Ölkə başçısı İlham Əliyev yanvarın 16-da dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Həmin sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minsə də, müəllimlərin əmək haqlarında artım əlavələr digər aylarda veriləcək.
Bu barədə Aktual.az-a Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlama verib.
Onun sözlərinə görə, sərəncamla bağlı təkliflər Nazirlər Kabinetində bir ay ərzində təsdiq olunmalıdır: “Hələ ki, bir ay olmayıb. Nazirlər Kabinetinin müvafiq qərarı çıxandan sonra fevralın sonunda və ya martın əvvəllərində müəllimlərə veriləcək əməkhaqlarında yanvar ayından qüvvəyə minən artım öz əksini tapacaq”.
