|
KTMT generalının Bakını təhdidinə Belarus liderindən tutarlı reaksiya

Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Ermənistanda keçirdiyi hərbi təlimlərin yekununda qurumun Birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov işğalçı ölkəni açıq müdafiə bəyanatı verdi. Onun “əgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar qəbul ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 20 minlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq” açıqlaması təbii ki, Ermənistanı məmnun edən mövqedir. Qeyd edək ki, oktyabrın 9-dan 13-dək isə Ermənistanda Kollektivin sürətli operativ güc qruplaşmasının, eləcə də Ermənistan və Rusiya silahlı qüvvələrinin Birləşmiş qoşunlarının iştirakı ilə “KTMT-nın Qarşılıqlı təsir” adlı birgə təlimlərləri keçiriləcək.

Bundan əvvəl isə Sidorov Ermənistanın “Baqramyan” poliqonunda KTMT-yə üzv dövlətlərin hərbi kəşfiyyat güclərinin ikigünlük birgə “Axtarış-2017" təlimlərinin yekununda səsləndiriyi bəyanatla faktiki olaraq dolayı yolla Azərbaycanı təhdid edib.  ”Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, o, təşkilatın nizamnaməsinə və başqa normativ-hüquqi sənədlərə uyğun olaraq, müstəqilliyin müdafiəsi və təşkilatın üzv dövlətlərinin ərazi bütövlüyü üçün nəzərdə tutulub. Bu, dövlət rəhbərliyinin müraciəti üzrə olur və qərar KTMT-nın Şurası tərəfindən qəbul edilir. Əgər dövlətlərdən birinə real kömək lazım olacaqsa, onda kollektiv güc qoşunları gəlməyə və kömək göstərməyə hazır olacaq... Və Ermənistanda da şübhələr olmamalıdır. Bizdə 20 mindən çox yüksək səviyyədə hazırlanmış hərbi qulluqçu var. Bunlar əsasən, xüsusi təyinatlı bölmələrin hərbi qulluqçularıdır. Burada dağ atıcılığı, desant-hücum, hava-desant birləşmələri, hissələri və bölmələri var, hansılar ki, qarşılarına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər", - general Sidorov bildirib (Virtualaz.org).

Rusiyalı generalın işğalçı Ermənistanı müdafiə ruhunda verilmiş bu bəyanatı KTMT-nin keçmiş baş katibi Nikolay Bordyujanın ötən illərdə səsləndirdiyi anti-Azərbaycan bəyanatlarını xatırladır. Bordyujanın zamanında Azərbaycana qarşı təxribatlar o qədər artmışdı ki, hətta KTMT-nin rəsmi saytında Dağlıq Qarabağı “respublika” kimi təqdim etmişdilər. Belə görünür ki, Rusiya təmsilçiləri Ermənistanı əldən buraxmamaq üçün vaxtaşırı onu himayə xarakterli bənzər mövqelər nümayiş etdirməkdən çəkinməyəcəklər, necə ki, Sidorov növbəti dəfə yaddaşlar təzələdi.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, KTMT-nin birləşmiş qərargahlarının rəisi Anatoli Sidirovun bəyanatını Rusiyanın Azərbaycana qarşı təxribatlarını gerçəkləşdirə bilməyən bəzi dairələrinin qəzəbinin ifadəsi kimi də qəbul oluna bilər: “Son dövrlərdə ”5-ci kolon"un bəzi ünsürlərinin aşırı aqressiv və “triumfal” davranışları da bunu sübuta yetirir. Sidirovun “KTMT-nin 20 minlik çevik qüvvələrinin Ermənistana hərbi yardım edə biləcəyi” barədə bəyanatı yeni deyil. Mütəmadi olaraq, KTMT-də təmsil olunan rus generalları belə bəyanatlarla çıxış edirlər. Bu bəyanatda təhdid var, şübhəsiz. Lakin bu bəyanat əsasən Ermənistanın ictimai rəyinə yönəlib və Sərkisyan rejiminin ömrünün uzadılmasına xidmət edir. Həmçinin Ermənistanda razılaşdırılmış, yaxud təhtəlşüur olaraq baş qaldıran “anti-Rusiya əhval-ruhiyyəsi”nin yumşaldılmasına yönəlib".

