Mətbuatın “Lamiyə işi”nə xüsusi diqqət sərgiləməsinə münasibət birmənalı deyil.
Məsələnin gündəmə gəlməsinin real əsaslarının olduğunu qeyd edənlərlə yanaşı bunun əksini söyləyənlər də tapılır. Belə fikirlər də var ki, Aslan Aslanov vəzifədə olarkən hakimiyyətdə dərin kök sala bilib. Bu gün də Azərbaycan hakimiyyətində onun çoxsaylı dost-tanışı, biznes münasibətlərində olduğu şəxslər var.
Sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi olan Aslan Aslanov Şəmkirin icra başçısı, daha sonra kənd təsərrüfatı nazirinin müavini olduğu dövrdə faktiki olaraq ordunun “nəzarətçisi” kimi tanınırdı. A.Aslanov tutduğu vəzifəyə uyğun olaraq gündəlik olaraq Kənd Təsərrüfatı Nazirliyinə də hər gün getmirdi. Onun Müdafiə Nazirliyində ayrıca kabinetinin olması da heç kimə sirr deyildi. Ordunun qida təminatı ilə bağlı elan edilən tenderlərdə iştirak etmək istəyənlər qeyri-rəsmi olaraq A.Aslanovdan razılıq almalı olurdular. Bu gün A.Aslanovu mətbuatdan müdafiə etmək kimi cəhdlərə baş vuranlar arasında vaxtilə Müdafiə Nazirliyinin tenderlərində qalib gəlmişlər də var.
A.Aslanovun Müdafiə Nazirliyində “nəzarətçi” olması illər əvvəldən mətbuatda tirajlanıb. Sabiq nazir müavininin ordu üçün kimlərdən makarondan tutmuş ət məhsullarına qədər ərzaqlar aldığı da bəllidir. Qayıdaq məhkum L.Quliyevanın 4 saylı cəzaçəkmə müəssisəsində ana olması və məsələnin gündəmə gəlməsi məsələsinə.
Milli Məclisin vitse-spikeri Bahar Muradova hesab edir ki, mətbuat “Lamiyə işi”nə bunca diqqət ayırmamalıdır.
Vitse-spiker azvision.az-a açıqlamasında deyib ki, bu, milli-mənəvi dəyərlərə ziddir. Sitat: “Azərbaycanın milli-mənəvi dəyərləri, hər zaman vurğuladığımız mentaliteti bir sıra məsələlərin ətrafında belə çılpaqlığı ilə və çirkincəsinə aparılan müzakirələri qəbul etmir. Mən bütün bunlara məhz mənəvi dəyərlərimizin gözündən yanaşmağı lazım bilirəm. Müvafiq orqanlara da öz fəaliyyətlərini həyata keçirməyə imkan versinlər. Mətbuatı və bu məsələdə öz maraqlarını müdafiə edənləri bir az azərbaycançı və vətənpərvər olmağa çağırıram”
Millət vəkili Zahid Oruc isə tamamilə əksini düşünür. O, qafqazinfo.az-a deyib ki, hamı qəbul etməlidir ki, uşaq həbsxanada böyüməz.
Sitat: “Lamiyə Quliyevanın həbsə cinayətkar kimi daxil olsa da, oradan qurban kimi çıxması Aslan Aslanovun yaxın ətrafının onun qəzəb və imkanlarından yalnız intiqam naminə istifadəsinin nəticəsidir. Heç kəs ölümə haqq qazandıra bilməz. Lakin hamımız övlad böyüdərkən onun üzərində nəzarət anını itirməyimizin necə böyük fəsadlara yol açıdığını da nəzərə almalıyıq”.
Z.Oruc L.Quliyevanın qısa bir zamanda azad edilməsinin vacib olduğunu da vurğulayıb. O vurğulayıb ki, Azərbaycan dövlətinin mərhəməti və iradəsi Aslanovun övlad itkisi üzərindən yaşadığı 12 illik qəzəb, ağrı və kədərə qalib gəlməyə qadirdir.
