Sentyabrın 26-da Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumdan sonra hər kəs Ərbilə reaksiyalardan danışır. Muxtariyyət lideri Məsud Bərzani demək olar ki, bütün dünyanın (formal da olsa - K.R) etirazlarına baxmayaraq kürdlərin müstəqilliyə münasibətini yoxlayan referendumu keçirdi. Bəs bundan sonra nə olacaq? Kürdlərin müstəqilliyə doğru addımlarına region ölkələrinin reaksiyası necə olacaq?
Məsələn, bir çoxları İraq mərkəzi hökumətinin Ərbilə qarşı hərbi əməliyyat başladacağını proqnozlaşdırır. Bunun üçün müəyyən mənada əsas da var. Çünki Bərzani İraq kürd muxtariyyətinə ayrılmış ərazilərdən kənara çıxaraq İraq dövlətinin bir sıra ərazilərində, o cümlədən Kərkükdə referendum keçirib və bununla da faktiki olaraq bu torpaqlara iddiasını ortaya qoyub. Məhz mübahisəli torpaqlar Ərbil və Bağdad arasında hərbi əməliyyatlara səbəb ola bilər.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton Ərbil və Bağdad arasında toqquşma olarsa, tərəf olmayacaq. Amerikalı sözçü deyib ki, ABŞ referendum qərarının tətbiq olunmasından məmnun deyil. Vaşinqton birləşmiş vahid və demokratik İraqı dəstəkləyir.
Qeyd edək ki, Türkiyə dövləti ən yüksək səviyyədə Barzanini referendum qərarından imtina etməyə çağırıb. Prezident, baş nazir, XİN rəhbəri kimi dövlətin ən yüksək rütbəli şəxsləri Ərbili referendumdan imtina etməyə çağırsa da nəticə müsbət olmadı. Referenduma görə Bərzanini tənqid edən prezident Ərdoğan deyib ki, kürd liderlə yaxşı münasibətlər olub və onun birdən-birə referendum qərarı verməsi onun üçün gözlənilməz olub. Eyni zamanda Ərdoğan Türkiyədən keçən və Şimali İraq neftini daşıyan, gündəlik 600 min barel neftin daşındığı kəməri bağlayacaqları ilə hədələyib. Bununla da Kürd muxtariyyətinin blokada şəraitində qalacağına və embarqodan əziyyət çəkəcəyinə işarə edib.
Bundan başqa, referendum ərəfəsi İraq ordusu baş qərargah rəisi Ankaraya gəlib və bundan sonra iki ölkənin hərbi qüvvələri sərhəddə hərbi təlimlərə başlayıb. Eyni zamanda bəzi mənbələr Türkiyənin Ərbilə ordu yeridəcəyi haqda xəbərlər dövriyyəyə buraxıblar. Ancaq hələlik Ankara yalnız iqtisadi embarqolar və məhdudiyyətlər tətbiq edir. Türkiyə hakimiyyəti sərhəd-keçid fəaliyyətlərində və eləcə də ticarət əməliyyatlarını yalnız mərkəzi İraq hökuməti ilə aparacaqlarını bəyan edib. Bundan başqa, Ərbilə uçuşlar dayandırılıb.
İraq kürd muxtariyyətinin daha bir qonşusu və kürdlərin dövlət qurmasından narahat olan daha bir dövlət İrandır. Tehran müstəqil kürd dövlətinin yaranmasının öz ərazisindəki kürd separatizminin fəallaşmasına təsir edəcəyindən narahatdır. Üstəlik, İsrailin Bərzani ilə yaxınlaşması və Ərbil üzərindən İran ərazilərinə və onun bölgədəki maraqlarına zərbə vurulmasından narahatdır. Referendumdan iki gün əvvəl İran ordusu sərhəddə hərbi təlimlərə başlayıb və İran artilleriyası Ərbil əyalətinin sərhəd məntəqəsindəki bəzi bölgələri vurmağa başlayıb. İran ordusundan verilən məlumata görə, referendumdan bir gün sonra muxtariyyətlə sərhəd bölgəsinə raket sistemləri yerləşdirilib. İran ali dini liderinin xarici siyasət məsələləri üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib ki, İran, İraq, Türkiyə və digər bölgə ölkələri bu hadisəyə səssiz qalmayacaq.
