|
“Fermer özü müəyyənləşdirməlidir ki, hansı məhsul onun üçün gəlirlidir” - ekspert

Hazırda qeyri-neft sektorunda ən çox ümid bəslənən sahə kənd təsərrüfatıdır. Hökumət aqrar sahənin inkişafına dəstək verməklə həm bu məhsullarla bağlı daxili tələbatı ödəyib, idxaldan asılılığı azaltmağa çalışır, həm də ixrac potensialını artırmağı hədəfləyir. Bu, fermerlər üçün də böyük fürsətdir.  Kənd təsərrüfatına diqqətin artdığı, kəndlilərə subsidiyaların verildiyi hazırkı dövrdə əkin-biçinə maraq da artıb. Bu, həm də regionlardakı işsizliyin qismən həllini tapmasına səbəb olub.

Lakin hazırda aqrar sektorun əsas problemlərindən biri odur ki, fermerlərin hansı məhsulu istehsal etməsinə dövlət məmurları da müdaxilə edir. Məsələn , uzun illər pomidor, xiyar kimi tərəvəz məhsulları əkib satan fermerə pambıq əkmək əmr olunur. Bu isə fermer təsərrüfatlarını zəiflətməklə yanaşı, əkinə marağı da azaldır.

Bəs görəsən, hazırda Azərbaycanın kənd təsərrüfatı sektorunda ən çox gəlir gətirən məhsul hansıdır? Fermerlər hansı məhsulun istehsalına üstünlük versələr daha qazanclı çıxa bilərlər?

Image result for Vüqar Bayramov

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki,  Azərbaycan  kəndlisi, fermeri  daha çox ixrac imkanları olan məhsullardan qazanc əldə edə bilər: “Azərbaycanın daxili bazarı elə də böyük deyil və daxili bazardakı tələblə fermerlər gəlirlərini elə də artıra bilmirlər. Eyni zamanda daxili bazara məhsul çıxaran fermerlərin sayı çoxdur. Ancaq xarici bazar, xüsusən də indiki halda Rusiya bazarı çox vacibdir. Hazırda Rusiya  bazarında Azərbaycanın tərəvəz məhsulları çox satılır. Bu ölkənın bazarında Azərbaycanda yetişdirilən tərəvəz məhsullarının müqayisəli üstünlüyü var. Fermerlərimiz çalışır ki, Rusiya bazarına daha çox məhsul çıxara bilsin. Rusiya bazarlarında meyvə-tərəvəzə tələbat böyük olduğu üçün Azərbaycan fermerləri üçün bu tərəvəz məhsullarının istehsalı daha çox gəlir gətirə bilər. Rusiya bazarında pomidor, xiyar, göyərti kimi məhsullarımız özünə yer tapıb. Bu baxımdan, tərəvəzçilik fermerlər üçün praktik olaraq gəlir imkanı yaradır. Bildiyiniz kimi, pomidor ən çox ixrac edilən  məhsuldur, əsasən Rusiya bazarına çıxarılır”.

V.Bayramovun sözlərinə görə,  burada bir problem var ki, həmin məhsulların ixracında Azərbaycan Rusiya bazarından birmənalı şəkildə asılıdır: “Gələcəkdə Rusiya həmin məhsulların idxalına qadağalar qoyarsa, yeni qaydalar tətbiq edərsə, o  zaman bizim fermerlər gəlirdən məhrum ola bilər. Bu baxımdan, fermer təsərrüfatlarının yeni bazarlara çıxış imkanlarının yaradılmasına ehtiyac var. Bu daha dayanıqlı şəkildə fermerlərin gəlir əldə etməsinə imkan  yarada bilər. Meyvəçilik də  gəlirli sahələrdən biridir. Həm daxili bazarda meyvəyə tələbat böyükdür, həm də bu məhsullara xarici bazarda yüksək tələbat var, xüsusən də nar və xurmaya... Bu da fermerlər üçün gəlir əldə etmək imkanı yaradan sahələrdən biridir”.

