|
Nefti bahalaşdıran iki mühüm səbəb: Tramp və Bərzani

İraq Kürdüstanında keçirilən müstəqillik referendumu və bunun bölgədə, eləcə də dünyada yaratdığı gərginlik neft bazarında da qiymətlərin sürətlə artmasına gətirib çıxarıb. Uzun müddətlik fasilədən sonra neftin qiyməti ilk dəfə 61  dollar civarına yaxınlaşıb. Bəs görəsən, proseslərin davamı neftin qiyməti ilə bağlı nə vəd edir? Bu bölgənin dünya neft bazarına təsiri niyə bu qədər böyükdür? Bu prosesdən iqtisadi baxımdan Azərbaycanın qazancı nədir?

“Yeni Müsavat”  mövzu ilə bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın müsahibəsini təqdim edir.

- İlham bəy, İraq Kürdüstanında baş verənlər neftin bahalaşmasında niyə bu dərəcədə böyük rol oynayır? Bu bölgənin dünya neft bazarında rolu nə qədərdir?

- Doğrudur,  önəmli amil Kürdüstan məsələsi idi. Onun ətrafında cərəyan edən məsələlər  neftin qiymətinin artmasına təsir etdi. Nəticə etibarilə gün ərzində neftin qiyməti 4 faiz bahalaşdı. Çünki İraq Kürdüstanı neftlə zəngin bir ərazidir. İraq hökumətinin iyul ayında OPEK-in Monitorinq Komitəsinə verdiyi rəsmi açıqlamaya görə, bu ölkənin gündəlik  4,3 milyon barel neft hasilatı olub. İraq Kürdüstanı isə bəyan edib ki, hasil edilən neftin 60 faizi onun payına düşür. Ancaq mərkəzi hökumət bunu şişirdilmiş rəqəm hesab edir. İraq Kürdüstanında nə qədər neft hasil edildiyi haqda dəqiq rəsmi məlumat yoxdur. 2009-cu ildə İraq Kürdüstanı ilə mərkəzi hökumət arasında neftlə bağlı belə bir razılaşma oldu ki, onlar Kərkük-Ceyhan boru kəməri ilə nefti dünya bazarına ixrac edirlər. Onlar 1 milyon barel həcmindəki gündəlik ixracın 25 faizinin pulunu mərkəzi hökumətə ödəyirdilər, oradan özlərinin ehtiyacları üçün 17 faiz həcmində vəsait alırlar. Razılaşmanın çox yaxşı şərtləri var idi. Sonradan  2010-cu ildə bu razılaşma pozuldu. İraq Kürdüstanını ittiham etdilər ki, onlar 1 milyon bareldən daha çox neft çıxarır və ixrac edir. Nəticədə razılaşma pozuldu. İraq Kürdüstanı daha çox qaçaqmal yolu ilə neft hasil etməyə başladı. Hətta oradan İranın neft zavodlarına belə qaçaqmal yolu ilə neft göndərirdilər. Rusiya da Türkiyəni ittiham edirdi ki, həmin neft Türkiyəyə ixrac olunur. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmaması bilinmir. Ancaq o da məlumdur ki, İraq Kürdüstanında çoxlu kiçik neft emalı qurğuları var. Bu yolla da neftdən kerasin, aşağı oktanlı benzin istehsal edə bilirlər. Bunu daha çox hərbi məqsədlərlə istehsal edirlər, hərbi maşınlarda yanacaq kimi istifadə olunur. Əsas gəlirləri də bundan ibarət idi.

- Son günlərdə yaşanan gərginliyin bazara təsiri qalıcı olacaqmı?

- Mərkəzi hökumət Kərkük neftini hətta güc tətbiq etmək bahasına  öz nəzarətində saxlayacağını elan edəndə  bu, bazar iştirakçıları arasında çox böyük vəlvələyə səbəb oldu. Ərdoğan isə açıqlama verdi ki, Kürdüstan müstəqilliyə doğru real addım atarsa, onların iqtisadiyyatı neft üzərində qurulduğundan biz bunun qarşısını almaq üçün Ceyhan boru kəmərinin krantını bağlayacağıq. Bu, 1974-cü ildən istifadəyə verilmiş boru kəməridir və Avropaya İraq neftini daşıyan yüksək keyfiyyətli infrastrukturdur. Zaman-zaman bu kəmər terroristlərin hücumlarına məruz qalsa da, orada o qədər böyük  rezervuarlar tikilib ki, stabil olaraq ixracı təmin edirdi.  Terrora məruz qalan zaman qısa müddətdə bərpa edilirdi. Məsələ ondadır ki, referendumdan sonra gərginlik şkalasının necə dəyişəcəyi bəlli deyil. Həqiqətən mərkəzi hökumətlə İraq Kürdüstanı arasındakı gərginlik artacaqmı? Konfliktə sırf neft prizmasından yanaşsaq, mərkəzi hökumət neft hasilatı üzərində nəzarəti bərpa edə biləcəkmi? Digər tərəfdən, İraq Kürdüstanı müstəqilliyini elan edibsə, bunun təminatçısı kimi nefti görür. Neft onun əlindən çıxsa, heç nə edə bilməz. Hər şey bu məsələlərin çözümündən asılıdır.

