|
Ekspertlərdən ermənilərin “sərhəd açılacaq” ümidini puç edən açıqlamalar

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı sensasion sayıla biləcək açıqlama verib. Nazir ölkəsinin bu qurumla anlaşma imzalamaq niyyətində olduğunu deyib. Belə ki, İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. “Ancaq elə eləmək lazımdır ki, bu, Avropa Birliyi ilə analoji sazişə mane olmasın” - Zeybekçi əlavə edib.

Nazirin açıqlamasından sonra meydana bir sıra suallar gəlib. Ankara bu təklifi qəbul edəcəkmi? Saziş imzalansa, bu, Ermənistanla sərhədin avtomatik olaraq açılması demək olacaqmı? Sərhədin açılmasından daha çox Ermənistan, yoxsa Türkiyə qazanar? Bu hadisənin Azərbaycan-Türkiyə münasibətlərinə təsiri necə olar?


Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, son illər Türkiyənin Avropa Birliyi ilə, ümumən Qərblə nə vaxt problemləri yaransa, bu tip bəyanatların səsləndiyini görürük: “Daha əvvəl də dəfələrlə bu məsələ gündəmə gətirilib və müvafiq bəyanatlar verilib. Hətta ötən illərdə prezident Abdulla Gül və o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan səviyyəsində Türkiyənin Avrasiya İttifaqının Gömrük Birliyinə, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə bağlı şifahi müraciətlər, çağırışlar da edilib, lakin Moskva heç vaxt bunu diqqətə almayıb”.


Ekspert qeyd etdi ki, hazırda Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətlərində böhran dövrüdür: “AB-nin lider ölkəsi olan Almaniya ilə münasibətlər ən gərgin mərhələsini yaşayır. Almaniya artıq AB banklarından və fondlarından Türkiyəyə maliyyə yardımları və kreditlər ayrılmasını məhdudlaşdırmaq təşəbbüsünü qaldırıb. Eyni zamanda Angela Merkel Türkiyə ilə Avropa Birliyi arasındakı Gömrük Birliyi müqaviləsinin yenilənməyəcəyini açıqlayıb. Məhz belə bir məqamda Türkiyə hökuməti qarşı tərəfə alternativsiz olmadığını nümayiş etdirmək məqsədilə yenidən köhnə karta əl atıb. Mən bunun Qərblə masaya oturmaq üçün əlverişli siyasi zəmin formalaşdırmaq niyyətindən irəli gəldiyini düşünürəm. Türkiyə Avropa Birliyi üzvlüyünə rəsmi namizəd olan bir ölkədir və AB-yə tamhüquqlu üzvlük Ankara tərəfindən dövlətin strateji prioriteti elan edilib. Türkiyə AB ilə Gömrük Birliyinin iştirakçısıdır. Bu səbəblə Türkiyənin başqa bir gömrük sistemində iştirak etməsi mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, hazırda Türkiyənin ən böyük ticarət tərəfdaşı Almaniyadır. 2016-cı ilin yekunlarına əsasən Almaniya Türkiyənin ixracatında 10%-lik payla (14,4 milyard dollar) ilk sırada olub. Türkiyədə təxminən 6 min alman şirkəti fəaliyyət göstərir. Almaniya həm də Türkiyəyə ən çox turist göndərən ölkədir. Ümumilikdə Türkiyənin illik ixracatının təxminən 50%-i Avropa Birliyinin payına düşür.

Image result for Şahin Cəfərli

Bu, çox böyük rəqəmdir. Hamıya aydındır ki, Türkiyə Almaniya kimi önəmli iqtisadi tərəfdaşı, eləcə də ümumilikdə Avropa bazarını əsla itirmək istəməz, çünki hazırkı dünyada bu bazarın, sadəcə olaraq, alternativi yoxdur. Sözlərimizin sübutu kimi, ötən günlərdə Türkiyədə 1 milyard dollarlıq külək enerjisi layihəsi ilə bağlı tenderin qalibi kimi Almaniyanın ”Siemens" şirkətinin seçilməsini göstərmək olar. Eyni zamanda Avropa maliyyə qurumlarının da Türkiyə üçün önəmini qeyd etmək lazımdır, çünki bu qurumlar Türkiyə üçün ucuz kredit cəlb etmək üçün əlverişli mənbə rolunu oynayır. Ötən il Avropa İnvestisiya Bankı Türkiyədə dövlət və özəl sektorun yatırımlarına 1,9 milyard avro dəstək verib. 2015-ci ildə bu məbləğ 2,3 milyard avro təşkil edib. Bu il isə siyasi gərginlik səbəbilə ayrılacaq kreditlərin miqdarı azalacaq. Cari ilin ilk yarısında AİB Türkiyədən daxil olan 500 milyon avro dəyərində layihələri təsdiqləyib. Yuxarıda Türkiyə üçün Avropa bazarının alternativinin olmadığını qeyd etdik, Qərb maliyyə institutları da bu baxımdan alternativsizdir. Rusiyanın bu imkanları yoxdur. Çin müəyyən maliyyə ehtiyatlarına sahibdir, lakin bu ölkənin prioriteti özünün iri infrastruktur layihələrini maliyyələşdirməkdən ibarətdir və Pekinin xaricə ucuz kreditlər vermək kimi bir praktikası yoxdur. Yeri gəlmişkən, Çinin Avropa bazarına öz məhsulunu çıxarmaq üçün necə nəhəng infrastruktur layihələri gerçəkləşdirməyə çalışdığını görürük, bunu özü də bir daha Avropa bazarının strateji əhəmiyyətini göstərir".


