|
BMT-dəki Qarabağ müzakirələrindən çıxan əsas nəticə

Ötən həftə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan arasında planlaşdırılan görüş nəhayət ki, baş tutdu. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində reallaşan görüşün detallar həmişəki kimi, bəlli olmasa da, ortada ciddi nəticənin olmadığı aydındır.

ATƏT-in mətbuat xidmətinin yaydığı yekun bəyanatın mətnindən də göründüyü kimi, budəfəki görüş də təmas xəttindəki gərginliyin səngidilməsinə hesablanıb və növbətçi xarakter daşıyıb. “Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub”, - deyə, həmsədrlərin bəyanatında bildirilir. Diplomatlar ümid edirlər ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələlər üzrə kompromis qərarların axtarışında tərəflər arasında etimad və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək. Nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarını da ifadə ediblər. O da qeyd olunur ki, həmsədrlər, yerlərdə və danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək və prezidentlərin növbəti görüşünə hazırlığa dair məlumat vermək üçün ATƏT-in baş katibi Tomas Qreminger və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüblər. Həmçinin vurğulanıb ki, Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfər etmək niyyətindədir.

Qeyd etdiklərimiz onu deməyə imkan verir ki, əvvəlki görüşlərlə müqayisə etsək, bəzi adlardan və görüş tarixindən, həmçinin məkandan fərqli heç nə yoxdur. 1996-cı ildən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa - növbəti görüşü reallaşdırsalar da, Azərbaycan ərazilərinin bir qarışının belə işğaldan azad olunması istiqamətində irəliləyişə nail olmayıb. Hansı ki, Azərbaycan prezidentinin BMT Baş Assambleyasının tribunasından bəyan etdiyi kimi, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. Lakin BMT tribunasından səsləndirilən ədalətə çağırış mesajları da həmsədrləri daha obyektiv mövqe tutmağa sövq edə bilmədi. Əksinə, onlar Nyu-Yorkda Qarabağ ermənilərinin “müstəqillik” iddiaları barədə danışan Ermənistan prezidentinin cəfəng fikirlərini eşitməzliyə vurub prezidentlər arasında növbəti görüşün baş tutması istiqamətində axtarışlara başlayıblar.

“Nazirlərin görüşü təbii ki, müsbət bir hal kimi dəyərləndirilə bilər. Çünki belə görüşlər həmsədrlərin iştirakı ilə keçirilir və istənilən bəyanat və tərəflərin mövqeyi həmin dövlətlərin rəhbərliyinə məruzə olunur”.

Image result for Politoloq Arzu Nağıyev

Politoloq Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert qeyd etdi ki, yenə də son görüşdə heç bir tərəf öz mövqeyindən geri çəkilmədi: “Ümumiyyətlə, BMT Baş Assambleyasının 72-ci sessiyasından sonra bu görüşün baş tutması da sual altında idi. Lakin burada bir nüfuz davası da gedir. Rusiya öz nüfuzunu bərpa etmək üçün dini rəhbərlər səviyyəsində də görüş təşkil etdi və müsbət bir nəticə əldə olunmadı. Bundan sonra Nalbəndyanın bəyanatı da bir rezonans yaratdı və məlumdur ki, bu da sessiya öncəsi bir siyasi gediş idi. ABŞ isə dərhal yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə başladı”. A.Nağıyev bu fikirdədir ki, Azərbaycan və Ermənistan prezidentlərinin bir-birinə zidd çıxışları da dünya ictimaiyyətini narahat etməyə bilməzdi: “Sərkisyanın qeyri-adekvat çıxışına tutarlı cavab verən cənab İlham Əliyevin Ermənistan prezidentini cinayətkar adlandırması, hətta 2016-cı ilin aprel hadisələrinin təkrarlana biləcəyi anonsu dünya dövlətlərinə konkret bir çağırış kimi dəyərləndirilməlidir. Supergüclər də başa düşməlidirlər ki, bu prosesin sonu regional və ya beynəlxalq hərbi əməliyyatlarla və daha doğrusu, müharibə ilə nəticələnə bilər. Bu isə heç kimin marağında deyil. Eyni zamanda status-kvonu saxlamaq da artıq mümkün deyil. Prezidentlərin görüşləri baş tutarsa, artıq Ermənistan tərəfi qoyulan konkret suallara cavab verməlidir. Çünki cənab İlham Əliyevin qaldırdığı məsələlər həm də Ermənistanda ciddi mövzu kimi müzakirələrə səbəb olub. Buna görə də görüşün gərgin olacağı artıq indidən məlumdur. Çünki bu, Ermənistana verilən bəlkə də son şansdır. Dünya ictimaiyyəti bu haqda xəbərdar edildi, tərəflər və havadarlar ikili yanaşmanın nə ilə nəticələnəcəyini gözəl başa düşürlər. Məhz buna görə də qarşıda gərgin bir prosesin olacağı məlumdur”.

