|
Rusiyanı Ermənistandan necə uzaqlaşdıra bilərik?

Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində daim təcavüzkar ölkənin yanında olduğu sirr deyil. Kreml bunu gizlətmir, açıq şəkildə bəyan edir. Rəsmi Bakının Qərblə Rusiya arasında heç zaman fərq qoymamasının, balanslı siyasət aparmasının fonunda şimal qonşumuzun məlum mövqeyi ölkə daxilində qıcıq oyatmaya bilməz.

Bəs necə etmək olar ki, Rusiya Ermənistanın deyil, Azərbaycanın tərəfini tutsun? Bu mümkündürmü?

Politoloq, deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın hazırkı xarici siyasət kursunun alternativinin olmadığını bildirdi: “Ulu öndərin əsasını qoyduğu balanslı, tarazlaşdırılmış xarici siyasət kursunun bu gün alternativi yoxdur. Həmin siyasət davam etdirilməlidir və cənab prezident də bu siyasəti davam etdirir. Əgər bu gün Ermənistanda sosioloji sorğu aparılsa ki, erməni xalqı Rusiyanın region siyasətindən yaxud Kremlin Ermənistanla bağlı yürütdüyü siyasətdən razıdırmı, tamamilə əks mənzərənin şahidi olacağıq. Ermənistanda artıq dövlət başçısı səviyyəsində qeyd olunur ki, Rusiya bir yandan Ermənistanın müttəfiqi olduğunu deyir, digər tərəfdən də Azərbaycanla müttəfiqlik edir, ən müasir silahları satır. Nəticədə də Azərbaycan ordusunun gücləndiyi qeyd olunur, bunun da Ermənistanın maraqlarına tamamilə zidd olduğu vurğulanır. Ermənistanın özündə bu tipli yanaşmalar var. Hətta yadımdadır ki, aprel döyüşlərindən sonra Ermənistan prezidentinin Almaniyaya səfəri olmuşdu. Orada erməni rəhbəri alman kanslerinə şikayət edirdi ki, Rusiya Azərbaycana ən müasir silahları satıb. Bu məsələləri birmənalı şəkildə söyləmək ki, Rusiya birbaşa ermənipərəst mövqe sərgiləyir, hər zaman düşmən ölkənin yanındadır, tam Azərbaycan əleyhinə fəaliyyət göstərir, bu düzgün yanaşma olmazdı. Əgər biz balanslı siyasəti dayandırsaq, Rusiya deyil, yalnız və yalnız Qərbyönlü siyasət yürütsək, Ermənistanı müdafiə edir deyə onunla münasibətləri dayandırsaq, bu bizim üçün nə vəd edə bilər? Bu sualla bağlı onu qeyd edə bilərəm ki, bunun bizim üçün yalnız ziyanı ola bilər.

