|
Fəxriyyə Xələfovadan kişilərə dəb məsləhəti

Modelyer Fəxriyyə Xələfova “Günaydın” verilişində şou-biznes nümayəndələrinin geyimlərinə münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, bu ilin dəbdə olan kişi geyimlərindən danışan modelyer gənclərin libas seçiminə irad tutub: 

“Baxırsan hansısa brend, yaxud stilist müğənninin geyimi üzərində işləyir. Ancaq səhnəyə çıxdıqdan sonra düzgün seçim etmədiyinə görə nədənsə həmin ifaçı tənqid olunur. Modelyerə, stilistə heç kim heç nə demir. Gənclərimiz arasında da düzgün seçim etməyənlər çoxdur. Əksər oğlanlar tünd rəngli qalstuklardan istifadə edirlər. Münsifi olduğum layihələrdən birində iştirakçılar hamısı qara kostyumda efirə çıxırdılar. 2-3 həftə sonra dözməyib dedim ki, cavanlar, sizə nə olub? Çıxın bu matəm rəngindən”. 

F.Xələfova bu il dəbdə olacaq rəngləri açıqlayıb: “2015-ci ilin yaz mövsümündə kişi geyimlərində açıq rəngli kostyumlar dəbdə olacaq. Açıq bej, yaşılla bozun, maviylə firuzəyinin, bənövşəyi ilə bozun qarışığı üstünlük təşkil edəcək". 

Modelyer həmçinin qeyd edib ki, martda “Baku Fashion Night” moda həftəsinin açılışında yeni kolleksiyası nümayiş olunacaq.