Saxlanılan 200 qaçaq arasında azərbaycanlıların olması iddia edilsə də, bu, təkzib olundu
Türkiyənin Çorum şəhərində keçirilən əməliyyat zamanı Avropaya qaçaq şəkildə getməyə çalışan 200 nəfər saxlanılıb. Onların azərbaycanlı və əfqan qaçaqlar olduğu müəyyən edilib.
Bu barədə Türkiyənin “Haberler.com” saytı məlumat yayıb.
Məlumata görə, polis şübhəli TIR-ı saxlamağa çalışıb. Lakin sürücü polisin “saxla” əmrinə tabe olmayıb. TIR-ın polislər tərəfindən təqib olunduğunu görən sürücü nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq qaçıb.
TIR-da olan qaçaqların bir hissəsi də ərazidən uzaqlaşmağı bacarıblar. Saxlanılan şəxslər bildiriblər ki, Bakıdan Avropaya qaçaq şəkildə daşınmaları üçün adambaşı 1000 dollar pul ödəyiblər.
Polisin TIR-ın sürücüsünü və digər qaçaqları axtardığı bildirilir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda isə qeyd olunub ki, aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycanın gömrük ərazisinə, ümumiyyətlə, daxil olmayıb: “Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə yalnız 1 dəfə, 2010-cu ildə Azərbaycan ərazisində olub. Üstəlik, hadisə ilə bağlı Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan, ümumiyyətlə, bəhs olunmur”.
DGK bir daha media qurumları və nümayəndələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənməklə hazırlanmasını və yayımlanmasını tövsiyə edib.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov “Yeni Müsavat”a bildirib ki, hər şey aparılan ilkin tədqiqat zamanı üzə çıxacaq: “İstər əfqan, istərsə də digər qaçaq yolla Avropa ərazisinə keçmək istəyən miqrantlar, öz ifadələrində təbii ki, hansı yolla gəldiklərini mütləq şəkildə bildirməlidirlər. Ola bilsin ki, miqrantlar haradan gəldiklərini bilmirlər. Bir hal var ki, adətən qaçaqmalçılar miqrantları beynəlxalq yükdaşımalarla məşğul olan maşınlara yerləşdirirlər və bu avtomobillərin üzərinə beynəlxalq əhəmiyyət daşıyan möhür vurulur. Bu möhürü isə keçdiyi ölkənin müvafiq qurumları aça bilmirlər və yalnız təyinatı üzrə yerlərdə açılır. Beynəlxalq daşımalarda belə bir qaydalar mövcuddur ki, qaçaqmalçılar da məhz bundan istifadə edirlər. Ona görə də miqrantların hansı ölkənin ərazisindən keçdiklərini bilmələri mümkün deyil. Bu gün desələr ki, Azərbaycanın və ya İranın ərazisindən keçiblər, yanıla bilərlər. Bunu bilən, təbii ki, yalnız sürücülərdir. Rəsmi məlumatlarda isə bildirilir ki, belə bir maşın Azərbaycan ərazisindən keçməyib. Bir məqam da var ki, burada maşın məsələsi də şərti ola bilər. İstənilən halda tədqiqatlar zamanı bütün gizlinlər ortaya çıxarılacaq. Bəlli məsələdir ki, qeyri-qanuni yollarla Türkiyənin sərhədlərini və ya Avropaya getmək üçün digər ölkələrin sərhədlərini istifadə edən qaçaqmalçılar var”.
Ekspert bildirib ki, Türkiyədə yaxalanan qaçaqmalçılarla bağlı da eyni addım atılacaq: “Həmin şəxslərdən əfqanlar Əfqanıstana, iranlılar İrana və sairə göndirələcəklər. Əgər onların içərisində Azərbaycan vətəndaşı varsa, təbii ki, onlar da ölkəmizə yola salınacaqlar. Ancaq indiki mərhələdə bəllidir ki, onların içərisində azərbaycanlılar yoxdur. Bu şəxslərin arasında türkmənlər var. Türkmənlər isə müəyyən qədər azərbaycanlılar kimi danışırlar. Ola bilər ki, bu, bəzi kütləvi informasiya vasitələrində çaşqınlıq yaradıb və onları azərbaycanlı kimi qələmə veriblər. Videodan açıq şəkildə görünür ki, onların arasında Azərbaycan dilində təmiz danışa biləni yoxdur”.
