|
"10 il sonra kimə lazımam?"-

Bakıda 84 yaşlı qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi baş çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zamin Muradov və Rüfət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. Prokuror R.Rəhimovun 12 il, Zamin Muradovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Vəkillər bildiriblər ki, hüquqlarını müdafiə etdikləri şəxslər mənzilə quldurluq yox, oğurluq məqsədi ilə giriblər.

Vəkillər təqdirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə verilmiş ittihamın 177-ci (oğurluq) maddəsinə tövsif edilməsini istəyiblər.

Məhkəmədə təqsirləndirilən şəxslər də son sözlə çıxış ediblər. Z.Muradov son sözündə deyib ki, yaşlı qadını vurmaq fikri olmayıb. O, evə oğurluq məqsədi ilə girdiklərini, evdə kiminsə olmasından xəbərsiz olduğunu qeyd edib.

Əməlindən çox peşman olduğunu deyən Z.Muradov yüngül cəza verilməsini xahiş edib: "10 il sonra kimə lazım olacam? Əməlimdən çox peşmanam. Bunu burda necə izah edəcəyimi bilmirəm".

Digər təqdirləndirilən R.Rəhimov da əməlindən peşman olduğunu söyləyib.

Hökmə əsasən Z.Muradov və R.Rəhimovun hər biri 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqdirləndirilən şəxslər 84 yaşlı Qafarova Bilqeyis Salman qızının evinə girib. Onlar quldurluq yolu ilə 2400 manat pul və 6000 manat dəyərində qızıl əşyalar aparmaqda şübhəli bilinərək həbs ediliblər.

Rüfət Rəhimov taksi sürücüsü olub və quldurluq etdikləri ev yiyəsini tanıyıb. Plastik qapı-pəncərə işi ilə məşğul olan ev yiyəsinin evində küllü miqdarda pulun olması barədə Rüfət həmyerlisi - qəssab işləyən Zamin Muradova məlumat verib. Beləliklə həmyerlilər evdə heç kimin olmadığını zənn edərək plan quraraq oğurluq məqsədi ilə evə daxil olublar. Lakin evi alt-üst edən zaman 84 yaşlı qadın səs-küyü eşidərək otağa daxil olub. Bu zaman Z.Muardov qadının başına dəmir zubul ilə bir neçə zərbə endirib. Sonra isə ələ keçirdikləri qənimətləri götürərək qaçıblar.