ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalarını gücləndirməsi Moskvanın Cənubi Qafqazdakı “maşa”sını ciddi şəkildə narahat etməkdədir. Son zamanlar Ermənistanda aparılan müzakirələrin əsas motivi bundan ibarətdir ki, Vaşinqtonun təzyiqləri nəticəsində onsuz da fəlakətli vəziyyətə düşmüş ölkəyə valyuta axını ciddi şəkildə azalıb və proses davam etdikcə Ermənistan fəlakətin dibinə yuvarlanacaq.
Bununla bağlı yayılan növbəti açıqlamanın müəllifi “Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyandır. Son günlər Serj Sərkisyan iqtidarını ayılmağa çağıran ekspert bu dəfəki açıqlamasında deyib ki, “Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək”. (Virtualaz.org)
O qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına daxildir və müvafiq olaraq, sanksiyaların təsirsiz ötüşməsi real deyil. Çin və İranla münasibətlərin inkişafı ilə bağlı deyilənləri şərh edərkən Papyan bildirib ki, bunu Ermənistan təkbaşına həll etmir və Avrasiya Birliyindəki üzvlüyü yada salıb.
“Çin və İranla münasibətləri inkişaf etdirmək üçün quruma üzv olmaq lazım idi? Bunu onsuz da inkişaf etdirmək olardı”, - Papyan vurğulayıb. Göründüyü kimi, Ermənistanda artıq Rusiyanın qucağında oturmağın fəlakətlərlə müşayiət olunduğunu anlayanlar kifayət qədərdir. Bu mənada ölkənin addım-addım Qərbə istiqamət götürməsi indiki situasiyada çıxış yolu sayılır. Düzdür, Rusiyadan uzaqlaşmaqla Azərbaycan və Türkiyənin qonşuluğunda bu cür aqressiv siyasətin aparılmasının İrəvana baha başa gələcəyini də bilməmiş deyillər. Lakin reallıq bundan ibarətdir ki, Ermənistan hər şeyini Rusiyaya təhvil verdiyi halda, ehtiyatları tükənməkdə olan, öz başının çarəsini axtaran “ağa”sını indi ucuz qiymətə Qərbə satmağı çıxış yolu sayır.
İrəvanın son ayda iki NATO təlimlərinə qatılması, həmçinin Avropa Birliyi ilə assosiativ sazişi imzalamaq istiqamətində addımlar atmağa səy göstərməsi də Moskvadan uzaqlaşma elementlərinin tərkib hissəsidir. Ancaq artıq Rusiya nəşrləri də yazırlar ki, Ermənistan riskli oyuna girib və özünü dalana salıb. “Yeni Müsavat”ın ötən sayında yazıldığı kimi, ortaq qənaət belədir ki, xüsusən də Rusiya ilə ABŞ, NATO arasında münasibətlərin sürətlə gərginləşməyə üz tutduğu indiki dönəmdə cırtdan Ermənistan faktiki surətdə Kremli güclü şəkildə qıcıqlandırmaqla olduqca riskli bir oyun oynayır. Rusiyanın tanınmış Rosbalt nəşrində dərc olunmuş analitik məqalədə də bu məsələdən bəhs olunur. Məqalədə deyilir: “Dağlıq Qarabağ ətrafında olduqca mürəkkəb qüvvələr balansı formalaşıb. Söhbət həm də Qarabağ məsələsində Azərbaycan maraqlarının lobbiçisi olan Türkiyə ilə Rusiyanın təzədən ”dostlaşmasından" gedir. İkinci tərəfdən, Moskva öz nizamlama variantını həyata keçirməyə çalışır. Həmin varianta görə, öncə Azərbaycana Ermənistanın işğalı altında olan 7 rayondan 5-i qaytarılır - hansına ki, İrəvan müqavimət göstərir, hərçənd, başqa bir həll yolu ona böyük itkilər hesabına başa gələ bilər. Üçüncüsü, hazırda Azərbaycan Rusiyanın gözündə daha etibarlı tərəfdaşdır, nəinki öz xarici siyasət oriyentasiyasında sürüşkən olan və Moskva çoxlu iradlar irəli sürən Ermənistan".
Müəllifin qənaətincə, Ermənistanın son oyunları olduqca risklidir: “Ona görə ki, Rusiya şantaj xoşlamır. Bu üzdən Kreml olduqca sərt, hətta qeyri-proporsional cavab verə bilər”.
Hətta məqalədə Rusiya baş naziri Dmitri Medvedyevin Ermənistana səfərə hazırlaşdığı anonsu da edilib. Ehtimal var ki, Rusiyanın baş naziri Ermənistan hakimiyyətini “başa salmağa” gedəcək.
