|
Növbəti ilin büdcəsi ilə bağlı pozitiv anons...

“Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaq”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

Dövlət başçısı qeyd edib ki, diqqəti daha çox kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik: “Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıb, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaq. Yəni iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir ölkədir. Gələcək illərdə bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə, bütün rayonlarda işlər daha da yaxşı gedəcək”.

Bəs görəsən gələn ilin dövlət büdcəsinin daha böyük olmasını hökumət hansı maliyyə resursları üzərində quracaq? Dövlət büdcəsinin xərcləri artarsa, bu hansı gəlirlər əsasında tənzimlənəcək?

Image result for Vüqar Bayramov

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, dövlət büdcəsinin xərcləmələrinin çox olması üçün gəlirlərinin artmasına ehtiyac var: “Əgər Azərbaycan 2018-ci ildə büdcə xərcləmələrini artırırsa, bu o deməkdir ki, büdcə gəlirlərində də artım olacaq. Bu da neftin büdcədəki qiyməti ilə bağlı ola bilər. Və ya Dövlət Neft Fondundan transferlərin həcminin artırılması büdcə gəlirlərinin artmasına təsir göstərə bilər.

Həm Azərbaycan hökuməti, həm də beynəlxalq maliyyə qurumları növbəti ildə ölkəmizdə iqtisadi artım olacağını, iqtisadiyyatın böyüyəcəyini proqnozlaşdırırlar. Nəticədə büdcə gəlirləri artacaq və xərcləmələrin həcmi də buna uyğun olaraq böyüyə bilər".

Vüqar Bayramov vurğuladı ki, qeyri-neft sektorundan gələn gəlirlərin həcmində artım olması daha arzuolunandır: “Hələ ki büdcə layihəsi ictimaiyyətə təqdim olunmayıb. Bu baxımdan, rəqəmlər üzərindən təhlil aparmaq mümkün deyil. Amma indiki halda qeyri-neft daxilolmalarının payında artım olması müsbət hal ola bilər. Çünki iqtisadiyyatın diversifikasiyası büdcə gəlirlərinin mənbələr üzrə şaxələnməsini tələb edir. Xərcləmələrin strukturu da çox önəmlidir. Əgər büdcə xərcləmələri artacaqsa, biz büdcədə sosial xərcləmələrin payının artmasının tərəfdarıyıq.

İnkişaf etmiş ölkələrin büdcə sisteminə diqqət yetirsək, orada sosial istiqamətə daha çox diqqət yetirilir. 2018-ci ilin büdcəsində sosial xərclərin artması daha məqsədəuyğundur.

Nəzərə alsaq ki, 2017-ci il iqtisadi axımdan nisbətən stabil il oldu. Fevral ayından etibarən manatın məzənnəsi stabil qaldı və öncəki illərdə müşahidə olunan iqtisadi risklər artıq bu il daha az hiss olundu. Bu da imkan yaradır ki, növbəti il sosial istiqamətlərə daha çox ayırmalar mümkün olsun, əmək haqqı və pensiyalarda artım olsun".

İqtisadçı vurğuladı ki, gələn ilin büdcəsində xarici borcun ödənilməsinə ayırmalar da büdcə xərcləmələrində yer tutacaq: “Xarici borcun tənzimlənməsi ilə bağlı limit var, bu limit Maliyyə Nazirliyi tərəfindən təqdim olunur. Büdcə tərtib olunan zaman bu limit də tətbiq olunur. Burada artıq Azərbaycanın əvvəlki illərdə aldığı kreditlər üzrə borcların qaytarılma sisteminə uyğun olaraq illər üzrə borc məbləğinin bölünməsi həyata keçirilir. Hələlik büdcə layihəsi təqdim edilmədiyi üçün borc məbləğinin hansı limit əsasında götürüldüyü məlum deyil”.

Növbəti ilin dövlət büdcəsində neftin qiymətinin neçə dollardan götürüləcəyinə gəlincə, V. Bayramov vurğuladı ki, bu rəqəm 45 dollar ola bilər: “Növbəti ildə dünya bazarında neftin qiymətinin necə dəyişəcəyini demək nəinki çətindir, hətta mümkün deyil. Beynəlxalq maliyyə qurumları belə dəqiq proqnoz verməkdə çətinlik çəkirlər. BP kimi böyük neft şirkəti belə növbəti illə bağlı dəqiq proqnoz verməkdə çəkinir. Bu şirkətin hesabatında BP-nin neftin qiymətini proqnozlaşdırmadığı vurğulanır. O  baxımdan, neftin qiymətini  proqnozlaşdırmaq çətindir. Yalnız OPEK-in hasilatın azaldılması ilə bağı öhdəlikləri deyil, siyasi faktorlarla bağlı olaraq da neftin qiyməti dəyişə bilər. Azərbaycan və OPEK üzvü  olan digər neft ölkələri dünya bazarında  qara qızılın qiymətinin 50-60 dollar arasında dəyişməsini məqbul hesab edirlər. Hazırkı qiymətləri və OPEK-in öhdəliyini, o cümlədən OPEK-in 2018-ci ilin martında yenidən hasilatın azaldılması ilə bağlı öhdəliyinə baxacağını nəzərə alsaq, indiki məqamda dövlət büdcəsində neftin bir barelinin qiyməti 45 dollardan götürülsə daha məqbul olar. Bu daha ehtiyatlı qiymətdir. Hökumət çalışmalıdır ki, büdcədə mühafizə olunmuş qiyməti müəyyənləşdirsin ki, sonradan dəyişikliklərdən sığortalana bilsin”.