|
Norveçin şimalında əvvəlcədən elan olunmamış hərbi təlimlərə başlanılıb

Oktyabrın 24-də Norveçin şimalında yerləşən Troms quberniyasında əvvəlcədən elan olunmamış hərbi təlimlərə başlanılıb.

Yerli KİV-lərin Norveç silahlı qüvvələrinin mətbuat xidmətinə istinadən yaydığı məlumatda bildirilir ki, həftənin sonuna qədər davam edəcək təlimlərdə krallığın quru qoşunları, milli qvardiyası və ehtiyata buraxılmış əsgər və zabitləri iştirak edir. İki minə yaxın hərbçinin cəlb olunduğu təlimlərdə əsgərlərin ekstremal şəraitdə vərdişləri, habelə komandanlığın qarşıya qoyduğu tapşırıqların çevik və operativ həll edilməsi kimi tapşırıqlar yerinə yetiriləcək.

Qeyd edək ki, Troms quberniyasının mərkəzi hissəsində keçirilən hərbi təlimlərdə ağır hərbi texnikanın istifadə olunması ilə əlaqədar burada yaşayan yerli əhaliyə ehtiyatlı olmaq tövsiyə olunub.