|
Görkəmli azərbaycanlı sərkərdə barədə film

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyası və Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyası tərəfindən çəkilən, Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, çar II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan filmdə arxiv materiallarından geniş istifadə olunub.

Ekran əsərinin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnən, xatirəsi bu gün də Rusiyada və Azərbaycanda əziz tutulan böyük sərkərdənin zəngin və kəşməkeşli həyat yolunu əks etdirən ekran əsərinin artıq səsləndirməsi başa çatıb. Hazırda filmdə son tamamlama işləri aparılır. Yeni ekran əsəri yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.//AzərTac