|
Lapşin ermənilərdən əl çəkdi, ermənilər ondan əl çəkmir

Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deyərək, səhvini etiraf edən blogger Aleksandr Lapşin prezidentin fərmanı ilə əfv edilib İsrailə qayıdandan sonra da ermənilər ondan əl çəkmir. İşğalçı ölkənin mediası bloggerin adı ətrafında şou yaratmağa cəhd göstərirlər və saxta iddialarla çıxış edirlər.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. İşğalçı ölkə mətbuatı yazır ki, A.Lapşin guya Bakıdakı təcridxanada təzyiqlərə məruz qalıb. “Bloggerin özünə” istinad edən erməni mediası iddia edir ki, ilk gündən digər məhbuslar onu öldürmək istəyiblər. Hətta ermənilər İsrailin elektron qəzeti “Haarets”ə istinad edirlər. 

Bu yerdə qeyd edək ki, ermənilər bir sıra hallarda İsrailin məşhur media orqanlarının oxşarını “yaradaraq” Azərbaycana qarşı dezinformasiyalar yayırlar. Bundan əvvəl İsrailin Bakıdakı səfiri bənzər erməni saxtakarlığını ifşa etmişdi. Ermənilər Lapşinin özünə qəsd etmək istədiyini də xatırladıblar. Bakıdan dönən kimi, onun xəstəxanaya yerləşdirildiyi də iddia olunub. Bildirilir ki, anası Bello Lapşinlə Bakıdan Təl-Əvivə uçan blogger Hayfa şəhərindəki “Rambam” tibb mərkəzində müayinə olunur.