|
ABŞ 145 nəfər siyasi məhbusun azadlığını istəyir

ABŞ-ın ATƏT-dəki nümayəndəliyi bir sıra ölkələrdə insan haqlarının vəziyyətinə dair bəyanat yayıb. Sənəddə Azərbaycanla bağlı da hissə yer alıb. ABŞ nümayəndə heyəti bildirib ki, Azərbaycanda sonuncu müstəqil informasiya agentliyi olan “Turan”ın direktoru Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayır.

“Biz həmçinin Azərbaycan hakimiyyətinin müxalifətçi Natiq Cəfərlinin üzərindən ittihamların götürülməsi və ”Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azad edilməsi barədə qərarını alqışlayırıq. Biz hakimiyyəti Mehman Əliyevin üzərindən ittihamların və ölkədən çıxışına qoyulan məhdudiyyətin tam götürülməsinə çağırırıq"-deyə, bəyanatda bildirilir. 
ABŞ diplomatlarının yaydığı bəyanatda o da qeyd olunur ki, araşdırmaçı jurnalist Xədicə İsmayıl və vəkil İntiqam Əliyevin ölkədən çıxışına qoyulan qadağanın götürülməsi də vacibdir: “REAL Hərəkatının lideri İlqar Məmmədov daxil olmaqla, 145-dən çox adam siyasi məhbus hesab olunub. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun xeyrinə qərar çıxarsa da o, hələ də həbsdədir. Onların hamısı heç bir şərt olmadan azad edilməlidir”.

ABŞ-ın ATƏT-dakı nümayəndəliyinin bu bəyanatı ölkəmizdə ciddi etiraz doğurmaqla yanaşı, bəyanatda bir sıra diqqətçəkən məqamlar var. Belə ki, indiyə qədər beynəlxalq qurumlar ölkəmizdə siyasi məhbusların olduğunu deyir, amma Azərbaycanda bu sayda siyasi məhbusun olmadığını etiraf edirdilər. Amma bu dəfə tam əksi olaraq, ABŞ nümayəndəliyi bir növ hüquq müdafiəçisi Leyla Yunusun 160 nəfərlik siyasi məhbus siyahısını qəbul edir. Bu ilin əvvəllərindən başlayaraq, yalnız L.Yunusun siyahısında bu sayda siyasi məhbusun adı yer alırdı. Doğrudur, araşdırmaçı jurnalist Xədicə İsmayılın da hazırladığı siyasi məhbus siyahısı var idi ki, orada 94 nəfər məhbusun adı yer alırdı. 

ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin bəyanatında bir maraqlı məqam da odur ki, dindarların adları da 145 nəfər məhbusun siyahısında yer alır. Halbuki beynəlxalq qurumlar dindarları siyasi məhbus kimi qəbul etməkdə ehtiyatlı davranırlar. 