Image result for Politoloq, deputat Elman Nəsirov

Ən azından əlimizdə müqayisə imkanları var. Gürcüstan birmənalı şəkildə Qərbyönlü siyasət aparır, Kremllə münasibətləri kifayət qədər gərgindir. Bunun əvəzi olaraq, həmin Qərb sizcə Cənubi Osetiya və Abxaziya probleminin Gürcüstanın xeyrinə olması ilə bağlı hansı addımları atıb? Yalnız ən yaxşı halda bəyanatlar verib. Bu istiqamətdə heç bir konkret addım olmayıb. Təsadüfi deyil ki, Azərbaycan yeritdiyi balanslı siyasət nəticəsində bu günləri Dağlıq Qarabağdakı qondarma rejimi nəinki dünyada heç bir dövlət yaxud təşkilat tanımır, hətta münaqişəni törədən Ermənistanın özü belə tanımağa cürət etmir. Yaxşı bilirlər ki, bunun hansı fəsadları ola bilər. Təsəvvür edin ki, Rusiya ilə münasibətləri dayandırıb, balanslı siyasətdən imtina edirik, birmənalı şəkildə Qərbmeylli siyasətə keçirik, o zaman təkcə bir cümlə işlədərlər ki, hadisələrin gedişinə görə bütün məsuliyyət Azərbaycanın üzərinə düşəcək. Nəticədə Cənubi Osetiya və Abxaziyadakı vəziyyətlə üz-üzə qalmaq olar. Gürcüstan məhz bu yolu getdiyindən Cənubi Osetiya və Abxaziyanı dünyada bir neçə dövlət tanıyıb. Bu günkü reallıqlarda balanslı siyasətin tükənməsi, bu siyasətdən imtina etmək kimi fikirlər həqiqəti əks etdirmir. Balanslı siyasətin davam etdirilməsi ən düzgün siyasətdir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabər səviyyədə dayana bilirsə, bu balanslı siyasətin nəticəsidir. Bunların nəticəsidir ki, Amerika və Rusiyanın baş qərargah rəisləri Bakıda görüşürlər. Eyni zamanda, NATO-nun hərbi qüvvələrinin generalı Rusiya generalı ilə Bakıda görüşdü. Bütün bunlar Azərbaycanın mövqelərinin gücləndiyini göstərir”.

Image result for Əhəd Məmmədli musavat.com

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Azərbaycanın Rusiyanı yanına çəkmək üçün qarşısında mümkünsüz imkanlarının olduğunu söylədi: “Ərdoğanla Putin arasındakı məlum görüşündən sonra Rusiya dövlət telekanalının birində iştirakçılar və aparıcı bəh-bəhlə Türkiyəni bölməyə, İstanbulu almağa başladılar. və s. Bunları ona görə dedim ki, Türkiyə-Rusiya münasibətlərinin ən yaxşı dövründə də, ruslar Türkiyə üzərində xain planlar qururlar. Deyə bilərsiz ki, bu bir verilişdir. Amma söhbət dövlət telekanalının verilişindən gedir. Məsələn, indiki halda Türkiyə dövlət telekanalında Rusiyanın bölünməsi, işğal olunması haqda verilişlər gedə bilməz. Yəni rusların başına qızıl tac da qoysaq onlar bizə inanmayacaq. Türkiyə-Azərbaycan bir tərəfdə, Ermənistan digər tərəfdə olsa belə, Rusiya yenə Ermənistanı seçəcək. Azərbaycan Rusiyanı öz tərəfinə çəkmək üçün gərək neft kontraktlarından tutmuş, Avrasiya İttifaqı daxil olmaqla Rusiyanın yanında olmalı, Azərbaycanda Rusiyanın hərbi bazasının yerləşdirilməsinə razı olmalıdır. Bəlkə bu şərtlərlə Rusiya Azərbaycana razılığını versin ki , torpaqlarını qaytarsın. Azərbaycan tərəfindən dediklərimin tam şəkildə yerinə yetirilməsi isə ən azı indi mümkünsüzdür. Ona görə Rusiyanı öz tərəfimizə çəkməkdənsə, öz tərəfimizdə olan Türkiyə və Pakistanla siyasi - hərbi İttifaq qurmalıyıq. Balanslı siyasət status-kvonu, sabitliyi təmin edir lakin Qarabağı almır, almayacaq da. Biz Qərbi seçsək də, Qarabağı qaytara bilməyəcəyik. Əks təqdirdə Ukrayna, Moldova, Gürcüstan ərazi bütövlüyünə qovuşardılar. Azərbaycan Türkiyə və Pakistanla hərbi sahəsini genişləndirməli, İranı öz tərəfinə çəkməyi bacarmalı, ərəb sərmayəsini cəlb etməlidir. Şimal və Qərb sərhədlərinin təhlükəsizliyini Türkiyə ilə bir yerdə təmin etməliyik. Ancaq belə olan halda ərazi bütövlüyümüzü təmin edə bilərik”.