Son 6 ayda ilk dəfə 57 dollara qalxdı
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar və ya 0,26% azalaraq 50,53 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar və ya 0,40% artaraq 57,09 dollar olub. Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2017-ci ilin mart ayından etibarən ilk dəfə 57 dolları ötüb.
Bugünkü ticarət sessiyasında Brent və WTI markalarının qiymətləri arasındakı spred 6,56 dollara çatıb ki, bu da 2015-ci ilin avqust ayından etibarən maksimal göstəricidir.
Qlobal birjalarda yaşanan bu dəyişikliyi dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışarkən bildirdi ki, neftin qiyməti ilə bağlı iki önəmli faktor gündəmdədir: “Birincisi, təbiətdən doğan səbəblərdir ki, Amerikada çox dəhşətli qasırğa oldu. Bunun nəticəsində o ölkədə hasilat 12 faizə yaxın azaldı. Çünki qasırğa olan bölgədə buruqlarda işləyən işçiləri evakuasiya etdilər. Həm buruqların sayının azalması, həm istehsalın azalması bazarlara təsir göstərdi.

Bundan əlavə, son iki gündə bəzi siyasi məsələlər önə çıxıb. İraq Kürdüstanındakı referendumla bağlı müharibə şəraitinin yaranması ehtimalının artması, kürdlər yaşayan bölgəyə müdaxilələrin gözlənilməsi bazara təsir edir. Çünki İraqın gündəlik 4 milyon barel hasilatının az qala yarısını bu bölgə təmin edir. Dünya bazarında belə bir təəssürat yaranıb ki, həmin ərazidə vəziyyət bir qədər də gərginləşsə, bazarlara çıxarılan İraqın Kürdüstan bölgəsinin nefti azala bilər. Bu ehtimal artdığından bu gün bazarda Brent markalı neft bahalaşdı".
N.Cəfərli iki neft markası arasındakı 7 dollarlıq spredin yaxın günlərdə aradan qalxacağını da diqqətə çatdırdı: “Burada önəmli olan bir məqam da var ki, Şimali Amerikanın WTI markalı neftinin qiyməti indi 50 dollardır. Brent markalı neftin qiyməti ilə Amerika neftinin arasında 7 dollarlıq fərqin olması heç də yaxşı hal deyil. Belə aşağı qiymətlərdə iki marka arasında 7 dollar fərq ola bilməz. Bir müddət ya Şimali Amerika nefti 50 dollardan yuxarı qalxmalıdır ki, bu spred azalsın, ya da Brent markalı neftin qiymətində ciddi düşmə ola bilər.
Bu həftə çox maraqlı açıqlamalar olacaq. Həftənin 3-cü günü Bakı vaxtilə 18:30-da ABŞ-ın fəlakətdən sonra özünə gəlmiş neft sektorunda hasilat və neft ehtiyatlarının miqdarı açıqlanacaq. Bu rəqəmlər neft bazarına yön verməkdə rol oynayacaq. Növbəti olaraq , həftənin 5-ci günü Bakı vaxtilə 22:30-da Amerikada qasırğadan sonra buruqların sayı açıqlanacaq. Buruqların sayında artım olması ehtimalı var. Bu iki hadisə neft qiymətlərinə ciddi təsir edəcək amillərdir".
Ekspertin sözlərinə görə, psixoloji amillər də bazara təsir göstərir: “Keçən həftənin sonunda, cümə və şənbə günləri OPEK ölkələri və Rusiyanın energetika nazirlərinin görüşü oldu. Hasilatın azaldılması 2018-ci ilin mart ayına qədər uzadılmışdı. Son görüşdə isə təklif edilib ki, bu 2018-ci ilin sonuna kimi uzadılsın. Lakin bu informasiya bazarda elə də reaksiya doğurmadı. Hamı başa düşür ki, bu, sadəcə, vaxt uzatmaqdır, nə vaxt olsa da bu hasilatın azaldılması bitməlidir.
Bu, bazarlara dayanıqlı təsir edən bir amilə çevrilmir, müvəqqəti olaraq psixoloji təsir yaradır, sonra da geri çəkilmələr olur. Bu həftə Amerikada açıqlanan rəqəmlər neft bazarına yön verəcək amillərdən biri olacaq. Ancaq neftin qiymətinin 60 dollara qədər qalxması ehtimalı çox aşağıdır. Bəzi amillər var ki, neftin qiymətləri üzərində basqı qurur. Bu, həm dünya üzrə hasilatın yüksək səviyyədə artacağı ehtimalıdır, həm də neft istehlakının kifayət qədər azalması trendidir. İnkişaf etmiş ölkələrdə, Amerikada, Avropa Birliyində yeni texnologiyaların tətbiq edilməsinin nəticəsi olaraq artıq neftə olan tələbat azalır, bunun əvəzində inkişaf etməkdə olan ölkələrdə, əsasən də Çin və Hindistanda istehlak artır.
Digər bir amil isə ondan ibarətdir ki, dünyada neftin qiyməti dollarla hesablanır. Dollar son aylarda kifayət qədər ucuzlaşıb, bu gün dünyada dolların indeksi 92-yə bərabərdir. 3 ay öncə dolların indeksi 100-dən yuxarı idi. O zamankı 50 dollarlıq qiymətlə hazırkı 57 dollar alıcılıq gücü baxımından eynidir".
Natiq Cəfərli onu da vurğuladı ki, Azərbaycanda 2018-ci ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürüləcəyi gözlənilir: “Artıq Rusiyadan da bu cür siqnallar daxil olur ki, neftin qiyməti 50 dollardan götürülsün. Adətən Azərbaycanda Rusiya ilə eyni yanaşma olur. Düşünürəm ki, bu qiymət normaldır. Neftin qiymətinin gələn il 50 dollar civarında olması ehtimalı böyükdür. Ola bilər ki, qiymət bəzi aylarda 47-48 dollara qədər aşağı düşsün, bəzi aylarda 52-55 dollar arasında olsun. Ancaq orta qiymətin 50 dollar ətrafında olması ehtimalı çox böyükdür”.
