|
Pənah Hüseyn yeni seçki blokunun planlarından danışdı

11 partiyanın funksional əməkdaşlıq etdiyi Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalardan səkkizi “Azadlıq-2015" seçki blokunu təsis etdilər.

KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, AXP və Azadlıq Partiyasının yaratdığı blok 2015-ci il parlament seçkilərində iştirakı nəzərdə tutur. Adıçəkilən partiya sədrlərindən ibarət tərkibdə blokun Siyasi Şurasının yaradılması və Seçki Qərargahının formalaşdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, seçki bloku yaradılması istiqamətində uzun müddət idi müzakirələr gedirdi. İki həftə öncə mərkəzdəki partiyalardan altısının iştirakı ilə blok yaradılması qərarı verildiyi xəbəri yayılmışdı. Ancaq bir gün sonra məlumat təkzib olunmuşdu. Belə məlumatlar da var idi ki, blokun yaradılmasının yubanması qurumdakı partiyalardan Müsavat, Demokrat, Xalq və Ümidin rəhbərliyinin mövqeyinin fərqli olması ilə bağlıdır.

Fevralın 4-də isə müzakirələr yekunlaşıb Pənah Hüseynin sədri olduğu Xalq Partiyasının da iştirakı ilə seçki bloku elan edilib. Müsavat, Demokrat və Ümid Partiyası isə blokda təmsil olunmur.

Seçki blokunun bu şəkildə yaradılması və atılacaq addımların nədən ibarət olması ilə bağlı suallarımıza AXP sədri Pənah Hüseyn cavab verib.

P.Hüseyn öncə bildirdi ki, blok yaradılması ilə bağlı Azərbaycanda özünü müxalifətdə elan eləyən təxminən 19 partiya ilə məsləhətləşmə aparılıb, seçkilərlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Əməkdaşlığın ən müxtəlif səviyyələrdə olması müzakirə predmeti olub. Müzakirələrin nəticəsi olaraq 8 partiya seçki bloku şəklində əməkdaşlıq qərarına gəlib. Digər partiyaların sırasında isə funksional əməkdaşlıq etmək mövqeyində olduqlarını ifadə edənlər olub: “Hazırda da bu məsləhətləşmələr davam edir. Artıq seçki ili olduğu və bu istiqamətdə hazırlıq işlərinin görülməsi üçün 8 partiya seçki blokunda qüvvələrini birləşdirmək qərarını verib. Digər bir sıra partiyalarla da seçkilərin demokratik keçirilməsi, müşahidəsi, seçkiyə qiymət verilməsi istiqamətində əməkdaşlıq barədə digər sazişlərin imzalanması istisna edilmir. Düzdür, hələlik belə bir saziş hazır deyil. Ancaq prinsip etibarilə 5 siyasi partiya tərəfindən seçkilərlə bağlı memorandum qəbul edilməsi barədə layihə müzakirə, çıxarılmışdı. Böyük ehtimalla funksional əməkdaşlığın əsası olaraq seçki blokundan kənarda olan partiyalarla belə bir memorandumun qəbul edilməsi istisna edilmir. Müzakirələr davam edir”.

P.Hüseyn qeyd etdi ki, yaxın günlərdə blokun seçki qərargahının formalaşdırılması, seçki platformasının yaradılması, namizədlərin müəyyənləşdirilməsi nəzərdə tutulub.
AXP sədri onu da söylədi ki, “Azadlıq-2015" seçki bloku digər müxalifət partiyaları üçün açıqdır. Blokda hazırda 8 partiyanın təmsil olunması o demək deyil ki, başqa heç bir partiya burada təmsil oluna bilməz. İrəli sürüləcək namizədlər yalnız blokdakı partiyaların üzvlərindən ibarət olmaya da bilər. Heç bir partiyanın üzvü olmayan, müstəqil nüfuzlu insanların, hətta bloka daxil olmayan partiyaların üzvlərinin ”Azadlıq-2015" seçki blokunun deputatlığa namizədləri kimi iştirak etməsi mümkündür: “Bu istiqamətdə də müəyyən işlərin getməsi nəzərdə tutulur. Bununla əlaqədar ayrı-ayrı şəxslərlə, ictimai təşkilatlarla müəyyən müzakirələrin aparılması mümkün sayılır. Prinsip etibarilə seçki blokunun yaradılmasında əsas məqsədlərdən biri də seçkidə iştirak etməklə yanaşı, seçki məsələsi ətrafında ölkənin demokratik düşərgəsinin ən geniş birliyinin yaradılmasına nail olmaqdır. Seçkilərə daha geniş çevrəli bir koalisiya şəklində getmək nəzərdə tutduğumuz məqsədlərdən biridir. Seçki bloku bunun bir mərkəzi rolunda oynaya bilər. Amma hər şey gələcək proseslərdə bəlli olacaq.

