|
Bank rəhbərlərinin Milli Məclisə gəlməməsinin səbəbi

Milli Məclisin oktyabrın 2-də keçirilən iclası maraqlı müzakirələrlə yadda qalıb. Burada önə çıxan məqamlardan biri də parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  üzvü Vahid Əhmədovun bank rəhbərlərini Milli Məclisə çağırması olub.

Deputat problemli kreditlərin həcminin təhlükəli həddə çatdığını bildirərək bu istiqamətdə tədbir görülməsinin zəruriliyindən danışıb: “Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb. Keçən il isə bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir. Gəlin bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər də bu proses hara gedir? Onların bu istiqamətdə fikirlərini alaq”.

 “Yeni Müsavat”a danışan Mili Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli hökumətin zamanında onların təkliflərinə əməl etmədiyini, nəticədə bu ağır vəziyyətin yarandığını bildirdi: “2015-ci ilin 21 fevral ikinci şok devalvasiyasından bir gün sonra Milli Məclisin İqtisadi siyasət komitəsində Mərkəzi Bankın rəhbəri ilə maliyyə sisteminin sağlamlaşdırılması, bankların çökməsinin qarşısının alınması, dollarla kredit borcu olan əhalinin düşdüyü ağır vəziyyətdən çıxarılması və sair istiqamətlərdə çox konstruktiv müzakirələrimiz oldu. O vaxt vəziyyəti yumşaltmaqdan ötrü 5 min dollara, təhlillərdən sonra bəlkə də 10 min dollara qədər olan borcların 1 dollar = 1 manat 05 qəpik məzənnə ilə qaytarılması məsələsində prinsipial razılıq nümayiş olundu. Bu istiqamətdə hesablamalar da başlanmışdı. Həmin variantı həyat keçirmək üçün 250 milyon dollar və ya o vaxtın məzənnəsi ilə 400 milyon manatın altında bir məbləğ tələb olunurdu. Amma bir müddətdən sonra hökumətin digər qurumlarının təzyiqi ilə bu məsələ ertələndi və təəssüf ki, indiyə qədər də qeyri-müəyyən vəziyyətdə qalmaqda davam edir”.

Parlament üzvünün sözlərinə görə, hökumətin öz üzərinə düşən maliyyə yükünü ödəməkdən imtina etməsi həm dövlətin, həm bankların, həm də vətəndaşların ağır vəziyyətə düşməsi ilə nəticələndi: “Halbuki bizim deputat həmkarım Vahid Əhmədovla hazırladığımız təkliflər paketindəki ”risklərin bölüşdürülməsi" prinsipi üzrə həmin təklifi həyata keçirməkdən ötrü dövlətin payına 250 milyon dolların dörddə biri, yəni 63 milyon dollar düşürdü. Təəssüf ki, cəmi 63 milyon dollara görə bu layihə kənara qoyuldu. Bəs nəticə? Nəticə o oldu ki, bank sisteminin çöküşü sürətləndi, maliyyə sistemi ağır duruma düşdü, problemli kreditlərin həcmi 2 dəfə artdı və təhlükəli həddə çatdı. Bundan başqa, əhalinin banklardan asılılığı ağır vəziyyət yaratdı, banklara olan inam bərpa olunmadı, əhali və şirkətlərin bir hissəsi pullarını banklardan çəkdi, banklar əvvəlki kimi kredit verə bilmir, bütün bunlar bankların vəziyyətini daha da ağırlaşdırır və sair".

Deputat inanır ki, bank rəhbərlərinin Milli Məclisdə görüşü yalnız bir halda fayda verə bilər ki, təkcə banklar yox, bütün aidiyyəti qurumlar bu məsələdə ortaq məxrəcə gəlsin.  “Başqa variantda belə görüş baş tutsa belə, onun nəticəsi 2015-ci ilin 22 dekabr görüşünün nəticələrindən fərqli olmayacaq” deyə, deputat bildirib.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bank rəhbərləri bu xalqa xidmət edirsə, xalqın seçdiyi parlamentə də hörmətlə yanaşmalı və çağırışa cavab verməlidirlər: “Ümumən əlbəttə ki, heç kəsi zorla Milli Məclisə gətizdirmək olmaz. Amma hər bir vətəndaş üçün dövlət başçısının və ya Milli Məclisin çağırışı ilə qarşısına çıxmaq mənəvi borcdur. Onların hüzuruna çıxmayan bir növ xalqa qarşı saymamazlıq edir və ya həmin dövlət orqanlarının düzgün seçilməsinə şübhə edir. Odur ki, qoy indi bizim bankirlər desinlər: Milli Məclisin xalq tərəfindən seçilməsinə şübhə edirlər, yoxsa bilə-bilə xalqa qarşı saymamazlıq? Digər tərəfdən isə bank rəhbərləri ona görə gəlmir ki, deməyə sözləri yoxdur. Yanlış, xalq və dövlət əleyhinə olan yolla getdiklərini bilirlər. İndiyədək hansı ittihama normal cavab veriblər ki, indi də durub Milli Məclisin qarşısına çıxıb suallara cavab versinlər. Yəni burada hansısa dövlət məmuruna arxalanaraq nümayiş etdirilən hansısa cəsarətdən söhbət getmir. Əksinə, cəsarətləri çatmır”.