Hərbi ekspertlərin fikrincə, Azərbaycan Belarusdan “Polonez” uzunmənzilli reaktiv yaylım atəş sistemi almaq istəyir. Azərbaycanın Belarusda səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov da səfəri zamanı məhz “Polonez”ə baxış keçirib.
Bundan əvvəl də Azərbaycanın “Polonez” kompleksinin sifarişçisi olduğu bildirilirdi. “Polonez” in ilk xarici nümayişi də ölkəmizdə olub. Uzunmənzilli reaktiv yaylım atəş sistemi keçən il ölkəmizdə keçirilən “ADEX-2016" sərgisində nümayiş etdirilib. Bundan sonra Belarus tərəfi Azərbaycanla ”Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb.
“Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil.
Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.
Həmçinin Belarus və xarici mənbələr “Polonez”i Rusiyanın “İsgəndər” raketinə əsas rəqib göstərirlər.
Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, Belarusla Azərbaycan arasındakı münasibətlər böyük regional əhəmiyyətə malikdir:

“Bu, gerçəkdən də Ermənistanın maraqlarına ciddi zərbədir. Keçmişdə bütün bu proseslər yalnız siyasi müstəvidə olduğundan onu əsl önəmi hiss olunmaya bilərdi. Hərçənd regional prosesləri izləyən ekspertlər bunu da bir amil kimi qiymətləndirirdilər. Ancaq aprel döyüşləri zamanı Ermənistanın ən çox gözlədiyi yerdən vurulması da müharibənin nəticələrindən birinə çevrildi. Kollektiv Təhlükəsizlik Müqaviləsinin kollektiv təhlükə mənbəyinə çevrilməsi İrəvan üçün ağır nəticə idi. Onlar Belarusdan bunları gözləmirdilər. Hesab edirdilər ki, dövlətlərin siyasəti yalnız prezident İlham Əliyevlə ötən illər ərzində formalaşmış şəxsi münasibətlər kontekstində yürüyür. Bunun kənarında hərbi müttəfiqlik və siyasi himayədarlıq gözlənilmirdi. Belarus rəhbərliyi isə açıq şəkildə Azərbaycanın haqq işini müdafiə etdi. Bu gün ”Polonez" sisteminlərinin və ya başqa hava hücumundan müdafiə qurğularının alınması məsələsi bəlkə də bir qədər yayğın informasiyadır. Ümumiyyətlə, “İsgəndər” raketi ətrafındakı spekulyasiyalara diqqət edirəm ki, daxildəki qüvvələr də bir qədər buna tabe olublar. Ermənistan avantürası sanki beyinlərdə yer edib. Unutmaq lazım deyil ki, bu cür strateji silahlarla Ermənistan-Azərbaycan arasındakı müharibənin aparılacağını düşünmək yolverilməzdir. Ona görə ki, bu, bölgədə bütün dövlətlərə, transmilli kooperasiyalara qarşı müharibə demək olar. Yəni “İsgəndər” raketinin kölgəsinə sığınıb dövlət qurmaq olmaz. Azərbaycan əleyhinə gündəlik müharibədə ondan yararlanmaq qeyri-mümkündür. Faktiki olaraq bu raket Azərbaycanın hərbi siyasətində heç bir dəyişiklik yaratmayıb".
Deputat bildirib ki, bütövlükdə coğrafiyamızı hava sistemlərindən qorumalıyıq:
“Bu da başqa bir mövzudur. Məlumdur ki, Zakir Həsənovun dövlət başçısının tapşırığı ilə Belarusa getməsi ilk növbədə MDB formatında, Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində olan ölkələrdən birinin müttəfiq kimi bizim ölkəmizi qorumasının davam etməsi niyyətidir. Bu, bəlkə də bir çox silahlardan qat-qat güclüdür. Ancaq digər tərəfdən də bildiyimiz kimi, həqiqətən də Aleksandr Lukaşenko ona Qərbdə olan münasibətlərə baxmayaraq, Rusiya ilə ittifaq müqaviləsi çərçivəsində bu illər ərzində özünün hərbi imkanlarını həddindən artıq genişləndirib. Belarus silahları bu gün beynəlxalq bazarda satılır və ona tələbat var. Eyni zamanda özünün texniki xarakteristikasına görə kifayət qədər də güclüdür. Bizim coğrafiyamız üçün də bu, çox yararlıdır. Ona görə də hesab edirəm ki, Azərbaycan müdafiə nazirinin səfəri bəlkə də ictimaiyyətə yansıyan mənzərənin arxasında olan daha başqa planlardan ötrüdür. Hətta ehtimal edirəm ki, hərbi münasibətlər davam etməkdədir. Bunu erməni mediası belə təqdim edir ki, guya biz beynəlxalq bazardakı de-faktolar altındayıq. Guya Avropa Birliyi və digərləri bizə silah satmadığı üçün üzümüzü keçmiş tərəfdaşlarımıza çevirmişik. Qoy elə belə də düşünsünlər. Ən önəmli məsələ budur ki, rəsmi siyasi dairələr Ermənistanda Belarusun əleyhinə çox kəskin mövqedədirlər. Bunun özü nəticədir. Xarici siyasət belə qurulmalıdır. Nə qədər çox tərəfdaş dövlətlər tapırsansa, avtomatik olaraq bu, düşmənin əleyhinə yönəlir. Ona görə də hansı çeşiddə silahların alınmasında məlumatsızam. İstəmirəm bunu ümumi zərurətdə əsaslandırım. Bütün hallarda bu, qətiyyən ”İsgəndər" raketinin qorxusu, təhlükəsi qarşısında atılan addımlar deyil".