“Azadlıq-2015" seçki blokunun rəhbər - qərarverici orqanı Siyasi Şura olacaq. Siyasi Şuranın tərkibi indiki mərhələdə blokdakı partiyaların sədrlərindən ibarətdir. İndi müzakirə olunan əsasnamə layihəsinə görə blokun sədrinin olması nəzərdə tutulmur. Müxtəlif təkliflər var. Onlardan biri ondan ibarətdir ki, növbə ilə bloka sədrlik edilsin. Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, prinsipcə blokun bir təmsilçisi ola bilər və blokun Siyasi Şurasının iclaslarını apara bilər. Blokun Siyasi Şurasının idarə olunmasında Demokratiya və İnsan Haqları Mərkəzinin idarə olunması təcrübəsindən istifadə oluna bilər. Seçki qərargahı isə konkret icra məsələləri ilə məşğul olacaq və həm də Siyasi Şuranın qərarlarını icra eləyən orqan olacaq. Blokdakı partiyalardakı seçki təcrübəsi olan şəxslər isə seçki qərargahında iştirak edəcək. Seçki qərargahında hələlik hər partiyadan bir nəfərin iştirak eləməsi nəzərdə tutulur. Mənim özümün niyyətim var ki, seçki qərargahının işinin qurulmasında iştirak edim”.
Həmsöhbətimiz seçki blokunun 125 dairənin hamısından namizədinin olub-olmayacağı haqda da danışdı: “Namizədlərin müəyyən olunması prosesi hələ başlanmayıb. Blokun tərkibi də hələ tam şəkildə yekunlaşmayıb. Seçkiyə çox vaxt qalıb. Neçə dairədə namizədin olması prinsip etibarilə namizədliyini irəli sürmək istəyən şəxslərin sayından asılı olacaq. İndiki halda seçki dairələrinin böyük əksəriyyətindən namizəd irəli sürülməsi nəzərdə tutulur. Müəyyən dairələrdə blokda iştirak etməyən müəyyən siyasi qüvvələrlə əməkdaşlıq edilməsi məsələləri də gündəmdədir. Bu onun üçün lazımdır ki, dairələrdə müəyyən namizədlərin toqquşması baş verməsin”.

P.Hüseyn vurğuladı ki, SPDİHM-dəki 11 partiyadan səkkizinin “Azadlıq-2015" seçki blokunu yaratması mərkəzin fəaliyyətinə son verilməsi demək deyil: ”Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin konkret hədəfləri var. Bu mərkəz seçki bloku deyil. Daha çox insan haqlarının müdafiəsi, siyasi məhbuslar məsələsi ilə bağlı olan məsələlərlə məşğul olur. Mərkəz yaradılanda da bu məsələlər üçün yaradılıb və fəaliyyəti davam edir. 8 partiyanın seçki bloku ilə mərkəz bir-birini istisna etməyən qurumlardır. Mərkəz bundan sonra da fəaliyyətini davam etdirəcək".

P.Hüseyn özünün və AXP-nin indiyə qədər ilk dəfədir ki, Müsavat Partiyasının olmadığı seçki blokunda iştirak etməsinin səbəbinin nə olması barədə sualımıza isə belə cavab verdi: “Müsavat Partiyası öz mövqeyini açıqlayıb. Onlar hələlik seçkilərdə seçki bloku şəklində iştirak etməkdən daha çox müstəqil, yəni tək partiya olaraq iştirak etməyin taktikasını elan ediblər. Mövqelərini ifadə eləyiblər və blok yaradılması müzakirələrində də iştirak eləməyiblər. Ona görə də Müsavat Partiyası ilə AXP-nin mövqeləri fərqli olub”. (musavat.com)