Politoloq, deputat Elman Nəsirov hesab edir ki, növbəti dəfə Qərbin müəyyən siyasi dairələrinin saxta hazırladığı hesabatla üz-üzə qalmışıq: “Məsələ ondadır ki, bu dəfə ABŞ-ın ATƏT-dəki nümayəndəliyi guya Azərbaycanda 145 nəfər siyasi məhbusun olduğu barədə mövqe bildirib. Bu yanaşma kökündən yanlışdır. Bu, Azərbaycanda faktiki ”Beşinci kolon" funksiyasını həyata keçirən müəyyən bəlli siyasi qrupların sifariş əsasında hazırladığı hesabatlardan götürülmüş bir mövqedir. Ölkə prezidenti dəfələrlə beynəlxalq kürsülərdən bəyan edib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş bir dövlətdir. Bugünlərdə keçirilən BMT-nin Baş Məclisinin 72-ci sessiyasında bu məsələlərə toxundu və dünya dövlətlərinə, beynəlxalq KİV-lərə çatdırdı ki, Azərbaycan demokratik yolla inkişaf edir, ölkədə söz, mətbuat və ifadə, dini azadlıq tam şəkildə müdafiə olunur. Azərbaycanda heç bir zaman siyasi məhbus olmayıb, ola da bilməz. İnsan haqlarının müdafiəsi dövlətimizin əsas işlərindən biridir. Azərbaycanda, bəli, məhbuslar var. Lakin bu məhbuslar siyasi deyil. Konkret cinayət əməlinə görə insanlar hüquqi müstəvidə cəzalandırılıb. Dövlətçilik əleyhinə fəaliyyət göstərən, Azərbaycan qanunlarına riayət etməyən, cinayətkar yol seçmiş insanlar var. Onlar təbii ki, cəzalandırılmalıdır. Hər bir kəs cinayət əməlinə görə cəzalandırılır. Müəyyən dairələr var ki, görürlər cinayət əməlləri onları gec-tez həbsxanaya aparacaq, bu səbəbdən siyasi bəyanatlar verirlər. Həbs edildikləri zaman başlayırlar ki, müəyyən vaxt siyasi bəyanat vermişdim. Təəssüf hissi ilə qeyd edirik ki, ABŞ-ın ATƏT-dəki nümayəndəliyi belə bir qərəzli bəyanat verir. Baxanda görürsən ki, bu bəyanat Leyla Yunus və Xədicə İsmayılın hazırladığı qondarma məhbus siyahıları ilə üst-üstə düşür. Görünən odur ki, Amerikadakı müəyyən siyasi dairələr Leyla Yunus və Xədicə İsmayıl kimi şəxslərin hazırladığı hesabatlara istinad edirlər. Onlar üçün digər möhtəbər mənbələrə istinad etmək lazım deyil. Hər kəsə bəllidir ki, Leyla Yunus və Xədicə İsmayıl fəaliyyətlərində konkret cinayət əməli olduğuna görə həbs ediliblər. Onlar buna görə də hüquqi müstəvidə cəzalandırılıblar. Belə insanların yalanları əsasında Azərbaycanda siyasi məhbusların olduğunu demək tamamilə qəbuledilməzdir. Xalqımız sifariş əsasında hazırlanan belə yanaşmaları qəbul etmir. Dini fəaliyyətlərində radikalizm, terrora çağırış elementləri olduğuna görə həbs edilmiş dindarlar da o siyahıdadır. Halbuki Amerika "Əl-Qaidə"ni, İŞİD-i terror təşkilatı elan edib. Belə olan təqdirdə maraqlıdır ki, bir yerdə olan insanları terrorçu olmaqda ittiham edə bilərlər, amma ölkəmizdə eyni cür məşğuliyyət yolunu seçmiş qüvvələrə qarşı eyni yanaşmanın şahidi deyilik. Buna ikili standartlar deyirlər. Təəssüflər olsun ki, ABŞ-ın ATƏT-dəki nümayəndəliyi bu cür yanaşmadan xilas ola bilməyib. Biz dəfələrlə bu cür ədalətsiz yanaşmaların şahidi olmuşuq. Bu cür yanaşmaların Azərbaycana heç bir təsir gücü yoxdur".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Azərbaycanda siyasi məhbuslarla bağlı yumşalma olan kimi beynəlxalq qurumlar bu cür bəyanatlarla çıxış edirlər: “Həmişə hakimiyyət normal addım atıb, siyasi məhbusları azad etməyə başlayanda sanki beynəlxalq qurumlarda qıcıq oyanır. Azərbaycanda siyasi məhbus var. Bu məhbusları azad etmək vacibdir. Amma ölkəmizdə 145 nəfər siyasi məhbus yoxdur. Bu qədər siyasi məhbusun olduğunu deməklə məsələni qəlizləşdirirlər. Mehman Əliyevi, Faiq Əmirlini azad ediblər, yəni müəyyən addımlar atırlar. Azərbaycan dövləti bu addımları atır, bundan sonra da atacaq. Hökumətimiz özünü elə aparmalıdır ki, Amerika bizə söz deməsin”.