İqtisadçının sözlərinə görə, hazırda ən böyük risk bu gün  bazarların şaxələnməməsi, yəni diversifikasiya olunmamasıdır: “Bazarların diversifikasiya olunmaması fermerlərimizin  Rusiyadan asılı olmasına  gətirib çıxarır. Rusiya isə elə bir ölkədir ki, tez-tez qaydaları dəyişir, Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun olmayan idxal və gömrük siyasəti həyata keçirən bir ölkədir. Azərbaycan ÜTT-nin üzvü deyil, ancaq bu amillər fermerlərimizin idxal-ixrac əməliyyatlarına risk yaradır. Bir bazardan asılılığın aradan qaldırılması uzunmüddətli dövr üçün fermerlərin gəlirliliyinə təsir göstərir. Bizim gəlirli olduğunu  qeyd etdiyimiz məhsullar belə orta və ya uzunmüddətli dövr üçün dayanıqlı gəlir gətirməyə bilər”.

Ekspert  onu da vurğuladı ki, kənd təsərrüfatında istehsalın inzibati qaydada müəyyənləşdirilməsi doğru deyil:“Fermer özü müəyyənləşdirməlidir ki, hansı məhsul onun üçün gəlirlidir. Təbii ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları fermerə hansısa məhsulun istehsalını təklif edə bilərlər, ancaq fermeri hansısa məhsulu istehsal etməyə məcbur etmək olmaz. Dövlət qurumları bölgələr üzrə hansısa məhsulların istehsalı ilə bağlı təkliflərlə çıxış edə bilərlər. Eyni zamanda əsaslandırmalıdırlar ki, bu məhsulun istehsalı nə qədər gəlir gətirə bilər. Ancaq qərarı fermer özü verməlidir və özü müəyyən etməlidir ki, o, hansı məhsulu istehsal etməkdə maraqlıdır”.

Vüqar Bayramov qeyd etdi ki, gəlir gətirən sahələrdən biri kimi pambıqçılığı da qeyd etmək olar, çünki pambıq strateji məhsuldur: “Bu baxımdan, onun ixrac imkanları genişdir, o  cümlədən daxili bazarda da tələb yüksəkdir. Lakin pambıqçılıqda elektronlaşma çox vacibdir.  Daha  çox pambıq istehsal edən ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, həmin  ölkələrdə yığım  texnologiya vasitəsilə həyata keçirilir. Ancaq nəticədə yığımın innovativ yolla həyata keçirilməsi həm pambığın sahələrdə qalmasının qarşısını alır, həm də xərcləri azaldır. Nəticədə əl əməyindən  daha az istifadə olunmasına gətirib çıxarır. Sözsüz ki, pambıqçılıq məşğulluq baxımından da vacibdir. Daha çox vətəndaşın  işlə təmin olunmasına səbəb olur. Ancaq bütün hallarda burada innovativ metodlardan istifadə çox vacibdir. Pambıqçılığın inkişafı həm də yüngül sənayenin  inkişafına təkan vermiş olacaq. Ancaq bu sahədə əl əməyinin azaldılmasına ehtiyac var ki, gəlirlilik baxımından da rentabelli olsun”.

Qeyd edək ki, 2016-2017-ci illər ərzində Azərbaycandan 243 milyon 755 min dollar  həcmində meyvələr, sitrus bitkiləri və qoz-fındıq ixrac olunub. 129 milyon 30 min dollar həcmində isə tərəvəz, 62 milyon dollar həcmində şəkər və şəkər məmulatları, 6 milyon dollarlıq çay, ədviyyat və sair  xarici bazarlara çıxarılıb. Pambıq ixracından əldə olunan vəsait isə 24 milyon dollardan çox olub. Görünən odur ki, xarici bazarlarda ən çox tələbat olan məhsullar məhz meyvə-tərəvəzdir. Lakin bu qazancın artırılması üçün əlavə bazarların tapılmasına ehtiyac var.