|
"İnterpol" xətti ilə axtarışda olan sahibkara 8 il cəza kəsildi

Dələduzluqda təqsirləndirilən sahibkara hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində vergi ödəməkdən yayınmaqda və dələduzluqda təqsirləndirilən Nəsib Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən N.Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror N.Həsənovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

N.Həsənov sahibkarlıqla məşğul olub. O, "Binə" Ticarət Mərkəzində mağaza işlədib. İttihama əsasən, N.Həsənov vergi ödəməkdən yayınmada təqsirli bilinir. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub. N.Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq-mühafizə orqanları biznesmeni axtarışa verib.

Bu barədə "İnterpol"un saytında da məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, 57 yaşlı N.Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Daha sonra N.Həsənov Azərbaycan ərazisində saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Nəsib Həsənov “Binə” Ticarət Mərkəzində pul dəyişmə məntəqəsində işləyən Arif Hacıyevə qarşı dələduzluq edib. O, Arif Hacıyevin etibardan sui-istifadə edərək iş görmək adı ilə 21 min 700 manat və 14 min ABŞ dolları alıb. Pulu alanda bildirib ki, karqo-terminaldan ticarət mərkəzinin adına Çin Respublikasından gələn malları çıxaracaq, onları təhvil verib, pullarını yığaraq qısa müddətdə Arif Hacıyevə borcunu qaytaracaq. Amma pulu qaytarmayıb.

Cia.az