Quba-Qusar yolunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasına görə həbs edilən şəxslərin məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən Malik Həmidov və Ceyhun Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Malik Həmidov barəsində həbs qətimkan tədbiri seçilib. Ceyhun Allahverdiyev isə ev dustaqlığındadır.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Əli Həmidov ifadə verib. O, təqsirləndirilən Malik Həmidovun qardaşıdır. Şahid deyib ki, qəzadan 2 saat sonra xəbər tutub və xəstəxanaya gedib. O, qardaşının reanimasiyada olduğunun və huşunu itirdiyini söyləyib.
Zərərçəkmişlər Əli Həmidova sual verərək qardaşının narkotik vasitə istifadəçisi olub-olmamasını soruşublar.
Ə.Həmidov isə qardaşının namaz qıldığını söyləyib.
Məhkəmə digər zərərçəkmişlərin dindirilməsi üçün sentyabrın 14-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il mart ayının 27-si Quba-Qusar yolunda baş verib.
Yolun 7-ci kilometrliyində Ceyhun Allahverdiyevin idarə etdiyi 40-BN-070 dövlət nömrə nişanlı “VAZ 2107” və Malik Həmidovun idarə etdiyi 10-DU-314 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillər toqquşub. Quba sakinləri Şahmirzəyev Ruslan Mirzəbala oğlu və Novruz Vahidli hadisə yerində ölüb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 5 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlardan üçü ilkin tibbi yarımdan sonra evə buraxılıb.
Qəza zamanı Malik Həmidov və Ceyhun Allahverdiyev də xəsarət alıb.
