Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb. Onlar sentyabrın 14-də prezident İlham Əliyevlə görüşüblər.
Ekspertlər səfərin müsbət nəticələrinin olacağına inanırlar. Xüsusilə “Turan” agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılmasının AŞ PA nümayəndələrinin ölkəmizlə bağlı hazırladıqları və gələn ay AŞ PA-nın payız sessiyasında müzakirəyə çıxaracaqları hesabata ciddi təsir edəcəyi bildirilir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu məruzəçilərlə görüşlərinin zamanının məlum olmadığını bildirdi: “Ola bilər ki, görüş sentyabrın 15-də olsun. Amma bizə məlumat verilməyib. Onların səfərindən öncə Mehman Əliyevin azad olunması şübhəsiz ki, ölkəmizlə bağlı hazırladıqları hesabata ciddi təsir edəcək. Nə qədər normal hesabat yazsalar, bir o qədər çox siyasi məhbus azad olunacaq. Bizim çalışdığımız odur ki, daha çox insan həbsxanadan çıxsın. Hesabatın ölkəmiz adına müsbət olacağına çox ümid edirəm. İstənilən halda bu səfərin siyasi məhbuslar üçün təsirləri çox olacaq”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı məruzəçilərin onlarla görüşməmə ehtimallarının olduğunu söylədi: “Biz həmişə bir həftə, yaxud 10 gün əvvəl görüşə dəvət alırdıq. Amma onlar artıq Azərbaycandadır, görüşlərə də başlayıblar. Bizimlə görüş vaxtı hələ təyin olunmayıb. Əgər orada adımız yoxdursa, bizimlə görüş proqrama salınmayıbsa, bir günün içərisində necə həyata keçirilə bilər? Ola bilər ki, bizimlə yox, başqaları ilə görüşsünlər. Bəlkə də müxtəlif fikirləri, rəyləri eşitmək istəyirlər. Amma bizimlə görüşləri daha məqsədəuyğun olardı. Hər halda professional hüquq müdafiəçisinin verdiyi məlumat daha düzgün və dolğundur. Mehman bəyin azad olunmasından sonra səfərin baş tutması adımıza müsbət nəticələr gətirəcək. Çünki Mehman bəy sıradan bir jurnalist deyil. O, yeni dövr Azərbaycan jurnalistikasına böyük töhfələr verən insandır. Bu baxımdan onun azad olunması hesabata yumşaqlıq gətirəcək. Mehman Əliyevdən başqa da məhbəsdə olanlar var ki, onların azadlığa buraxılmasına çalışmalıyıq. Avropada ciddi nüfuzu olan, Qərb üçün iqtisadi partnyor rolunu oynayan bir ölkədə bu cür həbslərə son qoyulmalıdır. ”Mənim kimi düşünməyən həbsdə olsun" fikrindən uzaq durmalıyıq. Nəhayət, demokratik islahatlar aparılmalıdır, buna olduqca böyük ehtiyac var. Bunu tək mən deyil, hamı deyir".
