalq təşkilatlarda prezident bu barədə çıxışlar edir. Elə bu yaxınlarda Azərbaycan prezidenti Türkiyədə bəyan etdi ki, ”Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz". Amma yenə də Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi müraciəti olmalıdır. Necə ki, rəsmi Bağdad baş nazir səviyyəsində qonşu ölkələrə kürdlərlə bağlı müraciət etdi, bizim də baş nazir, yaxud da xarici işlər naziri bununla əlaqədar olaraq Türkiyə və İrana müraciət etməlidir, bu müraciət də mətbuatda yayılmalıdır. Bir var bizim xarici işlər naziri hansısa tədbirdə bununla bağlı fikirlərini söyləsin, bir də var ki, Tehrana rəsmi müraciət etsin".

Qeyd edək ki, bundan əvvəl dəfələrlə eyni məzmunlu çağırışlar olsa da, konkret olaraq İran hakimiyyəti məscidləri donuz fermasına çevirən Ermənistanla əlaqələrini nəinki dayandırmayıb, əksinə, daha da inkişaf etdirib.

Elə bu günlərdə xəbər yayıldı ki, İran İslam Respublikası Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistana dəstəyini davam etdirir. İndi də Tehran İrəvana daha sərfəli qiymətlərlə təbii qaz verməyi hədəfləyib. Bu barədə məlumatı İranın iqtisadiyyat və maliyyə nazirinin müavini Robert Beglaryan verib. AzadlıqRadiosuna verdiyi müsahibədə Beglaryan qeyd edib ki, İranın Ermənistana təklif edəcəyi təbii qazın qiymətləri Moskvanın İrəvana satdığı qazın qiymətindən də sərfəli olacaq (Newscenter.az).

Bir neçə gün əvvəl isə Ermənistanın enerji naziri Tehranın Moskvadan sərfəli qiymətlər təklif etmədiyini bildirmişdi. Yaxın vaxtlarda Tehranla İrəvan arasında yeni qaz anlaşmasının rəsmiləşəcəyi nəzərdə tutulur. Ermənilərin də etiraf etdiyi kimi, “İran nəfəsliyi” Ermənistan üçün müstəsna əhəmiyyətə malikdir. Müsəlman qonşumuz isə hətta Azərbaycan rəhbərliyinin məscid dağıdan işğalçı ölkə ilə bağlı sonuncu çağırışına rəğmən, işğalçı ölkə ilə növbəti layihələrə imza atmağa hazırlıq görür.

Q.Həsənquliyev isə Tehranın hansı mövqedə dayanmasından asılı olmayaraq, rəsmi Bakının çağırışını vacib sayır: “İcra etmirlərsə, eybi yox, qoy etməsinlər. Ancaq o zaman biz də öz işimizi bilərik, İrandakı bizim azərbaycanlılar, bütün müsəlmanlar görsünlər ki, İran Kərküklə bağlı bu addımı atdı, amma Azərbaycana münasibətdə eyni mövqedən çıxış etmədi. Yəni bizim də torpaqlar işğal altında olduğu halda Tehran fərqli mövqedə dayandı. Həmçinin kənar təsirlər altına düşmüş dindarlar da real münasibəti görsünlər. İstənilən halda, mən düşünürəm ki, indiki şəraitdə belə bir müraciətin edilməsinə ehtiyac yaranıb, bunu etmək lazımdır. Həm də bu, Azərbaycanın daxilində siyasətin düzgün qurulmasına, Azərbaycan insanının bəzi məsələlərə ayıq gözlə baxmasına imkan yaradacaq. Məsələn, biz bilirik ki, İraq hökuməti Tehranın nəzarəti altındadır. Baxın, mətbuatdan oxuyuram ki, İraq hökuməti imamların 40 mərasimində iştirak etmək üçün Azərbaycandan 4 min insanı öz vəsaiti hesabına Kərbəlaya dəvət edib. İraqın hansı durumda olduğunu, orda necə iqtisadi çətinliklərin möbvcudluğunu hər kəs bilir. Amma belə bir şəraitdə 4 min insanın bütün nəqliyyat, qalmaq xərclərinin hamısını öz üzərinə götürür. Belə səfərlərin təşkilindən daha çox siyasi məqsədlər üçün istifadə olunur. Bir daha vurğulayıram ki, rəsmi Bakının Tehrana belə bir müraciətinin olacağı təqdirdə - mən əminəm ki, İran bu müraciətə ”yox" deyəcək - o zaman bu, Azərbaycan hökumətinin və siyasətçilərinin xalqla işləməsi, təbliğatın düzgün qurulmasına çox böyük imkan verəcək. Ona görə də belə bir müraciətin edilməsi son dərəcə zəruridir".