|
MDB liderləri bu gün korrupsiya pullarına görə Soçiyə toplaşır

Bu gün - oktyabrın 11-də Soçidə MDB dövlət başçılarının sammiti başlayır. Rusiya bu il MDB-yə sədrlik etdiyi üçün adıçəkilən kurort şəhəri sammitin keçiriləcəyi yerə çevrilib. İlin yekunu olaraq MDB sədri kimi Putin keçmiş ittifaq ölkələri arasında inteqrasiya proseslərinin möhkəmlənməsi ilə bağlı çıxış edəcək.

 Sammitin proqramında korrupsiya, terrorizm, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması və s. məsələlər üzrə 19 sənədin imzalanması da gözlənilir. Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov imzalanacaq sənədlərin texniki xarakter daşıdığını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

“RİA Novosti”nin verdiyi məlumata görə, görüşlər oktyabrın 11-də Soçidə MDB ölkələri rəhbərlərinin Şurası və Avrasiya İqtisadi Ali Şurası çərçivəsində baş tutacaq. Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəyini təsdiqləyiblər.

Image result for putin MDB

Qırğızıstana gəldikdə isə, bu ölkə toplantıda baş nazir səviyyəsində təmsil olunacaq. Çünki ölkə prezidenti Almazbek Atambayev prezident seçkilərinə hazırlıqla məşğuldur. Ukraynanın MDB-yə üzvlüyü ilə bağlı məsələ isə qeyri-müəyyəndir. Hesab olunuir ki, Ukrayna formal olaraq MDB-dən ayrılmaq üçün müraciət etsə də, İttifaqdan hələ çıxmayıb. Krımın ilhaqı və Donbasda davam edən müharibə şəraitində Ukraynanın Soçidəki tədbirə qatılması isə real görünmür.

Sammitin sonunda MDB-yə sədrlik Putindən Tacikistan lideri İmaməli Rahmona keçəcək.

MDB sammiti  Rusiyadan Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda çağırışlar olduğu bir vaxta təsadüf edir. Xatırladaq ki Rusiya  prezidentinin Avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev  deyib ki, postsovet ölkələrinin hamısını bu ittifaqda görmək istəyirlər: “Avrasiya İqtisadi İttifaqının genişlənməsi təbii prosesdir, ona görə də bu proses hələ postsovet məkanında gedir. Hansı ki, orada bizim dövlətlərimiz əsrlərlə birgə yaşayıb, bir-birilərini yaxşı tanıyır, ünsiyyət qura bilir, ümumi ünsiyyət dilinə-rus dilinə malikdir. Biz Rusiya imperiyasını, Sovet imperiyasını birgə qurmuşuq və yaxın yüz il üçün də gələcəyimizi birgə qura bilərik. Mən sizə deyirəm ki, bu gün prezident Vladimir Putin tərəfindən irəli sürülən nəhəng Avrasiya İttifaqı layihəsi bizim dost ölkələrə suverenliklərini saxlamaq, bir-birilərinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət əsasında birləşdirməyə imkan verir.

Related image

Avrasiya İttifaqına inteqrasiya könüllü prosesdir. Qafqazda sülh məhz region ölkələrinin bu ittifaqa üzvlüyündən asılıdır. Əgər biz Qafqazda sülhə nail olmaq, siyasi problemləri həll etmək istəyiriksə, o zaman bütün Qafqaz olaraq Avrasiya İttifaqına inteqrasiya etməliyik".

“Əgər Azərbaycan Avrasiya İttifaqına üzv olsa, Qarabağ münaqişəsinin həlli mümkün olarmı?” sualına cavab olaraq Putinin müşaviri deyib: “Əminəm ki, biz vahid iqtisadi məkan formalaşdırsaq, müəssisələrimiz, insanlarımız arasında uzunmüddətli münasibətlər formalaşsa, bizim işgüzar dairələrimiz birgə biznes qursa, o zaman qarşılıqlı etimad da möhkəmlənəcək, iqtisadiyyat siyasəti qabaqlayacaq. Əgər iqtisadiyyat siyasətdən qabağa keçəcəksə, deməli, həlli mümkün görünməyən siyasi problemlərin də həll edilməsi üçün əlavə imkanlar açılacaq”.

Image result for Atambayev

Sammit  Qazaxıstanla Qırğızıstan arasında da problemin olduğu bir vaxtda keçirilməsi də diqqəti çəkir. Hakimiyyətdən getməyə hazırlaşan  Almazbek Atambayev Qazaxıstan lideri Nursultan Nazarbayevi Qırğızıstanın daxili işlərinə qarışmaqda ittiham edib. O, Nazarbayevin 15 oktyabrda keçiriləcək prezident seçkilərində müxalifətçi namizəd Omurbek Babanovla görüşməsini pisləyib. Hesab olunur ki, Atambayev öz postunda keçmiş baş nazir Soronbay Jenbekovu görür və Babanovu “varis əməliyyatı”na təhlükə hesab edir.

Atambayev Qazaxıstan tərəfinə xəbərdarlıq da edib: “Qazaxıstan düzgün addım atmasa, biz başqa dildə danışacağıq”.

Modern.az xəbər verir ki, MDB sammiti tərəfləri barışdırmaq missiyasını öz üzərinə götürməli olsa da, sammitin gündəliyində bu məsələ barədə heç nə qeyd olunmayıb.

“YM”