Ş.Cəfərlinin sözlərinə görə, digər önəmli məsələ bundan ibarətdir ki, Türkiyə Ermənistanla eyni geosiyasi və geoiqtisadi məkanda təmsil oluna bilməz: “Türkiyənin istər Avrasiya İttifaqına, istərsə də onun Gömrük İttifaqına qoşulması üçün Ermənistanın icazəsi tələb olunacaq. Ermənistanın isə qeyd-şərtsiz buna razılıq verməsi mümkün deyil. İrəvan tələb edəcək ki, əvvəla, Türkiyə onunla birbaşa diplomatik əlaqə qursun və paytaxtlarda qarşılıqlı olaraq səfirliklər yaradılsın, ikincisi də, iki ölkə arasında sərhədlər açılsın. Bəziləri deyə bilər ki, Rusiya müvafiq qərar qəbul etdikdən sonra Ermənistan kimdir ki, anlaşmanı pozsun və şərt irəli sürsün? Razıyam, lakin məsələ burasındadır ki, Avrasiya İttifaqının və onun Gömrük İttifaqının şərtlərinin özü açıq sərhədlər, qarşılıqlı əlaqələr və kooperasiya tələb edir. Bu qurumlarda təmsil olunan ölkələrin ərazisi vahid iqtisadi məkan, ümumi bazar sayılır. Əgər sərhədlər, gömrüklər bağlıdırsa, birbaşa gediş-gəliş və ticarət yoxdursa, hansı iqtisadi və gömrük ittifaqından söhbət gedə bilər? Ümumiyyətlə, bir ölkə digərini tam olaraq tanımırsa və onun paytaxtında səfirlik yaratmırsa, onlar necə eyni ittifaqda təmsil olunacaq? Bu, nonsensdir. Əlbəttə, nəzəri cəhətdən mümkündür ki, Türkiyə Ermənistanla siyasi-iqtisadi əlaqələrini tam bərpa etsin, sərhədləri açsın. Bu, artıq Türkiyənin regional siyasətində radikal dəyişiklik və tamamilə yeni situasiyanın yaranması demək olar. Belə olan halda Azərbaycanla münasibətlərdə hansı problemlərin yarana biləcəyini isə söyləməyə ehtiyac yoxdur. Mən Türkiyənin bu riskə getməyəcəyinə inanıram”.


Ekspertin fikrincə, bütün bu qeyd edilənlər onu göstərir ki, Türkiyənin Avropadan, Qərbdən qoparaq üzünü şərqə çevirməsi ən azı hazırkı mərhələdə mümkün deyil.

Image result for Politoloq Elşən Mustafayev


Politoloq Elşən Mustafayev də bildirdi ki, Avrasiya İttifaqına, Gömrük İttifaqına daxil olmaq istəkləri ilə bağlı Türkiyə rəsmiləri tərəfindən verilən açıqlamalar ilk dəfə deyil: “Hesab edirəm ki, bu, Qərb və Rusiya arasında siyasi manevr xarakteri daşıyan açıqlamalardır. Türkiyə gözəl anlayır ki, Avropa Birliyi ilə analoji sazişlə Gömrük İttifaqı sazişinin eyni zamanda olması mümkün deyil. Bu, ilk olaraq Rusiya üçün qəbulolunmazdır. Eyni zamanda oraya üzv olandan sonra Ermənistanla sərhəd açılımından başlamış Azərbaycanla münasibətlərin soyumasına qədər iki qardaş ölkə arasında hadisələr cərəyan edə bilər. Türkiyə rəsmilərinin ”Elə eləmək lazımdır bu, Avropa Birliyi ilə analoji sazişə mane olmasın" bəyanatları o anlama gəlir ki, Gömrük İttifaqı ilə hər hansı saziş imzalanması mümkünsüzdür. Amma bu, o demək deyil ki, Türkiyə hökumətinin içində Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşulmaq istəyənlər yoxdur. Əgər həm Avropa İttifaqı, həm də Gömrük İttifaqı ilə eyni vaxtda analoji sazişin olması mümkün olsaydı, həmin qüvvələr bunun təbliğatını daha geniş aparardılar. Bu isə mümkün deyil. Seçim qarşısında qalanda tərəzinin gözündə Avropa İttifaqı Türkiyə üçün daha ağır gəlir. Türkiyə Avropa İttifaqı ilə aralarında zaman-zaman yaranan siyasi mübahisələrə, anlaşılmazlıqlara baxmayaraq, onlarla münasibətləri kökündən kəsməyin marağında deyil".