- Türkiyə həqiqətən Ceyhan kəmərinin İraq Kürdüstanının üzünə qapadılmasına gedəcəkmi?

- Bir məsələ də var ki, İraq Kürdüstanında neft sektorunda tikinti işlərini demək olar ki, türk şirkətləri həyata keçirir. Türk şirkətləri təqribən 10 milyard dollar civarında podratçı işləri görürlər. Yəni krantı bağlamaq o qədər də sadə məsələ deyil. Əgər Türkiyə buna getsə, həmin şirkətlər vasitəsilə gələn vəsait də əlindən çıxacaq. Türkiyəyə həmin vəsaitləri neft pulundan ödəyirdi. Türkiyə həmin şirkətlərin gəlirlərini itirməmək üçün krantın bağlanmasına getməyəcək. Əgər bağlanacaqsa, özü də itirəcək. Bundan sonra bölgədəki siyasi gərginliyin hansı həddə kimi yüksələcəyini, proseslərin necə dəyişəcəyini demək çətindir.  Digər bir məsələ odur ki, İraq Kürdüstanında baş verən hadisələr Suriyadakı kürdlərə necə təsir edəcək? Bu, Türkiyəyə necə əks-təsir edə bilər? Burada İran faktoru da var. Bu bölgə həm neftlə zəngindir, həm regionda xüsusi çəkiyə malikdir. Bütün bunlar neftin qiymətinə təsir edəcək amillərdir.

- Hazırda dünya bazarında neftin bahalaşmasına səbəb olan başqa hansı amillər var? Bir ay öncə bazarı yönləndirən ABŞ-ın neft hasilatı nə vəziyyətdədir?

- Artıq 6-cı həftədir ki, ardıcıl olaraq Amerikanın şist neft yataqlarında qazma qurğularının sayı azalır. Bu da neftin qiymətinin artmasına yönələn çox mühüm amildir. Neftin heç də aşağı olmayan qiymətlərində artıq şist neft yataqlarına maraq azalır. Səbəb isə odur ki, həmin yataqların heç də hamısı eyni dərəcədə rentabelli deyil. İkincisi də, şist neft yataqlarında hasilatı çox tez bərpa edib intensiv hasilatla məşğul olmaq mümkün deyil. Təbii ki, oradan ehtiyatlar çıxarıldıqca, yatağın rentabelliyi azalır. Nəticədə yeni quyuların qazılmasına maraq azalır.

- Azərbaycan nefti hazırda dünya bazarında “Brent” markalı neftdən nə qədər baha satılır?

- Təxminən 2 dollar baha satılır. “Brent” markalı neft sentyabrın 26-da günorta saatlarında 58, 85 dollara satılıb. Azərbaycan nefti isə üzərinə iki dollar əlavə olunmaqla satılır.  Ancaq bir məsələ var ki, Azərbaycan nefti gündə bir tanker ixrac olunur. Onun qiyməti hər dəqiqə dəyişmir, çünki bizim neft birjalarda oynamır. Azərbaycan nefti limandaca satılır, satılmazdan öncə tərəflər arasında  qiymət razılaşması olur. Bizim neft terminalda yüklənən anda alıcı ilə satıcı arasında həmin günün qiymətinə uyğun sövdələşmə olur. Digər neft markalarının qiyməti isə gün ərzində dünya bazarında mütəmadi olaraq dəyişir.

- Azərbaycan neftin bahalaşmasından nə qədər əlavə gəlir qazanır?

- Azərbaycan hazırda gündəlik olaraq 620-630 min barel arasında  neft  ixrac edir. Söhbət sırf qərb marşrutu üzrə ixrac edilən neftdən gedir. Neftin qiyməti 2 dollar bahalaşarsa, bu o deməkdir ki, Azərbaycan həmin gün 1,2-1,3 milyon dollara yaxın əlavə qazanc əldə edir.