Məlum olduğu kimi, manatın iki dəfə kəskin devalvasiyaya uğramasından sonra bank sektorunda problemli kreditlərin həcmi artmağa başladı. Bununla paralel olaraq Azərbaycanda borclulara təzyiq edilməsinə, hədə-qorxulara, hətta həbslərə belə start verildi. Azərbaycan borcunu ödəmək imkanı olmadığına görə vətəndaşın həbs edildiyi yeganə Avropa ölkəsi kimi tarixə düşdü. Halbuki həm yerli qanunvericiliyə, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə, borcunu ödəyə bilmədiyinə görə vətəndaşın həbsi yolverilməzdir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov təəssüflə qeyd etdi ki, Azərbaycanda borcunu ödəyə bilməyənlərin həbsi üzrə statistika yoxdur: “Əksər hallarda həbs olunan vətəndaşlarımız bu barədə şikayət etməkdə fayda görmürlər . Xüsusən də regionlarımızda bankların, icra məmurlarının və məhkəmələrin bu sahədə özbaşınalığı böyükdür. Bu həbslər əsasən 2015-ci ilin sonunda başlanıb, yəni ilk devalvasiyadan sonra. Borcunu ödəyə bilməyənin həbsi qanunvericiliyimizlə nəzərdə tutulmayıb. Həmçinin Avropa İnsan Haqları Konvensiyasının 4-cü Protokolunun ”Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması" adlanan 1-ci maddəsində birbaşa deyilir: “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. Məlum olduğu kimi, Azərbaycan həmin Konvensiyaya və onun sözügedən Protokoluna 2001-ci ildən qoşulub".
Hüquqşünas qeyd etdi ki, hazırda borca görə həbs olunan 3 nəfərin işini Avropa Məhkəməsinə göndərib: “Mənə ilk müraciət ötən ilin mart ayında olmuşdu. ”Rabitəbank" qarşısında zamin olan Vahid Kərimov Səbayel Rayon Məhkəməsi tərəfindən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdi. Təsəvvür edirsiniz, borclu özü kənarda qala-qala zamini həbs etmişdilər, özü də işsiz, əmlaksız və gəlirsiz şəxsi başqasının 7255,7 manat borcuna görə. Bakı Apelyasiya Məhkəməsi də verdiyim şikayəti təmin etmədi. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim. İkinci iş ötən ilin iyun ayında oldu. Digər vətəndaşa 31300 manat borcu olan Mahir Abbasov Göygöl Rayon Məhkəməsi tərəfindən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdi. Gəncə Apelyasiya Məhkəməsi bu iş üzrə də verdiyimiz şikayəti təmin etmədi. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim. Lakin bu iş bununla bitməyib. Mahir Abbasova qarşı sonradan cinayət işi də açılıb. Göygöl Rayon Məhkəməsinin 5 iyun 2017-ci il tarixli hökmü ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 3 avqust 2017-ci il tarixli qərarı ilə isə müddət 1 ilədək uzadılmışdır. Bu iş üzrə kasasiya şikayəti verəcəyik.
Üçüncü iş ötən ilin avqust ayında oldu. “Unibank”a 3300,75 manat borcu olan Mübariz Bayramov Nərimanov Rayon Məhkəməsi tərəfindən 5 gün müddətinə inzibati qaydada həbs edilmişdi. Maraqlısı budur ki, bundan bir neçə ay əvvəl bankın nümayəndəsi Bayramova borca görə böyrəyini satmağı təklif etmişdi. Bayramov çox ağır şəraitdə yaşayan işsiz bir adamdır. Bakı Apelyasiya Məhkəməsi bu iş üzrə də verdiyim şikayəti təmin etmədi. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim".
Ekspertin sözlərinə görə, həbs olunan borcluların sayına görə statistika elə də böyük deyil, lakin bu faktın özü vətəndaşları qorxutmağa yetir: “Bütövlükdə borcluların sayını nəzərə alsaq, həbslərin sayı azdır. İldə maksimum 50 nəfərdir. Amma bunun qorxuducu effekti böyükdür. Bununla bütün borclulara mesaj göndərirlər ki, bax, görürsünüzmü, sizi də həbs edə bilərik. Niyə belə edirlər? Məlum olduğu kimi, vətəndaşların evi və digər həyat üçün zəruri əmlakı toxunulmazdır. Onları dolayısı ilə məcbur edirlər ki, evini satsın, qohum-qonşudan borc yığmağa başlasın ki, həbs olunmasın. Həbs mexanizmi də çox sadədir. Kreditor (bank, sələmçi) gəlir icra məmurunun yanına və onu azərbaycansayağı maraqlandırır ki, borclunun həbsi barədə məhkəməyə təqdimat versin. İcra məmuru də təqdimatı verir. Hakimlərin əksəriyyəti belə həbslər barədə qərar verməkdən imtina edir deyə, belə işləri hər şeyə hazır olan hakimlərə tapşırırlar. Onlar da qanunu, vicdanı və s. qoyur kənarda və borcunu ödəyə bilməyən insanı həbs edir”.

Ə.Həsənovun sözlərinə görə, bu faktlar Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının başlıca prinsiplərinin pozulması deməkdir: “Avropa Məhkəməsinə şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (”Ədalətli məhkəmə araşdırması hüququ") və 4-cü Protokolunun 1-ci maddəsinin (“Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”) pozulduğunu iddia edirəm. 3 şikayətim faktiki bir icraatda birləşdirilib. Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm. Beləliklə, yəqin ki, artıq gələn il Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edəcək. Pozuntunun açıq-aşkar olduğunu nəzərə alaraq, böyük ehtimalla şikayətlərimiz təmin olunacaq və dövlətimiz borca görə həbs etdiyi vətəndaşlarımıza kompensasiya ödəməli olacaq".
