|
Günəş tutuldu və açıldı - fəlakət olmadı, amma...

Avqustun 21-də tam Günəş tutulması baş verdi. Mütəxəssislər qeyd ediblər ki, budəfəki tutulmada Günəş tacı dəfələrlə çox böyük olub. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, Yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr olub. Bakı vaxtı ilə saat 19:47-də başlayan proses saat 22:26-da maksimumda olub. Günəş tutulması saat 01:04-də sona çatıb. Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayıb. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər. İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsilə izlənilib. ABŞ prezidenti Donald Tramp da Günəş tutulmasını paytaxt Vaşinqtonda Ağ Evin mavi otaq balkonundan izləyib.


Qeyd edək ki, böyük Günəş tutulmasının ardından böyük fəlakətlər olacağı ilə bağlı iddialar var idi. Bu iddiaları isə bundan əvvəl Günəş tutulmasından sonra baş vermiş təbii fəlakətlərlə əlaqələndirirdilər. Alimlərin demək olar ki, böyük əksəriyyəti zəlzələlərin Günəşdə baş verən hadisələr, planetlərin paradı və digər hadisələrlə müəyyən əlaqəsi olduğunu bildirir. Bununla belə, qeyd olunur ki, Günəş tutulması haradasa, hansısa zəlzələnin baş verməsinə təkan verə bilər, amma zəlzələləri birbaşa həmin hadisəyə bağlamaq doğru deyil.


İnsanların içində yaranmış bir xof isə 1999-cu ildə tam Günəş tutulmasından sonra Türkiyədə baş vermiş dəhşətli Mərmərə zəlzələsi ilə bağlı idi. Məlum olduğu kimi, həmin il avqustun 17-də səhər saatlarında baş verən zəlzələ zamanı 18 mindən çox insan həlak olub, 24 min insan yaralanıb, 505 nəfər ömürlük şikəst qalıb. Beləliklə, budəfəki tam tutulmadan sonra yenə fəlakətlər, təyyarə qəzaları, partlayışlar, dövlət xadimlərinə sui-qəsdlər olunacağı haqda iddialar var idi.


Amma göründüyü kimi, sonuncu Günəş tutulması özü ilə fəlakətlər gətirmədi. Bununla belə, bəziləri hələ də Günəş tutulmasının ardından çox böyük fəlakətlərin olacağı iddiasında qalmaqdadır. Onlardan biri də Numerolog David Maededir. Onun nəzəriyyəsinə görə, Günəş tutulmasının ardından görünən “Nibiru” adlı planet Yer kürəsinə çarpılacaq və həyat bitəcək. Bundan əvvəl də bu cür iddialar irəli sürən alimin xəbərlərini NASA “internet saxtakarlığı” adlandırıb. Məsələ ilə bağlı heç bir dəlil olmadığını qeyd edən Nasa 2003-cü ildən bəri “Nibiru” və ya “Planet X” olaraq adlandırılan bir planetin dünyaya dəyəcəyindən danışıldığını, ancaq belə bir planetin var olmadığını bildirib. Alim Mede bütün reaksiyalara baxmayaraq özünü müdafiə etməyə davam edir. O, Günəşin əkizi olan “ikili ulduz”un 21 avqustda baş verəcək Günəş tutulmasından sonra 23 sentyabrda ortaya çıxacağını, oktyabr ayına qədər Yer kürəsi ilə toqquşacağını iddia edir. 
Qeyd edək ki, növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

Cia.az