Ancaq maraqlıdır ki, daha əvvəl ehtiyatlı açıqlamalar verən kürd qüvvələri artıq sərt fikirlər səsləndirirlər. “Şərq əl-Avsət” qəzetinə müsahibə verən Suriya kürdlərinin lideri, PYD hərəkatının həmsədri Saleh Müslim bildirib ki. M.Bərzani ilə aralarında ixtilaf olsa da, “kürd xalqına hücum olarsa, onları müdafiə etməyə hazırdır”.
Müslim bunu Türkiyənin sərhəddə hərbi təlim keçirməsinə cavab olaraq deyib. PYD-nin digər həmsədri Hədiyə Yusif isə embarqo tətbiq olunarsa Suriya kürdlərinin qapılarını İraq kürdlərinə açacağını deyib.
Bu arada İraqda siyasi qüvvələr də hərəkətə keçib. Ötən gün İraq mərkəzi hökumətinin sərhəd-keçid məntəqələrini nəzarətə götürməsi haqda xəbərlər yayılıb. Ancaq eyni zamanda Bağdadın bütün hava limanlarının idarəçiliyinin mərkəzi hökumətə verilməsi ilə bağlı tələbini kürd muxtariyyəti rədd edib. İraq Milli Hikmət Hərəkatı İraqın Birliyi və Bütünlüyü üçün Milli Cəbhənin qurduğunu bəyan edib. Bu barədə hərəkatın sözçüsü Nofəl Əbu Raqif mediaya açıqlama verib. Onun sözlərinə görə, bu qərarın səbəbi İraqdakı separatçı fəaliyyətlər olduğunu deyib.
Bir neçə gün əvvəl isə İraq Milli Hikmət Hərəkatının lideri Əmmar Həkim bəyan edib ki, ölkədəki etnik qruplar, siyasi partiya və hərəkatlar arasında ittifaqı gücləndirmək üçün yeni təşkilat yaradılacaq. Eyni zamanda bildirib ki, onlar bölgənin xəritəsinin zorla dəyişdirilməsinə imkan verməyəcəklər.
Qeyd edək ki, Türkiyə prezidentinin təhdidlərinə kürd muxtariyyətinin baş naziri Nəçrivan Bərzanidən cavab gəlib. Türkiyə prezidentinin ölkə ərazisindən keçən Şimal İraq neft boru kəmərini nəzərdə tutaraq “petrolun kranı bizdədir, onu bağlasaq bu iş bitər” bəyanatına cavab olaraq Bərzani bildirib ki, neft boru kəmərinin kranı Türkiyənin əlindədir: “Ancaq Türkiyə ilə imzaladığımız bir anlaşma var. Tam tərsinə, biz yeni qaz kəməri çəkirik. Referendumun Türkiyənin milli təhlükəsizliyinə bir təhdid kimi görünməsini istəmirik. Türkiyə ilə əlaqələrimiz çox qədimə gedib çıxır və davam edəcək. Sərhədlər olduğu kimi qalacaq. Türkiyə ilə dialoqu inkişaf etdirmək istəyirik, savaşa aparacaq bir müstəqillik istəmirik. Bağdadla anlaşılmazlıqları dialoq yolu ilə həll etmək istəyirik. Türkiyə bizim xaricə açılan qapımızdır, bölgə üçün istiqrar faktoru olacağıq”.
Görünən odur ki, İraq kürdləri xeyli rahatdır və yeni savaşın baş verməyəcəyinə inanırlar. Ehtimal ki, Ərbil rəhbərliyi Bağdadla ərazi anlaşılmazlıqlarını mübahisəli bölgələr üzərində danışıqlar başlanması və terrora qarşı birgə mübarizə yolu ilə həll etməyə çalışacaq. Yeri gəlmişkən, bu gün İŞİD gözlənilmədən fəallaşaraq Bağdad yaxınlığında postlara və Ramadi şəhərinə hücum edib. Bu da İraq mərkəzi hökumətinə daha ciddi problemin terror və İŞİD olduğunu xatırlatmaq mənasındadır. Belə görünür ki, Qərb ölkələri Bağdadın indi də olmasa, yaxın illərdə kürdlərlə anlaşmaya məcbur etməyə çalışacaqlar. Burada əsas narahat olacaq iki ölkə qalır: Türkiyə və İran. Lakin gedişat göstərir ki, bu iki ölkənin kürdlərə qarşı böyük müharibə etməsi hazırda real deyil. Kürdlərlə bağlı yeganə şans bölgədə yeni və gözlənilməz hərbi-siyasi situasiyanın baş verməsi ola bilər. Hələliksə belə gözlənilməz hadisənin işarəsi yoxdur.
