Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcək. Bu barədə Ştefan Şennak twitter səhifəsində yazıb.
Həmməruzəçilər səfərdən öncə sentyabrın 7-də Parisdə AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcəklər. Şennak bildirir ki, Bakıya səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri və məhbuslarla görüşəcək.
Azərbaycanla bağlı həmməruzəçilərin hazırladığı hesabat oktyabrın 9-13-də AŞ PA-nın payız sessiyasında müzakirə olunacaq.
Səfərin indiyə təsadüf etməsinin siyasi məhbusların, xüsusilə “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin işində mühüm rol oynayacağı deyilir. Həmməruzəçilərin keçirəcəkləri görüş zamanı müzakirələrin əsasını M.Əliyevin həbsi təşkil edəcək. Hüquq müdafiəçiləri bu səfərdən sonra hazırlanacaq hesabatın gələn ay AŞ PA-nın payız sessiyasına çıxacağını bildirərək, ölkə iqtidarını Mehman Əliyev başda olmaqla, siyasi məhbusları azad etməyə, demokratiya istiqamətindəki bəzi problemləri qısa müddətdə aradan qaldırmağa çağırırlar. Əks təqdirdə, gələn aykı hesabatda Azərbaycan əleyhinə növbəti sərt qərarın qəbul edilə biləcəyi vurğulanır.
![]()
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu həmməruzəçilərlə görüş planlaşdırdıqlarını qeyd etdi:“Onların ölkəmizə gəlmələrini, gələn ay AŞ PA-da Azərbaycanla bağlı iki məsələnin müzakirə ediləcəyini hökumət indidən nəzərə almalıdır. Mehman Əliyevin həbsi ölkəmiz adına mənfi imic gətirdi. Ölkəmizin nüfuzuna ləkə gəlməməsi üçün onun azad olunması olduqca vacibdir. Həmməruzəçilərin gəlişlərinin ölkəmizə nələr verə biləcəyini hökumət indidən götür-qoy etməlidir. Beynəlxalq qurumların bizə olan münasibətləri, bu cür hallardan necə istifadə edəcəkləri analiz olunmalıdır. Oktyabra qədər bu məsələlərin hamısı öz həllini tapmalıdır. Biz hüquq müdafiəçiləri olaraq hamımızın fikirləri birmənalıdır. Tək Mehman bəy deyil, bütün siyasi məhbuslar azad olunmalıdır. Həmməruzəçilərin səfərinin müsbət təsiri olacaqsa, bu, təkcə Mehman bəyə olmayacaq, bütün siyasi məhbusların işinə təsir edəcək. Əgər siyasilərin hamısı azad olunsa, bu fikir formalaşacaq ki, Azərbaycan demokratiyaya hazırlaşır. Sübut olunacaq ki, Azərbaycan demokratik dövlət olmağa qadirdir. Çalışıb dövlət rəsmiləri, normal düşünən deputatlarla görüşmək lazımdır. Onlara çatdırmaq lazımdır ki, bizləri nə gözləyir. Çoxsaylı görüşlər ancaq müsbət nəticələr verə bilər”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı beynəlxalq qurumlarda Azərbaycanla bağlı müzakirələrin aparılmasının özünün belə təəssüf doğurduğunu bildirdi: “Həmməruzəçilər adətən konkret mövzu üzrə hüquq müdafiəçilərini görüşə dəvət edirlər. Bir də görürsən ki, elə bir şəxsi dəvət edirlər ki, ümumiyyətlə, aktiv şəxs olmur. Hələ ki görüş üçün dəvət almamışıq. Onların əsas vəzifələri odur ki, ölkələrə getsinlər, gördüklərini qeyd etsinlər. Açığı, düşünmürəm ki, onların Azərbaycana gəlişlərinin nəsə bir müsbət təsiri olsun. 2014-cü ildə vətəndaş cəmiyyətini məhv edən bir qanun qəbul olundu, çoxsaylı həbslər həyata keçirildi. O hadisələrdən bu günə qədər həmməruzəçilərin ölkəmizə etdikləri hansı səfərin təsiri olub ki, bu səfərin də təsiri olsun. Gələn il prezident seçkiləridir. Azərbaycan tərəfin də sözsüz ki, beynəlxalq qurumların hesabatlarında adı hallansın. Hər yerindən duran ölkəmiz əleyhinə fikirlər səsləndirir, yazılar dərc edir. Ölkəmizə qarşı ikili standart var ki, hökumət bunu tapıb hədəf olaraq vura bilmir. Siyasi məhbuslar, demokratiya və bu kimi məsələlərdən istifadə edirlər. Niyə bunlara şərait yaratmalıyıq? Özümüzdə günahlar çoxdur. Əgər vətəndaş cəmiyyəti bu günə salınmasaydı, siyasi məhbuslar olmasaydı, bu gün vəziyyət fərqli ola bilərdi. Təsəvvür edin ki, ortada 3-4 nəfər hüquq müdafiəçisi qalıb ki, bunlar Mehman bəyin işi ilə məşğul olurlar. Bu arada deyim ki, həmin hüquq müdafiəçiləri Mehman Əliyevlə bağlı sentyabrın 8-də Fransa səfiri ilə görüş planlaşdırır, ardınca da Böyük Britaniya səfiri ilə görüşəcəyik. Həmməruzəçilər gələcəklər də, gedəcəklər də. Həmişə olduğu kimi. Amma nəticəsi olmayacaq. Ola bilər ki, Mehman Əliyev məsələsini qaldırsınlar, Lakin heç bir təsiri olmayacaq. İndiyə qədər İlqar Məmmədovla bağlı çoxsaylı məsələlər qaldırıblar. Hansının təsiri olub?”
