Sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, sahibkarlıq obyektlərində yoxlamaların dayandırılması barədə iki il öncə verilən sərəncam bu ilin noyabr ayında qüvvədən düşür. Artıq komitənin iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik qəbul edilib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Xatırladaq ki, 2015-ci il “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi qəbul olunub. Qanun sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır və 4 maddədən ibarətdir. Sənəddə yoxlamaların dayandırılmasın noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulmuşdu.
Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
Lakin burada bir məqam da var ki, son iki ildə yoxlamaların dayandırılması keyfiyyətsiz ərzaq və dərman preparatlarının bazara ayaq açmasına səbəb oldu. Sahibkarların hüquqlarının qorunması istehlakçı hüquqlarının pozulmasına yol açdı. Bəs görəsən bu dəfə istehlakçıların hüququ necə qorunacaq? İstehsal olunan və ya idxal olunan məhsulların keyfiyyətinə nəzarət həyata keçiriləcəkmi?
“Yeni Müsavat”ın suallarını cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, yoxlamalar dayandırılsa da, ərzaq və əczaçılıq məhsullarının keyfiyyətinə nəzarət olunacaq: “Milli Məclisdə Komitənin iclasında bununla bağlı qərar qəbul elədik ki, 2017-ci ildən 2021-ci ilə qədər yoxlamalar dayandırılsın. Ancaq burada bir istisna da var. Son zamanlar qida məhsullarının və dərmanların keyfiyyəti ilə əlaqədar şikayətlər artmışdı. Həm qida məhsullarının, həm də dərmanların keyfiyyətində problem olduğu üçün bu iki maddəni qanuna salmışıq ki, vergi yoxlamalarından əlavə bu sahədə də yoxlamalar aparılsın. Artıq qanun qüvvəyə mindikdən sonra dərman preparatları və ərzaq məhsullarının istehsalı ilə məşğul olan şirkətlərdə yoxlamalar aparılacaq. Bu həm də əhalinin təhlükəsizliyini təmin etməkdən ötrüdür”.
Deputat dedi ki, son zamanlar apteklərdə saxta dərmanların satılması çox ciddi problem idi: “İstənilən dərman ölkəyə gətirilirdi, onların tərkibi yoxlanılmırdı. Qida məhsullarında da çox ciddi problemlər var idi. Xüsusən uşaq qidalarının tərkibi ilə bağlı şikayətlər olurdu. Ona görə də cənab prezident tərəfindən belə bir qərar bizə göndərildi və biz də onu qəbul etdik. Yəqin ki, Milli Məclisin növbəti iclasında təsdiqləyəcəyik”.
V.Əhmədov vurğuladı ki, bu qanun qəbul olunduqdan sonra sahibkarlıq obyektlərinə yalnız Vergilər Nazirliyi, bir də ərzaq məhsullarının keyfiyyəti ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi və ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirəcək: “Bu prezidentin və Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələlərdir. Bundan əlavə, yoxlamalar aparmaq üçün mütləq qanunauyğun olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək lazımdır. Hansısa təşkilat yoxlama aparmaq istəyirsə, qeydiyyatdan keçib sonra yoxlama aparmalıdır. Hesab edirəm ki, bu sahədə çox ciddi nəzarət olacaq. Vergi yoxlamaları da aydın məsələdir ki, olmalıdır. Çünki bu birbaşa dövlət büdcəsi ilə bağlı olan məsələdir. Bundan əlavə ola bilər ki, Səhiyyə Nazirliyi dərman preparatlarının keyfiyyəti ilə bağlı yoxlamaları həyata keçirsin”.
Deputat qeyd etdi ki, sahibkarlar vaxtlı-vaxtında vergi borclarını ödəməlidirlər: “Vergi sisteminin özündə müəyyən problemlər var. Bu da əsasən verginin faizi ilə bağlıdır. Məsələn, əlavə dəyər vergisi bizdə çox yüksək faizlə ifadə olunur. Digər vergilərin miqdarında problemlər var. Ona görə də sahibkarlara çətinlik yaranır. Ümumilikdə isə vergi sistemində yoxlamalar getməlidir. Onu aparmasaq, vergi ödəmələrində çox ciddi problemlər yaranar”.
V.Əhmədov hesab edir ki, bu qərarın daha 4 il uzadılması yoxlamaların müəyyən qədər qarşısını alacaq və sahibkarlar üçün münbit şərait yaradacaq: “ Sahibkarlığın inkişafına hər zaman mane olan təşkilatlar artıq yoxlamalar apara bilməyəcəklər. Ona görə də, sahibkarların vəziyyəti nisbətən yaxşılaşacaq. Lakin bir məqam var ki, ərzaq və dərman məhsulları ilə əlaqədar problem olmasaydı, sahibkarlar onun keyfiyyətinə nəzarət etsəydi, sözügedən qurumların yoxlamalarına da ehtiyac qalmazdı. Azərbaycana o qədər keyfiyyətsiz ərzaq və dərman idxal olunur ki, cənab prezident məcbur oldu ki, bu nüansı da əlavə etsin. Sahibkarlar da gələcəkdə çalışmalıdırlar ki, keyfiyyət problemi olmasın”.