Diqqətçəkən bir məqam var: son zamanlar, xüsusilə də İrəvanın Avropa Birliyi və NATO ilə əməkdaşlıq etmək istiqamətində ehtiyatlı da olsa, addımlar atdığı bir zamanda Kreml Ermənistanı özünə tərəf çəkməkdən ötrü bəzi davranışlar sərgiləyir. Belə görünür ki, erməni tərəfinin şantajı növbəti dəfə keçərli olub və Rusiya situasiyanı düzgün dəyərləndirməyə qərar verib. Xüsusilə də Ermənistan parlamentindəki “Yelk” blokunun Ermənistanın Avrasiya Birliyindən çıxmasını nəzərdə tutan qərar layihəsinin geniş müzakirəyə çıxarılması-baxmayaraq ki, yekunda qəbul edilmədi-Moskvada narahatlıq doğurmaya bilməzdi. Bəzi müşahidəçilər anti-Rusiya addımlarının arxasında əslində Rusiyadan 2018-ci ildə hakimiyyətinin ömrünün uzadılması üçün razılıq almaq istəyən Serj Sərkisyanın dayandığını iddia edirdilər. S.Sərkisyan konstitusiyası dəyişdiriləndən sonraparlamentli respublikaya keçid etmiş Ermənistanın baş naziri olmaq iddiasını reallaşdırmaq üçün ən böyük maneənin məhz Kreml olduğunu yaxşı anladığı üçün müxtəlif oyunlar qurur və belə görünür ki, sonda istəyinə nail ola biləcək. Rusiya isə bu arada Ermənistanla “həm kökə, həm dəyənək” dili ilə danışır. Ermənistanda həyata keçirilən hərbi təlimlər sözsüz ki, təkcə Qərbə ünvanlı mesaj deyil, həm də Rusiyanın  caynağından qopmağa cəhd edən erməni ictimaiyyətinin gözünü qırmağa yönəlib.

Məlum olduğu kimi, Ermənistan Rusiya ilə birləşmiş qoşun qrupunun yaradılması haqqında sazişi təsdiq edib. Ermənistanda bəzi qüvvələr bunu müstəqilliyin növbəti atrubutundan məhrum olmaq kimi qiymətləndirir. İşğalçı ölkədəki hay-küylü reaksiyalar fonunda Moskvadan Ermənistanın “rolu”na yer ayrılması da hiyləgər gediş sayıla bilər. Rusiya prezidentinin avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev ötən həftə İrəvanda Ermənistan-Rusiya regionlararası forumu zamanı jurnalistlərlə söhbətində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda danışarkən elə rəy formalaşdırmağa çalışıb ki, guya Ermənistan “müstəqil” dövlətdir və ortaya iradə qoymaq imkanları var. Qlazevin iddiasına görə, Azərbaycanın Avrasiya Birliyinə üzvlüyünün “Ermənistandan asılı olduğunu” deyib, çünki Ermənistan Avrasiya İttifaqının üzvüdür və istəsə Azərbaycanın üzvlüyünə veto qoya bilər.

Təbii ki, Rusiyanın ən böyük arzularından biri Azərbaycanı ram edib Avrasiya Birliyi “çətiri”altına salmaqdır. Bunun müqabilində Kremlin bəzi güzəştlərinin olması da mümkündür. Necə ki, vaxtaşırı 5 rayonun azad olunması zərurəti Rusiya hakimiyyətinin yaxın ideoloqlarından biri Duqin tərəfindən səsləndirilir. Amma Azərbaycan hakimiyyəti ölkəmizin torpaqlarını işğalda saxlayan Ermənistanla əməkdaşlığı mümkün saymayaraq hələ ki bu barədə təkliflərə müsbət rəy bildirməyib. İndi isə rusiyalı təmsilçilər belə rəy yaratmağa çalışırlar ki, Bakı bununla bağlı müraciət etsə, onun müraciətinə müsbət qərar Ermənistanın (!) razılığının alınmasından sonra verilə bilər. Təbii ki, bu, erməni ictimai rəyinə hesablanmış mövqedir.