Düzdür, buna qədər Rusiyanın Ermənistanı cəzalandıracağı barədə bir neçə dəfə bənzər məlumatlar dövriyyəyə buraxılıb, ancaq onlar təsdiqini tapmayıb. Hətta bu kimi hay-küyün ermənilərin xeyrinə olduğunu, bu yolla Ermənistanın Rusiyadan yeni silah-sursat və ya digər sahələrdə güzəştlər əldə etməyə çalışdığı da iddia olunur. Ancaq reallıq bundan ibarətdir ki, Rusiyanın vəziyyəti getdikcə ağırlaşır və artıq Ermənistana 1 milyardlıq silah-sursatın hədiyyə olunması mümkün deyil. Deməli, Ermənistandakı narahatlıqların ciddi əsası var.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Arzu Nağıyev bildirdi ki, burada hər hansı cəzalandırmaqdan söhbət gedə bilməz: “Çünki hər bir dövlət hər hansı iqtisadi, siyasi və hərbi blokda təmsil olunmasına baxmayaraq, öz xarici siyasətini də apara bilər. Əsas məsələ ondan ibarətdir ki, artıq Ermənistanda Qərbyönümlü siyasətçilərin sayı artmaqdadır və bu həm xaricdə yaşayan, donor kimi fəaliyyət göstərən erməni lobbisi səviyyəsində, eyni zamanda Sərkisyan rejiminin əleyhinə olan qüvvələr tərəfindən dəstəklənir. Bu proseslər isə ən çox Rusiyanı narahat edir. Çünki Ermənistan özü bir ciddi tərəfdaş olmasa da, regional baxımdan Rusiya üçün bu gün əhəmiyyətli bir dövlətdir və demək olar ki, həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyadan asılıdır. Rusiya da bundan hərtərəfli istifadə edir. Ən mühüm məsələ də Rusiya-NATO, daha dəqiq desək, Türkiyə-Ermənistan sərhədidir. Bu sərhəd nəzarətdən çıxsa, Rusiya bir daha bu ərazidə bufer zona yarada bilməyəcək. Bundan başqa İranla Ermənistan sərhədi də Rusiya üçün mühüm amillərdən biridir”.
Politoloqun fikrincə, İrəvan başa düşür ki, Rusiyaya tətbiq olunan sanksiyalar sayəsində Ermənistan Rusiyadan lazımı dəstəyi ala bilməyəcək, ona görə də alternativ variantlar axtarır: “Rusiya üçün Sərkisyan rejimi qənaətbəxşdir, lakin ictimai-siyasi rəy onun bu tərəfdaşlığının əleyhinə işləyir. Dağlıq Qarabağda nəzərdə tutulan ”müstəqillik" eyforiyası artıq baş tutmur, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi problemi Ermənistanın xeyrinə həll etmək iqtidarında deyil. Düşünmürəm ki, bu proseslərdən Azərbaycanın xeyrinə nə isə dəyişsin, sadəcə olaraq Ermənistanın necə ikili oyun oynamasının dünya ictimaiyyətinə çatdırılmasının özü önəmli məsələdir".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirdədir ki, Ermənistan Rusiyadan uzaqlaşmır: “Ermənistanın son NATO təlimlərində iştirakı bizi aldatmamalıdır. Bunun əsasında ”Ermənistan Rusiyadan uzaqlaşır" və ya “Rusiya Ermənistanı cəzalandıracaq və Qarabağ məsələsində Azərbaycana dəstək verəcək” kimi versiyalara inanmıram. Bu versiyaları bəzən hansısa rusiyalı politoloq dilə gətirir, ancaq bu həqiqəti əks etdirmir. Əgər Moskva rəsmən İrəvana nə isə xəbərdarlıq etsə, bu, başqa məsələ. Belə bir xəbərdarlıq və bunun işartısını mən görmürəm".
Ekspertə görə, Ermənistanı Azərbaycan və Türkiyədən qoruyacaq yeganə dövlət Rusiyadır və İrəvan bu dövlətdən NATO və ya Amerikanın xeyrinə imtina etməz: “Öz növbəsində Rusiyaya da Cənubi Qafqazda Ermənistan kimi vassal - forpost lazımdır ki, bu dövlət üzərindən Azərbaycana təzyiq imkanlarını itirməsin. Ermənistan hakimiyyəti Rusiyaya arxayın olmasaydı, bizə Tovuz və Qazax istiqamətində problem yaratmaz və ya rəsmiləri qeyri-qanunu Dağlıq Qarabağa gəlməzdilər”.
