|
Dilimizin saflığına həsr olunmuş konfrans keçirildi - media diqqət mərkəzində

Dünən Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib.

Musavat.com-un məlumatına görə, tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, media rəhbərləri və digər qonaqlar iştirak edirlər.

Konfransda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində siyasətində yer alan əsas məqamlara toxunaraq bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir: “Həqiqətən də Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: “Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib”.

Ə.Həsənov əlavə edib ki, Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olub. Fərmanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb: “Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında ”Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun qüvvəyə minməsi oldu. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib".

Ə.Həsənov daha sonra qeyd edib ki, Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan prezidenti İlham Əliyev ardıcıl davam etdirir: “Cənab prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı ”Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb".

Prezidentin köməkçisi onu da deyib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: “Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında ”Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur".

Onun sözlərinə görə, təəssüf ki, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: “Ona görə də cənab prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü (dünənki-red.) toplantının keçirilməsi barədə tapşırıq verib”.

Ə.Həsənov bildirib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır: “Biz bu gün teleradio məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı və bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.

“Azərbaycanda Türkiyə seriallarının verilməsi bir neçə il əvvəl dayandırılıb. Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir?

Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqama nəzər salmaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəyin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik?” Bu fikri də tədbirdə prezidentin köməkçisi söyləyib.  Ə.Həsənov bildirib ki, Türkiyə bu məsələdə Azərbaycanı anlayışla qarşılayıb: “Türkiyə telekanalları Azərbaycanda indi də yayımlanır, kim istəyir, baxsın. Hər birimiz Azərbaycan dilini qorumalıyıq”.

“Mətbuat Şurası Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edir”. Bunu isə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. “Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar”, - deyə o qeyd edib.

Tədbir digər çıxış və müzakirələrlə davam edib.

Yekun nitqində Əli Həsənov konfransda faydalı müzakirələrin getdiyini bildirib: “Bütün sahələr üzrə əsas vəzifələrimiz, hədəflərimiz ortaya qoyuldu. Mən tamamilə razıyam ki, bu, tək KİV-in məsələsi deyil. Gündəmdə Azərbaycan dilinin saflığı məsələsi durursa, valideyndən, dayədən tutmuş, orta və ali məktəblər də daxil olmaqla, QHT və KİV-in də öz rolu var. Söhbət 3-5 aparıcıdan getmir. Aparıcı ora gələnə qədər hansı mərhələləri keçir? Hər kəs anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bir çoğrafi ərazi var, o da bu ərazidir. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır. Hər kəs bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Aparıcılar dilimizi yaxşı bilməklə yanaşı, niyə gözəl fiziki göstəriciləri də olmasın?! Yaxşı olar ki, aparıcılar həm də zəngin intellektə malik olsunlar”.

Prezidentin köməkçisi qeyd edib ki, son 10 ildə telekanallarda süni reytinqə qaçmaq, kənar saxta sorğular da müəyyən problemlər yaradıb: “İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur”.

Ə.Həsənov televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: “AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu, Türkiyə əleyhinə məsələ kimi qabardıldı, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur”.