ABŞ prezidenti Donald Tramp seçkiqabağı təbliğat zamanı vəd etdiyi vergi islahatlarını reallaşdırmaq niyyətindədir. Bu islahatları nəzərdə tutan qanunun yaxın günlərdə səsvermə üçün Konqresə təqdim olunacağı gözlənilir.
Əksər beynəlxalq analitika mərkəzləri ABŞ-da Trampın vergi islahatlarına gedəcəyi təqdirdə bu ölkənin valyutası olan dolların möhkəmlənəcəyini proqnozlaşdırırlar. Buna islahatlar sayəsində ölkədə iqtisadi aktivliyin artması, ABŞ-a investisiya qoyuluşunu cəlbedici olması nəticəsində inkişaf etməkdə olan ölkələrdən kapital axınının başlanmasının səbəb olacağı bildirilir. Bundan əlavə, iqtisadi aktivliyin artması inflyasiyanı sürətləndirəcək ki, nəticədə Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini yüksəldəcək.
Qeyd edək ki, dolların möhkəmlənməsi avro məkanı üçün müsbət amil hesab olunur. Belə ki, 2017-ci ilin əvvəlindən başlayaraq dollar-avro nisbəti 2015-ci ildən bəri ilk dədə olaraq ikincinin xeyrinə maksimumu ötüb. Avropa Birliyinin vahid valyutasının dollar qarşısında möhkəmlənməsi ötən ilin ikinci yarısından etibarən iqtisadi tənəzzüldən çıxmağa başlayan, gözlənildiyindən daha yüksək iqtisadi artım nümayiş etdirən avrozona üçün arzuolunmaz prosesdir. İxraca köklənmiş Avropa iqtisadiyyatı baha avro səbəbindən itkilərə məruz qalır. Bu baxımdan, qoca qitə dolların bahalaşmasını səbirsizliklə gözləməkdədir.
Avro tədavülə buraxılanda onun tezliklə dolları ən azı öz məkanından - Avropadan sıxışdırıb çıxaracağı gözlənilirdi. Lakin illər keçdikcə məlum oldu ki, ABŞ valyutası dünyanın ən əsas pulu mövqeyini tərk etmək fikrində deyil. Avropanın avrosunu dollar qarşısında zəif edən hansı amillərdir? ABŞ niyə dolları ucuzlaşdırmağa çalışır?
Suallara cavab verən iqtisadçı-ekspert Samir Əliyev qeyd edir ki, bu ilin 9 ayında avro dollar qarşısında 12 faiz bahalaşıb: “2014-cü ilədək əsasən avro dollar nisbətən bahalaşırdı. Həmin ildən etibarən dünya bazarında neftin qiymətinin düşməsi ilə dollar möhkəmlənməyə başlayıb. Bu ilin əvvəlindən yenidən avro möhkəmlənir. Avrozona ölkələri 2000-ci illərin birinci onilliyində bahalı avrodan əziyyət çəkirdilər. Nəticədə Avropa Mərkəzi Bankı uçot dərəcəsini minimuma endirdi. Son vaxtlar əlavə pul çapı yolu ilə bahalaşmanın qarşısını almağa çalışırlar. Heç bir ölkə öz valyutasının bahalaşmasını istəmir, çünki bu, ixraca mənfi təsir göstərir. Avrozona əslində 2 böyük ölkənin iqtisadiyyatı üzərində qurulub - Almaniya və Fransa. Öz növbəsində hər iki ölkənin iqtisadiyyatı ixracyönümlü iqtisadiyyatdır. ABŞ isə daha çox idxalçı ölkədir. Bu baxımdan, valyutanın bahalaşmasına avrozona daha həssasdır, nəinki ABŞ”.

Ekspertin sözlərinə görə, son 3 ildə dolların bahalaşması ABŞ-ın tədiyə balansına mənfi təsir göstərib: “Buna görə də ABŞ hökuməti şis neftinin istehsalına icazə verilməsi yolu ilə neft idxalını azaltdı və tədiyə balansında vəziyyəti qismən də olsa öz xeyrinə dəyişə bildi. Amma ümumilikdə götürdükdə dolların bahalaşması 2008-2009-cu illər böhranının nəticələrini çətinliklə aradan qaldıraraq inkişafa başlayan Amerika iqtisadiyyatı üçün arzuolunmaz prosesdir. Buna görə də ABŞ hökuməti çalışır ki, dolların bahalaşmasının qarşısını alsın”.
S.Əliyev onu da bildirdi ki, neftin qiymətinin düşməsi, Amerikanın böhranın nəticələrindən qurtulması, Avropada yaranan problemlər investorların ABŞ-ın qiymətli kağızlarına investisiyalarını artırmalarına səbəb olub: “Avropadakı siyasi-iqtisadi böhranlar - Yunanıstan, Portuqaliyadakı durum, İspaniyada Kataloniya problemi, Brexitdən sonra Avropa Birliyinin parçalanacağına dair gözləntilər avronun məzənnəsinə xeyli dərəcədə mənfi təsir göstərir. Bu baxımdan, yaxın dövrdə avronun dollar qarşısında daha da zəifləyəcəyi gözləniləndir”.
Onu da qeyd edək ki, ABŞ prezidentinin addımları dünya iqtisadiyyatında qarışıqlığa, bazarların həyəcanlanmasına səbəb olur. Onun səhiyyədən sonra vergi islahatlarını da Konqresdən keçirməsi ilə bazarlardakı vəziyyətin daha da qarışacağı, xüsusilə avrozonada problemlərə yol açacağı proqnozlaşdırılır.
