Xaricdə yaşayan azərbaycanlılar arasında tez-tez müxtəlif səbəblərdən narazılıqların, münaqişələrin yarandığı xəbərini alırıq. Hətta məsələ o həddə çatır ki, bir azərbaycanlı digərini öldürür. Belə xəbərləri tez-tez alırıq. Məsələn, sentyabrın 11-də Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəisi İqor Mitroxinin bildirdiyinə görə, hadisəni törətməkdə 26 yaşlı azərbaycanlı Eldəniz Bağırov şübhəli bilinir.
Bu ilin aprel ayında da Rusiyada yaşayan azərbaycanlılar arasında kütləvi dava olmuşdu. Nəticədə isə bir nəfər dünyasını dəyişmişdi.
Ümumiyyətlə, xaricdə istər biznes sahəsində, istər diaspora işində, istərsə də digər yuxarı dairələrdə təmsil olunan azərbaycanlıların bir çoxu bir-biriləri ilə yola getmirlər. Bunun səbəbi nədir? Azərbaycanlılar arasında bilərəkdən insidentmi yaradırlar?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Fərhad Mehdiyev bir sıra maraqlı faktları açıqlayıb. O bildirib ki, bu kimi hadisələrin əsasən Rusiyada meydana gəlməsinin səbəbləri var: “Diqqət etsək görərik ki, bu kimi hadisələr əsasən elə Rusiyada meydana gəlir. Son zamanlar Almaniyada da miqrantlar arasında bəzi insidentlər olub. Bunların səbəbinin sadəcə olaraq, ora gedən kontingentin təhsil və inkişaf səviyyəsinin aşağı olması ilə bağlayıram. Həqiqətən dəfələrlə şahidi olmuşam ki, illərlə Rusiyada yaşayan azərbaycanlılar cəmiyyətə inteqrasiya problemi yaşayır. Bununla bərabər rus dilində də yaxşı danışa bilmirlər. Bütün bunlar ondan irəli gəlir ki, bu insanlar Rusiyaya ilk növbədə iş üçün gediblər. Onların da əksəriyyəti rayon, kənd yerlərindən gedənlərdir. Məktəbdə yaxşı oxuya bilməyiblər, bir çoxlarının da ali təhsilləri yoxdur. Təhsil və mədəniyyət səviyyəsinin aşağı olması insidentlərin yaranması və bu səviyyəyə gəlməsi üçün əsas faktordur. İkinci faktor isə odur ki, azərbaycanlılar, ümumiyyətlə, xaricdə bir icma olaraq yaşaya bilmirlər. İcma şəklində yaşamamağın isə həm müsbət, həm də mənfi cəhətləri var. Bu şəkildə yaşamamağın səbəbi isə ilk olaraq odur ki, onlar öz aralarında olan məsələləri kollektiv şəkildə həll etmirlər. Doğrudur, onların aralarında müəyyən münasibətləri olsa da, ancaq məsələyə icma şəklində yanaşmaları mümkün deyil. Diaspor nümayəndələrinə gəlincə isə onu qeyd edim ki, bunlar xaricdə kommersiya işini qura bilmirlər. Çünki bizdə diaspora adətən dövlət dəstəyi ilə fəaliyyət göstərir. Dövlət və ya səfirlik dəstək göstərmirsə, hər hansı bir diasporanın qurulmasına rast gəlmirik. Ona görə ki, birinci, baxmaq lazımdır ki, həmin insanlar orada hansı növ fəaliyyətlə məşğul olurlar. Bu adamların çoxu biznesə daxildir. İkincisi isə həmin ölkələrin əksəriyyətində korrupsiya var. Məsələn, Ukraynada, Rusiyada belədir. Bu isə ona sövq edir ki, həmin insanlar bir çox problemlərini qanunsuz yollarla həll edirlər. Şahidiyəm ki, Moskvada bəzi icma şəklində diaspora bənzər qurumları olan şəxslərin öz aralarında mədəni olmayan qaydaları var. Onu da deyim ki, bu yanaşma bütün şəhərə də xas deyil. Bir çox insanlar bu şəkildə təşkilatlanmanı qəbul etmir. Ancaq bir qisim də məhz bu cür yollarla işləyir. Məsələn, iş yeri açmaq üçün rüşvət verir, vergini rəsmi qaydada ödəmir”.
Politoloq bildirib ki, onlar bu kimi taktikaların içərisinə girdikləri üçün öz aralarındakı təşkilatlanma fəaliyyətlərində də mədəni qaydalara şahid ola bilmirik:
“Rusiyada xeyli mafiya münasibətləri var. Bu da azərbaycanlıların fəaliyyətinə təsir edən amildir. Silah daşıyanları da çoxdur. Məsələn, azərbaycanlılar birlikdə hansısa biznes proyekti başlayırlar. Daha sonra hesab edirlər ki, tərəflərin biri digərini aldadır. Nəticədə problem genişlənir və qətl hadisələri baş verir. Avropaya gedənlərə gəlincə isə burada fərqli məqamlar var. Əvvəla, onu qeyd edim ki, heç bir həqiqi müxalifətçi Azərbaycandan getməyə can atmır. Buradan gedənlər daha çox öz məqsədləri naminə bunu edirlər. Düşünürlər ki, müxalifətə qoşulub bir müddət fəaliyyət göstərsinlər, daha sonra isə bu addan istifadə edib, mühacirətə getsinlər. Onsuz da bu adamların öz davalarına sədaqətləri yoxdur. Ancaq bu adamlar xaricə getdikdən sonra bir-birilərini saxta müxalifətçilikdə ittiham edirlər. Nəticədə isə aralarında çəkişmələr başlayır. Ancaq bunları da çox ciddi çəkişmə saymıram. Hadisə olub ki, yaşadıqları düşərgələrdə aralarında insidentlər yaşanıb. Bunun da səbəbi yuxarıda qeyd etdiyimiz faktorlarla əlaqəlidir. Ümumilikdə isə qeyd edə bilərik ki, azərbaycanlılar arasında gərginlik adətən Avropada çox, Rusiyada özünü göstərir”.