Bəs kənar müşahidəçilər nə deyir? Mətbuat bu məsələdən yazmalıdırmı, yoxsa vitse-spikerin dediyi kimi, milli mentalitet məsələsini əsas götürüb işə bunca diqqət ayırmamalıdır?
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu məsələyə insan hüquqları aspektindən yanaşma tərəfdarı olduğunu açıqladı: “Bu məsələdə bir cinayətə görə az qala 2 ailədən 10-dan artıq insan həbs olunub, şərlənib, böhtanla üz-üzə qalıb. Bir ev dağıdılıb. Son dərəcə qan düşmənçiliyi aparılıb”.
Ə.Oruclu deyir ki, heç bir vətəndaş, hətta ən ağır cinayətə görə bu qədər təzyiqə məruz qala bilməz: “Məsələnin hüquqi tərəfi bundan ibarətdir ki, əgər ölkədə icra başçısı səviyyəsində olan bir məmur məhkəmə hakimiyyəti orqanlarına bu qədər ciddi təsirə malikdirsə, bu, Azərbaycanda hüquq sisteminin acınacaqlı vəziyyətdə olmasından xəbər verir. Bu iş real durumu əks etdirən bir faktdır. Bu işi gizlətməyə çalışmaq, bunu mətbuatın ayağına yazmaq ki, mətbuat bundan ajiotaj düzəldir, bu, reallığı danmaq yolu tutmaqdır. Reallıq çox acınacaqlıdır. Mən bu şəkildə təzyiqlərə məruz qalmağı heç düşmənimə də arzulamıram. Hesab edirəm ki, mətbuat bu məsələni diqqətdə saxlamaqda çox haqlıdır. Mətbuat real nəticələr ortaya çıxmayınca yazmaqda davam etməli, məsələni diqqətdə saxlamalıdır”.
Ə.Oruclu söz və ifadə azadlığına qarşı milli mentalitet adı altında spekulyasiyaların mətbuatın susdurulmasına hesablandığını qeyd etdi: “Məgər o gənc qıza qarşı törədilmiş cinayət milli mentalitetə uyğun cinayətdir? Heç olmasa bundan utansınlar və mentalitet sözünü bura soxuşdurmasınlar!”
Ə.Oruclu hər bir halda hər 2 ailəyə qarşı törədilmiş cinayətlərin araşdırılmasının vacib olduğunu vurğuladı: “Araşdırıb fakt ortaya qoymalıdırlar. Törədilən cinayət müqabilində özü, nişanlısı və hər 2 tərəfin ailələri təqib, təzyiq, həbslərə məruz qalıblar, özbaşınalıqlarla üzləşiblər. Bunun səbəbkarı araşdırılıb tapılmalı və qanun qarşısında cavab verməsi təmin olunmalıdır”.
Ə.Oruclu son hadisənin L.Quliyeva və yaxınlarına qarşı baş verənlərin son nöqtəsi olduğunu da nəzərə çatdırdı: “Ona görə də cəmiyyətdə son dərəcə effekt doğurdu. Halbuki mətbuat bu hadislər haqda dəfələrlə yazmışdı və yazılanlara lazımi səviyyədə diqqət ayrılmamışdı. Son hadisə tamamilə yeni situasiya yaradıb. Çünki bu gün də məlum deyil ki, bir qadın məhkum həbsxanada necə olub ki, uşaq dünyaya gətirib. Özü bir söz, Ombudsman Aparatı nümayəndələri bir başqa söz deyir. Araşdırma aparmalı və uşağın atasının kimliyi də ortaya qoyulmalıdır”.
Sonda qeyd edək ki, fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Saat 12:30-a təyin edilən iclas açıq elan olunub. Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan məhkəmə hökmünün ağırlığına görə apelyasiya protesti və müddətinin bərpa olunması üçün vəsatət verib. Fevralın 3-də verilən vəsatətə bir gün sonra 4 saylı cəzaçəkmə müəssisəsində Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Apelyasiya müddətinin bərpa olunması ilə bağlı vəsatət təmin edilib. Protestin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub. (musavat.com)