Əslində Ermənistanın mövqeyi məlumdur, danışıqlar, sadəcə, işğalçı ölkəyə əlavə vaxt udmaq, Azərbaycan torpaqlarında daha da möhkəmlənmək üçün lazımdır. Necə ki, Nyu-York görüşü ərəfəsində erməni diasporu qarşısında çıxış edərkən “Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində ”Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir" bəyanatı verən Ermənistan XİN başçısı E.Nalbəndyan bir həftə sonra dediklərini təkzib etdi. Əslində o, bu fikirləri İrəvanın “konstruktiv” mövqe sərgilədiyi barədə rəy yaratmaq niyyəti ilə ortaya atmışdı. BMT səfəri ərəfəsində belə bir manevr ona lazım idi. Ancaq bundan dərhal sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan Nalbəndyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz etdi və bildirdi ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir: “Dağlıq Qarabağ boyunca təhlükəsizlik sistemi yaradılıb. Bu sistemin pozulması acınacaqlı nəticələrə gətirib çıxara bilər”. E.Nalbəndyanın məhz bundan sonra dediklərini təkzib etməsi erməni hökumətinin ordudan çəkinməsi kimi də izah oluna bilər. Amma əslində İrəvan beynəlxalq rəydə “mən güzəştə hazıram, sadəcə, ordu razı deyil” rəyi yaratmaqla çoxbaşlı oyun oynayır. Yeri gəlmişkən,  I Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə xüsusi seçilən və bu gün Ermənistanda işğal siyasətinin qatı tərəfdarı kimi çıxış edən “Komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan da yay aylarında İrəvanın əraziləri Azərbaycana qaytarmaq istədiyini açıqlamışdı. “Belə söhbətlər var ki, biz əraziləri təhvil verəcəyik. Əslində bunu Minsk Qrupu da, Rusiya da istəyir. Lakin bu, bizim sonumuz deməkdir. Çünki əvvəlcə bir rayonu, daha sonra bütün Qarabağı qaytaracağıq. Yəni ”domino effekti" yaranacaq, sonda isə Ermənistan yox olacaq", - deyə o, güzəştin mümkünsüz olduğunu demişdi.