E.Mirzəbəyli də bu fikirdədir ki, “Azərbaycan Avrasiya İttifaqına üzv olmaq istəsə də, Ermənistanın razılığı olmalıdır” bəyanatı həm Rusiyanın, həm də regionun ictimai rəyinə hesablanmış cəfəngiyatdan başqa bir şey deyil: “Rusiyanın məlum dairələri Azərbaycanın Avrasiya İttifaqına üzv olmayacağını yaxşı bildikləri üçün önləyici bəyanatlarla çıxış edirlər”.

Ekspertə görə, KTMT-nin çevik qüvvələri, Sidorovun da dediyi kimi, KTMT Şurasının yekdil qərarına əsasən hərəkət edə bilər: “Yekdil qərar üçün isə konsensus olmalıdır. KTMT daxilində hətta Ermənistanın özünə münasibətdə vahid mövqenin olmadığı ortalıqdadır. Ermənistan mütəmadi olaraq Qazaxıstanın və Belarusun mövqeyindən şikayətlənir. Sidirovun bəyanatının ciddiyə alınması üçün əsas görmürəm. Belə davranışlar daha çox Rusiyanın özünə ziyan vurur”.

Ancaq bu məqamda xüsusi vurğulanmalı məsələ də var: sözügedən açıqlama Bakıda Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində yeni prosesə start verilməsindən sonraya təsadüf edir. “Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə gəldikdə isə bu hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir və olduqca möhkəm iqtisadi-siyasi təmələ malikdir. Azərbaycanın bu strateji seçimi 1993-94-cü illərdə müəyyənləşib və olduqca soyuqqanlı, ardıcıl şəkildə davam etdirilir”- politoloq E.Mirzəbəyli bu fikirdədir.

KTMT generalı 20 minlik ordudan bəhs edərkən şübhəsiz ki, “çox uzağa gedib”. Ən azı ona görə ki, bölgədə gərginliyi saxlayan, qonşu ölkəyə təhdid yaradan işğalçı Ermənistanın özüdür. Bu mənada cəzalandırılmalı varsa, o da işğalçı ölkədir. Digər tərəfdən, KTMT daxilindəki ölkələrin Ermənistanın işğalçı siyasətini qəbul etmədiyi faktdır. Qazaxıstan və Belarusun 2016-cı ilin aprelində  İrəvandakı tədbiri boykot etdiklərini unutmamışıq. Hətta ermənilər özləri də KTMT-nin yekdil müdafiə qərarı verəcəyinə inanmır. Bu günlərdə erməni ekspertlərdən biri Ermənistandakı tankların təmir olunmaqdan ötrü Belorusa göndərilməsi təklifinə qarşı çıxaraq Minskin blogger Lapşini Bakıya təhvil verməsini xatırlatmışdı. Üstəlik, “siz əminsinizmi göndərdiyiniz tanklar təmirdən sonra İrəvana göndəriləcək” deyə, sual etmişdi. Azərbaycan və Belarus arasındakı dostluq münasibətlərinin yüksək səviyyədə davam etdiyini elə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Minskə son səfəri və Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüş də bir daha təsdiq etdi. Belorus prezidentinin “Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil” - bəyanatı İrəvanı məmnun etmir təbii ki.

Image result for Elçin Mirzəbəyli

Bu isə o deməkdir ki, KTMT-nin digər bir üzvü də Azərbaycanla hərbi əməkdaşlıq etməklə işğalçını çətin durumda qoyacaq. Lukaşenko bildirib ki, əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT TŞ-nin heç bir qətnaməsini pozmur: “Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”. A.Lukaşenkonun sözlərinə görə, Azərbaycan xalqının özünü sakit, təhlükəsiz və etibarlı hiss etməsi üçün müdafiə tədbirləri gücləndirilməlidir: “Biz bu baxımdan sizinlə işləyirik və bu işləri gələcəkdə də davam etdirəcəyik”. Belarus prezidenti Azərbaycan prezidenti ilə tez bir zamanda görüşə ümid etdiyini də söyləyib.

Əslində A.Lukaşenkonun bu addımı Ermənistanı müdafiə, Azərbaycanı isə ad çəkməsə belə, təhdid edən KTMT generalının bəyanatına tutarlı cavabdır. Bununla belarus lideri KTMT-yə üzv ölkələrə mesaj verib ki, anti-Azərbaycan addımlarda onun ölkəsi nəinki yer almayacaq, hətta işğala məruz qalmış Azərbaycanın yanında olacaq.