Sentyabrın 14-də Pirəkəşküldə yerləşən N saylı hərbi hissədə “Bilik günü” münasibətilə “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin (DAMM İB) prezidenti, Xalq Yazıçısı, hüquq elmləri doktoru, professor Çingiz Abdullayevlə görüş keçiriləcək.
İctimai birlikdən bildirilib ki, tədbirdə DAMM İB-nin, “Sabitlik və İnkişaf Mərkəzi” İB-nin və Türkiyədə yeni yaradılmış İstanbul-Azərbaycan Teatrının birgə layihəsi olan “Adsız qadın” tamaşası nümayiş etdiriləcək. Həmçinin incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Dramaturq Aygün Həsənoğlunun eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın rejissoru Elçin İmanov, baş rolun ifaçısı Kəmalə Kamaldır. Tamaşa Xocalı soyqırımının timsalında dünyada baş verən bütün terror aktlarına, soyqırımlara və ədalətsizliyə qarşı mesaj xarakteri daşıyır.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində tamaşanın Sankt-Peterburqda rus dilində nümayişi üçün də hazırlıq işləri görülür. Tərcümə işləri İctimai Nəzarət Koalisiyası, “Sabitlik və İnkişaf Mərkəzi” İB və DAMM İB-nin iştirakı ilə aparılır
Cia.az