İndiki situasiyada Ermənistanla danışıqlar aparmağın mənasız olduğunu elə Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qondarma Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın sentyabrın 25-də yeni “hökumətin” strukturunu təsdiqləməsi də bir daha sübut edir. Həmin bu separatçı qurumun rəhbəri 12 nazir, həmçinin digər 3 qurumun rəhbərindən ibarət “hökuməti təsdiqləyib”. Erməni separatçıları bu ilin yanvarında “konstitusiya referendumu” keçirməklə Dağlıq Qarabağda “prezident respublikası”nu qurduqlarını elan ediblər. Daha sonra baş separatçı Bako Saakyan özü üçün növbəti seçki şousu keçirib. Qarabağ quldurları yeni “hökumət”i 25 sentyabrda elan etməklə də tərəfdarlarına mesaj veriblər. Erməni mediası da yazır ki, B.Saakyanın hökuməti məhz “Kürdüstan”dakı “müstəqillik” referendumunun keçirildiyi gün elan etməsinin simvolik mənası var. Heç şübhəsiz ki, dünyanın istənilən bölgəsində separatçıların meydana çıxması erməni separatçılarını da şirnikləndirir. İraq kürdlərinin referendum qərarı isə onlara əlavə stimul verir. Hesab olunur ki, kürdlər “müstəqil dövlət” qurduqdan sonra Dağlıq Qarabağ ermənilərinin “müstəqillik” yolu da qısalacaq. Ancaq bundan əvvəl ermənilər özlərini digər nümunələrlə də “qələbəyə yaxın” sayıblar, di gəl, yanılıblar. İraq kürdləri hətta məqsədlərinə çatsalar belə, bu, Qarabağ erməniləri üçün presedent olmayacaq. Çünki ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyin edib, havadarlarının dəstəyi ilə Azərbaycan ərazisində Ermənistan adlı dövlət qurulmasına nail olublar, ikinci belə bir dövlətin qurulmasına Azərbaycan dövləti heç vaxt imkan verməyəcək. Görünür, bu ilin yazında “ilin sonuna qədər Dağlıq Qarabağın müstəqilliyini bir dövlət tanıyacaq” deyərkən E.Nalbəndyan İraq kürdlərinə istinad edirmiş. Ancaq hələ kürd separatçılarının taleyi necə olacaq, bununla bağlı konkret fikir bildirmək çətindir, ona görə də ermənilər sevinməyə tələsməsinlər.

Image result for Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a dedi ki, BMT Baş Assambleyasından sonra yaranmış vəziyyət yaxın dövr ərzində münaqişənin həlli ilə bağlı prosesin fəal mərhələyə qədəm qoyacağına ümid yaratmır: “Həmsədrlərin son bəyanatından da bəlli olur ki, xarici işlər nazirlərinin görüşündə prosesin yüksək səviyyədə davamı ilə bağlı irəliləyiş baş verməyib. Nalbəndyanın diaspor nümayəndələri ilə görüşdən sonra özünütəkzibə məcbur edilməsi də sübuta yetirir ki, rəsmi İrəvan torpaqların işğaldan azad edilməsi ilə bağlı Ermənistanda yekdil fikrin olmadığını diqqətə çatdırmaq istəyir”.

E.Mirzəbəyli bir məqama diqqət yetirilməsini zəruri sayır: “Son zamanlar erməni ekspertləri ”hərbi diplomatiya" sözünü tez-tez dilə gətirirlər. Görünür hərbçilərin aktivləşdirilməsində də məqsəd diplomatik təmasları arxa plana keçirməkdən ibarətdir. Ermənistan diplomatik və informasiya cəbhəsində son dövrlərdə gerilədiyinin fərqindədir". Politoloq qeyd etdi ki, BMT Baş Assambleyasında baş verənlər də bu geriləmənin pik nöqtəsi oldu: “Ola bilsin ki, işğalçı ölkə diplomatik müstəvidə taym-aut götürmək üçün hərbi ritorikanı gücləndirmək, diqqəti daha çox atəşkəs rejiminin qorunmasına yönəltmək istəyir. Bu baxımdan Ermənistanın prosesi ”hərbi diplomatiya" müstəvisinə çəkmək üçün təxribatları davam etdirəcəyi ehtimalı daha çoxdur. Azərbaycan isə təxribatlara qarşı atacağı addımların anonsunu BMT tribunasından verib".

Xatırladaq ki, Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açıqlanıb. İndi Ermənistan xarici işlər naziri E. Nalbəndyanın timsalında əlacsız şəkildə bundan qaçmağa cəhd göstərir. Rəsmi Bakının isə mövqeyi bundan ibarətdir ki, Azərbaycan hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlarda maraqlıdır. Azərbaycan XİN başçısının Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asiflə görüşməsinin də simvolik mənası var. Pakistan işğalçı Ermənistanla diplomatik əlaqələr qurmayan və Azərbaycana hər cür dəstək verən dövlətdir. Üstəlik, bugünlərdə Azərbaycan ordusunun keçirdiyi genişmiqyaslı hərbi təlimlər, həmçinin Türkiyə ordusu ilə reallaşan birgə təlimlər Ermənistanı narahat edən amillərdir. Ərazi güzəşti söhbətləri həm də buradan qaynaqlana bilər.