|
Gazelli Group şirkəti yanğının nədən baş verdiyini araşdırır

Xəbər verildiyi kimi, dünən saat 15:00 radələrində Gazelli Group şirkətinə məxsus dəftərxana məhsullarının saxlanıldığı anbarların birində yanğın baş verib.

Gazelli Group şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yelena Eyvazlının verdiyi məlumata görə, hadisə baş verdiyi zaman şirkətin bütün əməkdaşları dərhal təxliyyə edilib, əraziyə Fövqəladə Hallar Nazirliinin yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub: "Təxminən bir saat ərzində yanğın tamamı ilə söndürülüb. Qeyd etmək istəyirik ki, yanğın olan anbarda çoxlu sayda kağızlar, broşurlar və digər dəftərxana məhsulları olub. Sosial şəbəkə və bəzi KİV-lərdə anbarda kimyəvi maaddələrin olması və insanların həyatına təhlükə yaratması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Şirkətin nümayəndəsi daha sonra bildirib: "Vurğulamaq istərdik ki, şirkətimizdə hər altı həftədən bir texniki baxış keçirilir. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır, nəticələr məlum olanda, ictimaiyyətə məlumat veriləcək. Bir də qətiyyətlə bildirmək istərdik ki, hadisə zamanı şirkət əməkdaşlarından heç kim zərər çəkməyib və xəsarət almayıb".

Cia.az