|
Qarabağa dair daha bir diplomatik həmlə

Qarabağ danışıqlarının davam etdirilməsi üçün yenə kövrək ümidlər yaranıb. Lakin bu ümidlərin də fiasko olmayacağına kimsə zəmanət verə bilməz. Əsas da o səbəbə ki, rəsmi İrəvan hələ də ciddi danışıqların aparılmasına hazır görünmür, sadəcə, sülh prosesini imitasiya eləməklə məşğuldur.

Hərçənd, ötən həftə İrəvanda Ermənistanın xarici işlər naziri Edvadr Nalbəndyan “Ermənistan-diaspora” forumunda bəyan etmişdi ki, Dağlıq Qarabağa dair qapalı danışıqlar gedir və hətta ərazilərin qaytarılması məsələsi də masa üzərindədir. Lakin erməni nazir əlavə detalları açıqlamamışdı. “O halda danışıqlar pozula bilər”, - deyə o, ehtiyatla qeyd eləmişdi. 

İki gün öncə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Sefer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Edvard Nalbəndyanla görüşdü. Görüşdən sonra yayılan məlumatlara görə, bu təmaslar Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil eləmək məqsədi güdür.

Ancaq məntiqlə belə bir görüş baş tutacaqsa, o zaman həmin görüşə kimi tərəflər heç olmasa, XİN rəhbərləri səviyyəsində hansısa ilkin razılığa gəlməlidir. Əks halda, prezidentlərin daha bir nəticəsiz görüşünü təşkil eləməyə nə lüzum var ki? Bəs budəfəki diplomatik hərəkətlilik və ya yeni diplomatik həmlə nə vəd edir, İrəvanın gerçək hədəfi nədir - danışıqları süni surətdə uzatmaq, yoxsa?..

*****   

“Ermənilər işğal olunmuş rayonların qaytarılması ilə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini paralel olaraq həyata keçirmək niyyətindədir”. 

Bu sözləri axar.az-a politoloq Qabil Hüseynli Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında keçirilmiş görüşdən sonra ATƏT Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanata münasibət bildirərkən deyib. O bildirib ki, iki ölkə prezidentinin görüşündən əvvəl bəyanatın təfərrüatı tam olaraq açıqlanmır.

“Amma məsələ burasındadır ki, nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarını və görüşün gedişindən razı qaldıqlarını bildirib. Nəzərə alaq ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan erməni diasporunun üzvləri ilə görüşü zamanı ”Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin Azərbaycana qaytarılması ilə bağlı danışıqlar getdiyini bildirmişdi. Amma ermənilərə güvənmək olmaz, onlar öz bəd əməllərindən əl çəkmirlər. Bunun BMT-nin Baş Məclisində Ermənistan prezidenti Serj Sərkisyanın çıxışında bir daha şahidi olduq. O, Dağlıq Qarabağın statusunun tanınmadığı təqdirdə heç bir danışıqlardan söhbət getməyəcəyini vurğulayır", - deyə politoloq vurğulayıb.

Politoloq daha sonra qeyd edib ki, görüşün yeganə müsbət tərəfi danışıqlar prosesinin sürətlənməsidir: “Ancaq bəyanatda səsləndirilən digər fikirlər ermənilərin hər çıxışında təkrarladığı fikirlərdən başqa bir şey deyil. Onlar nə Rusiyanın imzaladığı Kazan anlaşmasının şərtlərini yerinə yetirməyin, nə də ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın səsləndirdiyi 7 rayonun qaytarılmasının tərəfdarıdır. Ermənilər ilkin mərhələdə 2 rayonun Azərbaycana qaytarılmasını, daha sonra isə prosesi mərhələli olaraq davam etdirməyi nəzərdə tuturlar. Görünür, onlar 2 rayonu qaytarmaqla, Dağlıq Qarabağın keçici də olsa, statusunu dəyişdirməyi paralel olaraq həyata keçirməyi nəzərdə tuturlar. Əlbəttə ki, danışıqlar prosesinin başlaması, gələcəkdə prezidentlərin görüşünün təşkil olunması ilə bağlı razılığa gəlinməsi müsbət haldır. Amma bunun nəticələrinin necə olması ilə bağlı açıq fikir söyləmək çətindir. Çünki Dağlıq Qarabağın yekun statusu danışıqlar əsasında müəyyən edilməlidir”.

*****

Bu arada erməni tərəfi Dağlıq Qarabağ mövzusunda söz oyununu davam etdirir. Guya ki, rəsmi İrəvan danışıqların növbəti mərhələsində “erməni maraqlarına zərbə vuracaq” addım atmağa hazırlaşır. Məsələn, musavat.com 1 in.am erməni nəşrinə istinadən xəbər verir ki, separatçı rejimin keçmiş “xarici işlər naziri” Armen Melikyan bu xüsusda iddia edib ki, Ermənistanın aprel döyüşlərindən sonra ön şərtləri təmin olunmadan danışıqları davam etdirməyə razılıq verməsi yanlışdır və Azərbaycana üstünlük yaradır.

“Erməni və Azərbaycan məmurlarının müzakirələri Madrid prinsipləri əsasında gedir. Bu prinsiplər əsasında danışıqlar isə nəinki bizim maraqlarımıza ziddir, həm də yeni geniş miqyaslı hərbi əməliyyatlar ehtimalını ciddi şəkildə artırır. Aydındır ki, Azərbaycan tərəfi burada özünə bəzi üstünlükləri təmin eləmiş olur”, - deyə o bildirib.

Melikyan danışıqlara qatılan erməni məsul şəxslərini prinsipsiz və dişsiz mövqe tutmaqda ittiham edib: “Məhz bu şəxslərin hesabına rəsmi Bakı bir yandan imkan vermir ki, danışıqlar prosesi sönsün və ön şərt olmadan ərazilərin qaytarılması şərtini irəli sürsün, digər yandan isə ”ərazilərinin həyasız təcavüzkardan güc yolu ilə azad edilməsi" siyasətini aparsın".

Onun sözlərinə görə, Azərbaycan danışıqların bərpasına ona görə çalışır ki, yalnız bu yolla o, öz siyasi hədəflərinə çatmağa hesablanmış proqramını praktik olaraq tam təmin edir. “Erməni tərəfinin Bakıya qarşı effektli kontur-oyunu yoxdur. Və belə görünür ki, bunun olmasını heç istəmir də. Erməni tərəfi cəbhə xəttində hərbi əks-zərbə endirmək kimi nəticəsiz bir strategiya seçib. Halbuki bununla o, qabaqcadan bizim sərhədlərin müdafiəçilərini hədəfə çevirir - düşmən özü qərar verir ki, harda necə və hansı qüvvə ilə mövqelərimizə zərbə endirsin. Bu isə istənilən halda ona üstünlük yaradır ” - Melikyan əlavə edib.

***** 

Azərbaycan əlbəttə ki, öz ərazisində sonuncu erməni işğalçısı qalanadək istədiyi vaxt, istədiyi yerdə düşmənə hərbi zərbə endirəcək. Erməni tərəfinin yeni və daha böyük canlı itkilərdən qaçması üçünsə tək yolu isə Qarabağ danışıqlarında ədalətli sülhü yaxınlaşdıracaq mövqe tutmaqdır. Əks halda, özünə qarşı ədalətli müharibəni yaxınlaşdırmış olacaq.