Qeyd etdiyimiz kimi, Rusiya ilə Qərb arasında vurnuxan, güclü Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən xilas olmaq üçün yollar arayan Ermənistanın atdığı bir sıra addımlar da suallar doğurur. Məntiqlə məhz belə bir durumda, üstəlik, hərbi çağırışçı problemi, ordunun komplektləşdirilməsi çətinliyi yaşayan Ermənistan danışıqlara daha çox meylli olmalı, konfrontasiyadan uzaqda dayanmalıdır. Ancaq Ermənistanın ənənəvi aqressiv siyasətini davam etdirdiyinin şahidi olmaqdayıq. Hətta görünən budur ki, işğalçı ölkə ən azı 2018-ci ilin aprelinədək - Serj Sərkisyan Ermənistanın baş naziri kürsüsünü ələ keçirənə qədər - danışıqlar masasından kənarda dayanmağa meyl göstərir. İşğalçı ölkənin baş naziri Karen Karapetyanın yay tətilini işğal altındakı Azərbaycan ərazilərində keçirməyə qərar verməsi, üstəlik həyasızcasına Kəlbəcər rayonunda su zavodunun açılışına qatılması, Ermənistandan Ağdərəyə çəkilən magistral yolun tikinti işlərinə baş çəkməsi və s. addımlar İrəvanın islaholunmazlığından xəbər verir. Hələlik rəsmi Bakı məsələyə reaksiya verməyib. Təəssüf doğuran budur ki, həmsədrlər də həyasızlığa göz yummaqdadırlar.
![]()
E.Şahinoğlu Ermənistanın baş naziri Karen Karapetyanın işğal altındakı Kəlbəcər rayonu ərazisində mineral su istehsal edən zavodun açılışında iştirakı xəbərinə də reaksiya verdi: “Bu xəbəri erməni saytları yazıb, həmişəki kimi bizim saytlar da olduğu kimi yayınlayıblar. Mən Karen Karapetyanın həmin zavodun açılışını göstərən 3 dəqiqəlik videonu izlədim. Uşaqlıq illərində bir neçə dəfə Kəlbəcərdə olmuşam və bu xatirələrdən çıxış edərək erməni nazirin məhz Kəlbəcərdə zavod açdığını mənə söyləmək çətindir. Həmin videoya əslən kəlbəcərlilər baxıb dəqiq həmin yerin hara olduğunu müəyyənləşdirə bilərlər. Ancaq Karen Karapetyan qeyri-qanuni olaraq Dağlıq Qarabağa gəlmədən də bilirik ki, ermənilərin gözü hər zaman Kəlbəcərin isti suyunda olub. Uşaqlıqda atamla dağ yolları ilə Kəlbəcərdən Ermənistanın Cermux rayonuna getmişdik. Orada da mineral su var idi, ancaq ermənilər özləri bizə etiraf edirdilər ki, Kəlbəcərin isti-suyu daha keyfiyyətlidir”.
Şübhələrinə rəğmən, ekspert məsələnin ciddi araşdırılmasını və reaksiya verilməsini də zəruri sayır: “Əgər Karen Karapetyanın Kəlbəcərdə su zavodu açdığı təsdiqlənərsə, fikrimcə, buna veriləcək iki reaksiya var: birincisi, Azərbaycan XİN açıqlama yayaraq bəyan etməlidir ki, Şuşa, Kəlbəcər, Laçın və ermənilərin heç zaman yaşamadıqları digər işğal altındakı ərazilərdə istənilən məskunlaşma və tikinti işləri təxribat kimi dəyərləndiriləcək bu halların təsdiqlənməsi danışıqların durdurulması və Azərbaycan ordusunun müvafiq tədbirlər görməsini şərtləndirəcək. İkincisi, ATƏT-in Minsk Qrupunu bir daha oyatmaq lazımdır. ”Görmürəm, eşitmirəm, danışmıram" prinsipinə köklənən həmsədrlərə də anlatmaq lazımdır ki, Kəlbəcərdə nəyin tikildiyini araşdırsınlar və əgər tikilən obyekt işğal ərazisinə aiddirsə, bu barədə qarşı tərəf xəbərdarlıq etsinlər. Etmirlərsə, bizdən atəşkəsə riayət edəcəyimizi gözləməsinlər. Necə ki, ermənilər Xankəndidə təmir etdikləri hava limanının istismara verilməsindən ehtiyat edirlər, eləcə də Kəlbəcərdə və ya Şuşada açılan fabrik və zavodun hər an dağıdıla biləcəyini anlamalıdırlar. Anlamırlarsa, biz hərbi tədbirlərimizlə anlatmalıyıq!"
ATƏT-in Minsk Qrupunun həmsədrləri isə belə bir durumda, Ermənistan rəhbərliyinin həyasız davranışları fonunda tərəfləri BMT Baş Assambleyası çərçivəsində görüşdürmək istəyirlər...
