|
Borclu bankirlərin ölkədən çıxışına qadağa qoyula bilər

Müflis elan  olunaraq bağlanan  “Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviçin barəsində cinayət işinin istintaqı dayandırılıb və o, beynəlxalq axtarışa verilib.

Cinayət işi materiallarında qeyd olunur ki, S.Kriman bir neçə sahibkarla əlbir olaraq bankdan milyonlarla manat pul mənimsəyib. Hazırda burada problemli məqam sabiq bankirin ölkədə olmaması və beynəlxalq axtarışa verilməsidir.

Belə olan halda bağlanan bankların rəhbərlərinin, yəni əmanətçilər qarşısında borclu olan bankirlərin ölkədən çıxışının qadağan olunması daha doğru olmazmı? Bank haqqında qanunvericilikdə belə bir dəyişikliyin olmasını ekspertlər necə dəyərləndirirlər? “Bank Standard”ın timsalında cinayətlərə məsul olan şəxsin ölkədən qaçması və məsuliyyətə cəlb edilə bilməməsinin doğurduğu nəticələr göz qabağındadır. Mərkəzi Bank necə, belə bir qanunun qəbul olunmasına tərəfdar olacaqmı?

“Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas, uzun illər bank sektorunda, o cümlədən “Bank Standard”da mühüm vəzifədə çalışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, belə bir qanunun qəbulu nə bankların, nə də Mərkəzi Bankın marağında deyil: “Əvvəla, gəlin ondan başlayaq ki, ”Bank Standard"ın İdarə Heyətinin hansı sabiq sədri axtarışdadır. Bu, Səlim Krimandır. Kriman bankın müflisləşməsindən bir neçə il əvvəl vəzifəsindən azad olunub. Aydın məsələdir ki, bank ilk növbədə məhz Krimanın yarıtmaz fəaliyyəti və böyük ehtimalla cinayət əməlləri nəticəsində müflis olub. Sonra gələnlər artıq viran qalmış obyektə rəhbər idilər".

Hüquqşünas vurğuladı ki, indiki halda Kriman bankın müflisləşməsindən öncə ölkəni tərk edib: “Kriman uşaqlıqda peşəkar şahmatçı olub, gedişləri qabaqcadan hesablamağı bacarır. Odur ki, tədarükünü qabaqcadan görmüşdü. Ona görə də onun ölkədən çıxışına yasaq qoymaq mümkünsüz idi. Hətta hesab etsək ki, hansısa bank rəhbəri müflisləşmə anında hələ ölkədədir, onun təqsirinin araşdırılması zaman tələb edir. Krimanın da təqsiri barədə rəyin formalaşmasına bir neçə ay vaxt gedib. Yəni sadəcə, bank müflis oldu deyə onun rəhbərliyinin ölkədən çıxışına məhdudiyyət qoymaq olmaz. Araşdırma zamanı isə təbii belə rəhbər aradan çıxmaq imkanına malikdir. Təbii, həmin rəhbər aradan çıxmayıbsa, çıxışına qadağa qoymaq lazımdır”.

Ə.Həsənov vurğuladı ki, “Bank Standard” kimi böyük  şirkətin müflisləşməsində təkcə Krimanın günahının olmasına inanmaq sadəlövhlük olardı: “Kriman, sadəcə, icraçıdır. Yəni o, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev kimi müstəqil fiqur deyil. Onun əməllərinin sifarişçiləri və onlara göz yumanlar var. Bax, bu, ciddi araşdırılmalıdır. Burada ən azı Mərkəzi Bankın suçu açıq-aşkardır. Mərkəzi Bank illərlə banklar üzərində bank nəzarətini həyata keçirib. İndi isə məlum olur ki, uzun müddət ərzində bu bankda misli görünməyən qanun pozuntuları olub. Təkrar edirəm ki, Kriman Cahangir Hacıyev deyil ki, Elman Rüstəmov onun rəhbərlik etdiyi banka nəzarət etməkdən, səsini çıxartmaqdan qorxsun. Əksinə, Mərkəzi Bank rəhbərliyinin ”Bank Standard"la çox isti münasibətləri olub, həmin banka xeyli kredit veriblər. Əmanətlərin Sığortalanması Fondu Kreditorlar Komitəsinə rəsmi bildirib ki, Mərkəzi Bank “Bank Standard”a hətta təyinatlı kreditlər də verib. Məsələn, deyib ki, mən sənə bir neçə milyon kredit verirəm, sən də onu, filan sahibkara ver, girovu da mənim adıma rəsmiləşdir. Əvvəla, bunun özü artıq qanun pozuntusudur: Mərkəzi Bank belə təyinatlı kreditlər verə bilməzdi. Digər tərəfdən isə bu, çox isti və qeyri-rəsmi münasibətlərdən xəbər verir".

Ekspert bu cinayət işində Mərkəzi Bank rəhbərliyinin də məsuliyyət daşıdığını diqqətə çatdırdı: “Deməli, Mərkəzi Bankın hər şeydən xəbəri var idi və bankın müflisləşməsində əli var. Hətta KPMG audit şirkəti Elman Rüstəmova 3 dəfə müraciət etmişdi ki, ”Bank Standard"ı yoxlaya bilmirəm, imkan vermirlər. Amma tədbir görülməyib. Deməli, Krimanla yanaşı Mərkəzi Bankın da rəhbərliyi istintaq obyekti olmalı və ölkədən çıxışına qadağa qoymaq lazımdır. Amma heç Elman Rüstəmov konkret öz əleyhinə işləyən belə tədbirə təşəbbüs göstərərmi? Əlbəttə, yox. İndi o maraqlıdır ki, bütün təqsir Krimanın üstünə atılsın. Amma Kriman birdən tutulub gətirilsə, Elman müəllimin evi yıxıla bilər. Kriman sandığı açıb, pambığı tökə bilər. Odur ki, Mərkəzi Banka hansısa qanunvericilik təşəbbüsü verilsə, əksinə, qaçaq bankirlərin ölkəyə gətirilməməsi haqda layihə təklif edər. 

Eyni zamanda onu da başa düşmək lazımdır ki, bankın daxilində də Kriman təkbaşına iş görə bilməzdi. “Bank Standard”ın bütün rəhbərliyinin fəaliyyəti ciddi araşdırılmalıdır. Amma hələlik bunu görmürük. Əksinə, hamısı indi başqa banklarda rəhbər vəzifə tutur. Bankın keçmiş sədr müavini Orxan Xubanov isə bu yaxınlarda hətta Əmanətlərin Sığortalanması Fondunda yüksək vəzifə alıb. Yeri gəlmişkən, o, Mərkəzi Bankın sədr müavini Vadim Xubanovun qardaşı oğludur. Təsəvvür edirsiniz də: müflis bankın keçmiş inzibatçısı indi onun ləğvedicisinin rəhbərlərindən biridir. Beləsi heç ölkədən getmək istəyər? Hazırda  yüksək vəzifədə oturub, özü də törədilmiş qanunsuzluqların ört-basdır edilməsinə imkan verən vəzifədə. Mən hesab edirəm ki, müflis bankların nəinki inzibatçıları, hətta struktur bölmələrinin rəhbərləri azı 5 il maliyyə sektorundan və dövlət qulluğundan uzaqlaşdırılmalıdır. Təqsirlərinin olub-olmaması isə sonra araşdırılmalıdır. Təqsiri varsa, məsuliyyətə cəlb olunmalıdır".