Bu yazını yazarkən Barselona şəhərində Avropa Ürək Cəmiyyətinin böyük konqresi keçirilirdi (26-30 avqust 2017). Belə konqreslərdə Kardiologiya elminə aid son tədqiqatların nəticələri açıqlanır, yeniliklər haqqında xəbərlər verilir. 1 həftə əvvəl Türkmənistan çöllərindən gələn və Bakı şəhərini bürüyən toz dumanını xatırlayaraq Barselona konqresində mövzu ilə əlaqəsi olan prezentasiyalardan birini yazmaq istədim.
Dünən yapon alimləri tərəfindən tozla əlaqəli bir prezentasiya olmuşdur. “Asiya tozu və ürək infarktı: proqnozlaşdırmaq və tədbir görmək” başlıqlı həmən prezentasiya Bakını bürüyən toz dumanı ilə əlaqəli deyildi. Sadəcə olaraq yaponlar da belə toz dumanından əziyyət çəkirmişlər. Yaponiya Ekologiya Nazirliyinin dəstəyi ilə tədqiqat aparıb nəticələrini öyrənmək qərarına gəliblər.
Çin və Monqolustan çöllərindən havaya qalxan toz atmosferin yuxarı təbəqələrinə yayılıb, dənizi keçərək Yaponiyaya gəlib çatır. Toz dumanı Çinin sənayə bölgəsindən keçərkən kimyəvi tullantılar ilə qarışaraq tənəffüs sistemi xəstəlikləri törədir. Toz dumanı və tənəffüs sistemi xəstəlikləri arasındakı əlaqə çoxdandır ki elmə məlumdur. Amma son zamanlar aparılan tədqiqatlar ürək-damar sisteminə aid fəsadlar törətdiyini ortaya çıxarmışdır.
Kumamoto əyalətindəki hospitallara Asiya toz buludu gələndən 24 saatdan sonra ürək infarktı ilə müraciət edənlərin sayında artım olduğu nəzərə çarpmışdır. Tədqiqatçılara görə 2010-2015-ci illərdə Kumamoto əyalətində 41 dəfə Asiya tozu dumanı hadisəsi olmuşdur. Asiya toz dumanından sonrakı gündə yeni ürək infarktı ilə müraciət edənlərin sayı toz dumanı olmayan günlərlə müqayisədə 45% çox olmuşdur. Xüsusilə 75 yaşdan yuxarı, kişi, yüksək qan təzyiqi, şəkər xəstəliyi, xolesterol yüksəkliyi, siqaret, böyrək çatışmazlığı olanlar risk altındakı qrupdur. Tədqiqatçılar toz dumanı olan günlərdə evdən bayıra çıxmamağı, çıxarkən maska taxmağı, içəridə hava təmizləyici qurğulardan istifadə etməyi tövsiyə edirlər.
Son illər səhra tozlarına məruziyyətin sağlamlığa təsiri haqqında narahatlıqlar gedərək artır. Hər dəfə tozun səbəb olduğu xəstəliklər siyahısına yeniləri əlavə olunur. Bu da onunla izah olunur ki, səbəb sadəcə toz deyil, tərkibindəki kimyəvi maddələr, mikroorqanizmalar, zərərli qazlardır. Asiya tozunun astma, tənəffüs yolları infeksiyası, allergiya xəstəlikləri, anadangəlmə xəstəliklər, erkən doğuş, damar sərtləşməsi, ürək infarktı, ağciyər xərçəngi, beyin qan dövranı pozulması, iflic, farengit, göz quruluğu, dermatit, əsəbilik, depressiya və s. xəstəliklərlə əlaqəsi olduğu bildirilmişdir. Tozun səbəb olduğu xəstəliklərin bəziləri illərlə simptom vermədən səssiz qala bilir.
Ekspertlər toz dumanının səbəblərini sürətli şəhərləşmə, sənayeləşmə, iqlim dəyişikliyi və ağacların kəsilməsi ilə əlaqələndirirlər. Bakı şəhəri və Abşeron yarımadasında da sürətli şəhərləşmə, bitmək bilməyən tikinti işləri, ağacsızlaşdırma yaxın gələcəkdə havanın keyfiyyətinin Çinin havası kirli şəhərlərindən geri qalmayacağını deməyə əsas verir. İnsanların “ürək xəstəlikləri niyə gedərək artır, yaxud cavanlaşır ?” sualının cavablarından biri, məsələn havadır. Bu mövzuda aparılan tədqiqatların sayı çoxaldıqca daha dəqiq cavab verə biləcəyik.
Cia.az
