Şimali İraq Kürd Muxtariyyəti 25 sentyabrda müstəqillik referendumu keçirməkdə qərarlı görünür. Beynəlxalq münasibət isə bu məsələyə münasibətdə birmənalı deyil. Referendumu hansısa dünya miqyaslı beynəlxalq təşkilatların izləyib-izləməyəcəyi isə hələlik rəsmi açıqlanmayıb.
ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi seçkiləri müşahidə edən, qiymətləndirən beynəlxalq təşkilatların sözügedən referendumu müşahidə edib-etməyəcəkləri hələlik bəlli deyil. Bu təşkilatların referendumu izləyib-izləməmələrinin hansı təsirləri ola bilər? Ümumiyyətlə, bu referendum bölgədə yeni gərginlik yaradacaqmı?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında dedi ki, Səddam Hüseynin devrilməsindən sonra İraq Küdüstanı kimi də adlandırılan Şimalı İraq Kürd muxtariyyəti istər iqtisadi cəhətdən istərsə də siyasi baxımdan faktiki olaraq İraqın idarə edilməsində ciddi söz sahibidir: “Bu yerə gəlmək üçün onlara ABŞ-ın və Avropa İttifaqının dəstəyi həmişə olub. Müstəqillik referendumunun keçirilməsi də onlarla razılaşdırılıb. Odur ki, keçiriləcək referendumda hər hansı adın çətiri altında Avropa institutları müşahidəçi kimi iştirak edəcəklər. Amma referendumun keçiriləcəyi hələ həmin bölgənin müstəqil dövlət kimi elan olunması demək deyil. Bunu həmin ərazidə yaşayan insanların niyyətini göstərmək və gələcək üçün hazırlanan zəmin kimi dəyərləndirirəm. Əslində isə orada yeni bir dövlətin yaranması elə də asan olmayacaq. Hal-hazırda düşmən münasibətlərdə olan şiə və sünni məzhəbli İraq ərəblərinin belə bir addıma qarşı birgə təpki verəcəklərini göz önünə gətirmək lazımdır. Burada Türkiyə və İran faktorunu da unutmaq olmaz. Türkiyənin Şimali İraq Kürd Muxtariyyətinin rəsmiləri ilə münasibətləri ümumilikdə götürəndə normaldır. Amma referendum keçiriləcək ərazilərdə iraq türkmənlərinin yaşadığı ərazilər də var. Türkiyə də həmişə türkmənlərlə bağlı məsələlərdə çox həssas olub. Bir başqa məsələ bir çox separatçı və terrorçu kürd təşkilatlarının kürdlərin kompakt yaşadığı həmsərhəd Türkiyə ərazilərinə qarşı iddialarının olmasıdır. Türkiyə bu təhlükəni göz önünə alaraq ərazi bütövlüyünə və təhlükəsizliyinə, regiondakı marağına, həmçinin türkmən məsələsinə qarant təmin edənə qədər bu prosesin qarşısında ola bilər. Eyni məsələ İrana da aiddir. Düşünürəm ki, bu proseslərin davamı regionda gərginlik yaradacaq. Əsas da İraq daxilində İraqın bölünməsinə qarşı olan qüvvələrin ciddi müqavimətinə gətirib çıxardacaq”.
Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, Yaxın Şərdə qlobal güclərin regiondakı maraqlarının idarə etdiyi, uyğun tarixi və siyasi situasiyada üst-üstə düşən maraqların fonunda, 21-ci əsrdə beynəlxalq hüquq və normaların pozulması ilə, dövlətlərin beynəlxalq hüquqla tanınmış sərhədlərin pozulmasına gətirəcək bir referendumun keçirilməsinə şahid oluruq: “Kürdlər ilk dəfə İraqın tərkibində 1970-ci ildə ərazi və mədəni muxtariyyət əldə etmiş bir xalqdır. İraqın sabiq prezidenti Səddam Hüseynin devrilməsindən sonra isə kürdlər həm də siyasi muxtariyyətlərini əldə etdilər. İraq Konstitusiyası 2005-ci ildə kürdlərə İraq Kürdüstanı Muxtariyyəti statusunu tanıdı. Bundan sonra keçən 12 il ərzində isə Kürdüstan de-fakto müstəqil dövlət kimi formalaşmağa başladı. İraqın şimalında Türkiyə və Suriya ərazisində 1960-cı illərdən partizan fəaliyyəti göstərən kürd hərbi qruplaşmaları Peşmərgə adlandırılmağa və bununla da de-fakto kürd ordusu fəaliyyətə başladı. 2014-cü ildə isə bu peşmərgə Kobani ətrafında İŞİD-lə mübarizədə beynəlxalq koalisiyanın faktiki müttəfiqinə çevrilməklə regionun təhlükəsizlik problemlərinin həllində ünvan kimi legitimlik qazandı. İraq Kürdüstanı bu illər ərzində siyasi və hərbi qanadını inkişaf etdirdi, beynəlxalq müstəvidə də ünvan olaraq tanındı. Qlobal güclərin lobbiçiliyi ilə Kürdüstanın bir dövlət kimi formalaşması prosesinin tərkib hissələrindən biri də referendumun keçirilməsidir. ATƏT və ya Avropa Surası, yaxud hər hansı bir beynəlxalq seçki monitorinq qrupu, referendumun həyata keçirilməsi prosesinə hələ ki cəlb olunmayıb. Bu onların mandatına daxil deyil. Əvvəla, İraq ATƏT-in və Avropa Şurasının üzvü deyil. İkincisi, həmin təşkilatlar qarşılıqlı öhdəliyi olan dövlətlərdə seçkiləri məhz həmin ölkələrin hökumətlərinin dəvəti ilə həyata keçirilər. Nə İraqın nə də, Şimali İraq Kürd Muxtariyyətinin bu qurumlarla nə üzvlük nə də qarşılıqlı öhdəlik asılılığı yoxdur”.
Ekspertə görə, Kürdüstanın dövlət kimi formalaşması ideyası ilk günlərdən İraqla yanaşı, regionun digər dövlətləri Türkiyə, İran və Suriyanın etirazı ilə müşayiət olunub: “Referenduma da sərt etirazlar artıq başlayıb və gərginlik böyüyəcək. Türkiyə, İran, Suriya və həmçinin İraqin digər bölgələrində kürd millətindən olan etnik qruplar kompakt halda yaşayır. Şimali İraqda müstəqillik referendumu onlar üçün də presedent rolunu oynaya bilər. Digər məqam isə regiondakı maraqlı güclərin kürd kartını zaman-zaman bu dövlətlərə qarşı istifadəe olunmasıdır və bu proses davam edəcək. Deməli bölgədə çox böyük gərginliklər qaçılmaz olacaq”.
Cia.az
