Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.
Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib. Dövlət rəsmisinin sözlərinə görə, Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu: “Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab prezidentin əfv sərəncamından sonra Azərbaycan hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir”.
Əli Həsənov qeyd edib ki, cənab prezidentin əfv sərəncamı imzalamasından sonra hazırda Lapşinin ekstradisiya məsələsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur. Yəqin ki, qısa vaxtda bu proses başa çatacaq.
Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı bəzi təfərrüat məlum olub. “Report”un əldə etdiyi məlumata görə, A.Lapşin saxlanıldığı kamerada özünü asmağa cəhd edib. Penitensiar Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində onun intihar etməsinin qarşısı alınıb. O, dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. Məlumata görə, hazırda A.Lapşinin səhhəti normaldır.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi A.Lapşini ittiham olunduğu Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
İsrailin Azərbaycandakı səfiri Dan Stav Aleksandr Lapşinin əfv edilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama münasibət bildirib. Virtualaz.org-un məlumatına görə, səfir jurnalistlərə bildirib ki, əfv qərarını müsbət qarşılayır. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb: “Əvvəllər də qeyd etdiyimiz kimi, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk Qrupunun səylərini dəstəkləyir”.
Xatırladaq ki, dünən Azərbaycan prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov “Yeni Müsavat”a bildirdi ki, Lapşinin əfvinə geniş şərh vermək niyyətində deyil: “Dövlət belə hesab edib, buraxıb. Bu, siyasətdir, biz qarışa bilmərik. Əsas odur ki, Azərbaycan öz prinsipiallığını əvvəldən-axıra qədər göstərdi. Onu həbs etdirdi, Azərbaycana gətirib mühakimə etdi və sonda da əfv qərarını verdi”. Maraqlıdır, Lapşin bir daha Azərbaycan qanunlarını pozub Qarabağa qanunsuz səfər edə bilərmi? Y.Abramov: “Mənə elə gəlir ki, bu, ona ömrü boyu dərs olacaq. Ona görə də buraxıldı”.
