|
"Sistemin altındaydım, gəlib ayaqlarıma düşdü ki..."
Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın Milli.Az-a müsahibəsi.
 
- Gülnar xanım, səhhətiniz necədir?

- Şükür yaxşıyam, elə indi həkimdən gəlirəm.
 
- Həkimlər nə diaqnoz qoyublar, müalicəniz nə vaxta kimi davam edəcək?

- Bu, müalicə deyil, yaşamaq üçün dializə gedirəm.
 
- Bunun hər dəfəsi neçəyə başa gəlir?

- Müalicəmi Mədəniyyət və Turizm Nazirliyi üzərinə götürüb. Sağ olsun nazirimiz Əbülfəs Qarayev, müavini Ədalət Vəliyev, Musiqili Teatrın direktoru Əliqismət Lalayev, çox qayğıma qaldılar.
 
- Teatra gedib-gələ bilirsiniz?

- Yox, gedə bilmirəm. Əgər teatra gedə bilsəydim, tamaşalarımı oynayardım.
 
- Yəqin ki, teatr üçün çox darıxırsınız...

- Əlbəttə, darıxıram.
 
- Həmkarlarınız sizə baş çəkirlərmi?

- Sağ olsunlar, hamısı yanıma gəlirlər. Zəng edirlər ki, nə vaxt evdə olsan, gələk.
 
- Siz çox gümrah xanım idiniz. Nə baş verdi ki, birdən-birə belə oldunuz?

- Məni səkkiz saylı poliklinikanın səhlənkar, savadsız həkimi Həqiqət Mehdiyeva bu günə qoydu.
 
- Yəqin ki, indi həkimlərdən ehtiyatlanırsınız...

- Daha haram salamat qalıb ki, həkimə gedim? Həqiqət məni pis günə qoydu. Bu, artıq öz dializ həkimimdir. Nəyi necə etməyi bilir, mütəxəssisdir. Həqiqəti oradan işdən çıxardılar, indi “Oksigen” klinikasında işləyir.
 
- Sağlamlığınızda problem yaranandan sonra o həkimlə əlaqə saxlamısınız?

- Yox, o, çox pis insandır. Mən pis günə düşəndə bir dəfə evə gəlmişdi. Sistemin altındaydım, gəlib ayaqlarıma düşdü ki, qurban olum, bağışla, iki yetim saxlayıram. Dedim, sən yetim saxlayırsan deyə, camaatı pis günə qoymalısan? İndi hamı yetim saxlayır da. Yetim saxlamayan var?
 
- Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdiniz?

- Mən elə insan deyiləm. Bu yaşa çatmışam, polis, məhkəmə, prokurorluq yolu bilməmişəm. Elə şeyləri də sevmirəm. Amma gərək o, məni bu günə qoymayaydı.
 
- Bu aralar ən çox nə üçün darıxırsınız?

- Teatr üçün, oynadığım rollar, tamaşalar üçün.
 
- Hansı rolunuzu yenidən oynamaq istərdiniz?

- “Subaylarınızdan görəsiniz” tamaşasında Çiçəyi, “Volqalı canan”da Əntiqə rolunu, “Üç manatlıq siğə”dəki rolumu oynamaq istərdim. “Bankir adaxlı”, “Qız görüşə tələsir”, “Bizə bircə xal lazımdır” tamaşasındakı obrazlarım üçün də darıxıram. “Qayınana” tamaşasında həm Sevdanı, həm də Afəti oynamışam. Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun teatrımızda tamaşaya qoyulan bütün əsərlərində rolum olub. Səid Rüstəmovun “Durna” əsərində Laləni, Fikrət Əmirovun “Gözün aydın”ında Mehparəni oynamışam (canım gözüm ey qəhrəman, ey qəhrəman... la-lala-la-la-oxuyur- E.T.).
 
- Bir zamanlar Feliçita obrazı da sizi xeyli tanıtmışdı. Həmin obraz kimin ideyası idi?

- Bəli, o obraz “Səhər görüşləri”ndə idi. Allah rejissor Hafiz Fətullayevə rəhmət eləsin. Bu obraz onun ideyasıdır. Çox adam Feliçitanı oynamaq istəyirdi. Amma mən seçildim.
 
- Başqa kimlər Feliçitanı oynamaq istəyirdi?

- Rəhmətlik Gülşən Qurbanova, “Azdrama”nın indi adını xatırlamadığım bir aktrisası Feliçitanı oynamaq istəyirdi. Amma mənim üzərimdə dayandı ki, Gülnar Feliçitanı yaxşı oynayır.
 
- Maşallah, çox nikbinsiniz. Bu qədər gücü özünüzdə necə tapırsınız?

- Güclüyəm... Mən ayda üç dəfə əməliyyat olunmuşam. Dializ aparatını sağdan götürüb, sol tərəfimə qoydular. Çünki damarımda tıxanıqlıq var, qan yaxşı gedib-gəlmir. Öldüm, ölümdən qayıtdım. İnşallah, görək nə olacaq.
 
- Ev işlərinizə kim kömək edir?

- Özüm ev işlərimi görürəm. Halım pis olanda uzanıram, heç nə etmirəm, halım yaxşı olanda, qalxıb evi təmizləyirəm, yemək bişirirəm. Başqa işlərimə kimsə kömək edə bilər, amma yeməyimi heç kimə etibar etmirəm. Bircə gəlinimin yeməyini yeyərəm, vəssalam.
 
- Amma gəlininiz, oğlunuz da, deyəsən, Zaqataladadır. Oğlunuzun işiylə bağlı orada yaşayırlar?

- Oğlum prokurorluq işçisidir. Əvvəl Zaqatalada idi, indi Şamaxıda baş müstəntiq işləyir, mayordu.
 
- Efirlərə baxırsınız?

- Televizorum mən yuxudan oyananda açılır, bəzən də yatanda yadımdan çıxır, söndürmürəm.
 
- Daha çox nəyə baxırsınız?

- Hər şeyə baxıram. Birinci xəbərləri izləyirəm.
 
- Seriallara baxırsınız?

- Azərbaycan seriallarına baxmıram, yalan danışa bilmərəm. Elgizin “Adam içində” verlişinə, Elnarə Təhməzovanın “İncə maraqlar”, Zaur Kamalın, Zaur Baxşəliyevin verilişlərinə, “ATV Maqazin”ə baxıram.
 
- Türk seriallarından hansına baxırsınız?

- Türk seriallarına da əvvəlki kimi baxmıram, hövsələm yoxdur. Əvvəl “Muhteşem Yüzyıl”a, “Fatmagülün suçu nə”yə baxırdım. İndi isə “Yılanların öcü” və “Küçük gelin” seriallarına baxıram.
 
- Azərbaycan seriallarına çəkilmək istərdiniz?

- Allah qoysa, bu yaxınlarda kinoya çəkilməliyəm.
 
- Sağlamlığınız imkan verir?

- Rol, səhnə gəldisə, xəstəliyi yaddan çıxarıram.
 
- Filmi kim çəkir?

- Film kinostudiyada çəkilir, Sərxan Kərəmoğlu mənə zəng vurmuşdu.
 
- Filmin süjet xəttindən xəbəriniz var?

- Bir qadının həyatından söhbət gedir. Həbsxanaya düşür. Həmin qadını - baş rolu mən oynayacağam.
 
- Dolanışığınız necədir?

- Şükürlər olsun, yaxşıdır. Məni oğlum saxlayır.