|
Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında  “Kralın divertismenti” baleti nümayiş etdiriləcək

Noyabrın 2-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Kralın divertismenti” baleti nümayiş etdiriləcək.

Səhnə əsərində Kral obrazını Timur Əsgərov canlandıracaq.

Maksim Petrovun quruluşunda təqdim olunacaq baletdə Jan-Filip Ramonun musiqisindən istifadə edilib. Baletin premyerası 2015-ci ildə Mariya Teatrında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.