Masallı rayonunda həbs olunan ilahiyyatçı Sərdar Babayevin apellyasiya şikayəti təmin edilməyib.
Musavat.com xəbər verir ki, ilahiyyatçının 3 il azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanılıb.
Proses sentyabrın 25-Şirvan Apellyasiya Məhkəməsində baş tutub. Məhkəməyə hakim Rafiq Cəlilovun sədrlik edib. İlahiyyatçının vəkili Yalçın İmanovun bildirdiyinə görə, məhkəmə binasının ətrafı polis əməkdaşları tərəfindən ciddi mühafizə olunub. Vəkilin sözlərinə görə polislər S.Babayevin məhkəməsinə gələnlərə içəri daxil olmağa icazə verməyiblər. Prosesə yalnız ilahiyyatçının vəkilləri və Sərdar Babayevin 7 nəfər qohumu buraxılıb. Məhkəmədə vəkillər Y.İmanov və Cavad Cavadov bu cür davranışa etiraz olaraq, məhkəmədə müdafiə çıxışından imtina ediblər.
S.Babayev özü isə çıxışında haqqındakı hökmün qanunsuz və əsassız olduğunu bildirib.
İlahiyyatçı məsciddə namaz qılmağa, xütbə oxumağa görə həbs edilməyin absurd olduğun söyləyib. O, hökmün ləğv olunmasını və bəraət verilməsini istəyib.
Hakimlər qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını və S.Babayevin 3 il azadlıqdan məhrum edilməsi haqda Masallı Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.
Şirvan Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
