|
Yağıntılar pambıq yığımını ləngidir

Bu günədək gözləntinin

22 faizi qədər yığım olub...

2017-ci ildə 250 min tondan çox pambıq tədarükü hədəflənirdi. Lakin hələ ki onun beşdəbir hissəsini yığmaq mümkün olub. Yağıntılı hava şəraiti pambıq yığımına da əngəl törədib. Artıq bir neçə gündür ki, bölgələrdə pambıq yığımında əl əməyindən texnikaya keçilib.

Pambıq yığımı ilə bağlı vəziyyəti “Yeni Müsavat”a açıqlayan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu günədək artıq pambıq qəbulu məntəqələrinə ölkə üzrə 56 min 554 ton məhsul təhvil verilib: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min ton çoxdur. Ümumilikdə respublika üzrə 136 min hektar sahədə çiyid səpilmişdi. Gözlənti 250 min ton idi. Ancaq hələ ki pambıq yığımı mövsümü yekunlaşmayıb. Hava şəraitinin yağmurlu keçməsi pambıq yığımına mənfi təsir göstərdi. Çünki həmin sahələrdən pambıq texnika ilə yığılacaqdı. Bildiyiniz kimi, pambığın texnika ilə yığılması üçün sahələrin 80 faizində qozaların açılma dövründə defoliantlar tətbiq olunurdu. Defoliantların tətbiqindən təxminən 10 gün sonra qozaların yarpaqları tökülür və texnikanın yığımı asanlaşır. Təbii ki, hava şəraiti imkan versə, həmin pambıq itkisiz yığılacaq”.

Bu yerdə bir haşiyə çıxaraq qeyd edək ki, pambıqçılıqda defoliasiya prosesi dünyada geniş yayılmış təcrübədir. Bu, bitkini yarpaqsızlaşdırmaq üçün istifadə olunur və maşınla məsul yığımını asanlaşdırmaq üçün bitki yarpaqlarının yığımdan qabaq tökülməsi üçündür. Defoliasiya defoliantlar vasitəsilə aparılır. Bu zaman bitkidə yarpaqların qocalmasına oxşar proseslər gedir. Açılmış pambıq koluna defoliantlar çiləndikdə yarpaqlar tökülür və açılmamış qozalar sürətlə açmağa başlayır.

Qurum rəsmisinin sözlərinə görə, sahələrdə pambıq yığımı intensiv şəkildə davam etdiriləcək: “Noyabrın ortalarına qədər pambıq yığımı davam edəcək. Hazırda sahələrdə dünyanın ən müasir kombaynları işləyir. Regionlarda pambığın intensiv yığımı davam edəcək. Yağıntı sahələrə texnikanın çıxarılmasını, həmçinin əllə yığılmasını müəyyən qədər əngəlləyir. Hava şəraiti imkan versə, noyabr ayında da yığım davam edəcək. Pambıqçılığın texniki təminatı gücləndirilib. Bildiyiniz kimi, sentyabr ayının əvvəlində Amerikanın ”Zonder" şirkətinin 140 ədəd kombaynları ölkəyə gətirilib və lizinq yolu ilə sahibkarların istifadəsinə verilib. Hava şəraiti imkan versə, yığımla bağlı hər hansı problem olmayacaq. Bundan sonra artıq texnika ilə yığıma üstünlük veriləcək".