|
Rusiya Moldovanı qarışdırmaq istəyir

“Moldova strateji seçimini etmiş və avroatlantik inteqrasiya yolunda olan bir dövlətdir.

Bu ölkə 2014-cü ilin iyununda Avropa Birliyi ilə assosiasiya sazişi imzalayıb və bu saziş 2016-cı ilin iyulun 1-dən qüvvəyə minib. Moldova hazırda Avropa Birliyinin (AB) üzvü olan Baltik ölkələrindən sonra AB ilə vizasız rejimə keçən ilk keçmiş sovet respublikasıdır”.

Politoloq Şahin Cəfərli bu fikirləri son zamanlar Moldova ətrafında yaranmış vəziyyəti “Yeni Müsavat”a şərh edərkən bildirdi.

Qeyd edək ki, bu ölkədə Rusiyaya yaxınlığı ilə seçilən prezident İqor Dodonla Qərbə inteqrasiya siyasətinə tərəfdar olan hökumət arasında konfliktlər mövcuddur. Elə Rusiyanın baş nazirinin müavini Roqozin ətrafında baş verən son hadisələrin əsas günahkarı olaraq da Moldova hökuməti göstərilirdi. Bu mənada Kremli qəzəbləndirən hadisəyə, Roqozinin təyyarəsinin separatçı Dnestryanıya enməsinə imkan vermədiyinə görə Moldova hökumətinin cəzalandırılacağı şübhə doğurmur.

Картинки по запросу Politoloq Şahin Cəfərli

Vəziyyəti təhlil edən Ş.Cəfərli xatırlatdı ki, Moldova NATO ilə də yaxından əməkdaşlıq edir: “Ötən ilin noyabrında Moldovada NATO-nun əlaqə bürosunun açılması barədə saziş imzalanıb. Büronun payızda açılışı gözlənilir və bu, NATO-Moldova əlaqələrinin inkişafında yeni mərhələ olacaq. Bu əməkdaşlıq çərçivəsində ABŞ-ın Moldova ərazisində, Bulboaka qəsəbəsində hərbi baza qurmaq planları var. Bulboaka hazırda Rusiya hərbi kontingentinin mövcud olduğu Dnestryanı ərazinin yaxınlığında yerləşir və separatçıların inzibati mərkəzi Tiraspol şəhərindən cəmi 30 km aralıdadır. Məqsəd yaxın gələcəkdə Rusiyanı oradan öz qoşunlarını çıxarmağa məcbur etməkdir. Dnestryanı ərazi Moldovanın digər hissəsi ilə Ukraynanın arasında yerləşir və oradakı Rusiya kontingenti hazırda logistika imkanlarından məhrum şəkildə faktiki blokada vəziyyətindədir”. Ekspertə görə, bu baxımdan Moldovanın bəxtinin gətirdiyini söyləyə bilərik, çünki ərazisində münaqişə zonası olsa da, bu ərazinin və ümumilikdə Moldova dövlətinin özünün Rusiya ilə sərhədi yoxdur: “Bu, çox böyük üstünlükdür. Lakin Moldovanın başqa bir dərdi var. Ölkənin başlıca problemi toplumun əsasən ideoloji-dini səbəblərlə bölünməsidir. Moldova əhalisinin mütləq əksəriyyəti xristianlığın pravoslav qoluna mənsubdur. Bilirsiniz ki, pravoslavlığın əsas mərkəzlərindən və himayəçilərindən biri məhz rus kilsəsidir. Bu durum ölkə əhalisinin təxminən yarısının, o cümlədən qaqauz türklərinin Rusiyaya meyllənməsini şərtləndirən amillərdən biridir. Bu bölünmə təbii olaraq Moldova siyasətində inikasını tapır, ölkədə keçirilən seçkilərdə kiçik üstünlüklə gah qərbyönlü liberallar, gah da Rusiya meylli sol qüvvələr qalib gəlir”.

Ş.Cəfərli rusiyameyilli prezidentlə Qərb yönümlü hökumət arasındakı rəqabətdən də bəhs etdi: “Son parlament seçkilərində liberal partiyalar qalib gələrək koalisiya hökuməti qurublar. Lakin ötən il keçirilən prezident seçkilərində sosialistlərin namizədi İqor Dodon qalib gəldi. Bunun nəticəsində indi ölkədə Krılovun məşhur təmsilinə bənzər paradoksal bir vəziyyət yaranıb: hökumət üzünü Qərbə tərəf, prezident isə Rusiyaya tərəf tutub. İqor Dodon avroatlantik inteqrasiyanın əleyhdarıdır və bu istiqamətdə indiyədək əldə olunmuş nailiyyətləri yox etməyə, prosesi dayandırmağa çalışır. O, ölkənin müşahidəçi qismində də olsa, Avrasiya İttifaqında iştirakını istəyir. Lakin Moldova parlamentli respublika olduğu üçün icra səlahiyyətləri hökumətdədir, bu səbəblə Dodon hələ ki öz proqramını reallaşdıra bilmir. Növbəti parlament seçkiləri 2 geosiyasi vektorun tərəfdarları arasında çox gərgin mübarizəyə səhnə olacaq. Rusiya şübhəsiz ki, İqor Dodonun mövqeyindən və təşəbbüslərindən məmnundur”.

Bu arada Moldovada Ukraynadakı kimi Maydan hadisələrinin yaşanacağı, inqilabın baş verəcəyi təxminləri səslənir.

Ş.Cəfərli qeyd etdi ki, gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində Moskva Moldovanın sol qüvvələrinə dəstəyini artıraraq onların hökuməti formalaşdırmaq üçün çoxluq əldə etməsinə çalışacaq: “Əgər bu baş verərsə və rusmeylli hökumət ölkəni avroatlantik inteqrasiyadan geri döndərməyə çalışarsa, Maydan hadisələri Moldovada təkrarlana bilər. Çünki əhalinin passionar hissəsi, gənclər, təhsilli insanlar avrointeqrasiyanı dəstəkləyir. Paytaxt Kişinyov əhalisinin əksəriyyətinin də bu mövqedə olması rusiyameylli qüvvələrin işini çətinləşdirən əsas amildir”.

Картинки по запросу Rusiya Qərbin sərt sanksiyalarına

Reallıq bundan ibarətdir ki, Rusiya Qərbin sərt sanksiyalarına postsovet məkanını hissə-hissə ələ keçirməklə, bölgədə dominantlığını bərqərar etməklə cavab verir. Ukrayna hadisələri, Krımıın ilhaqı, Donbasda yeni dövlət yaratmaq cəhdlərinin ardınca Moldova hökumətini də cəzalandırmaq istəyi təbii ki, sonuncu olmayacaq. Kremlin ən ciddi planları həm də Qafqaz regionu ilə bağlıdır. Bu mənada bəzi müşahidəçilər Bakının perspektivdə təklənmək təhlükəsindən sığortalanması üçün strateji seçim etməsini, ya Qərblə bir yerdə olmasını, ya da Moskvanın ürəyincə olan layihədə yer almasını çıxış yolu olaraq görürlər. Hesab olunur ki, artıq Qoşulmayanlar Hərəkatına üzvlük öz mənasını itirib seçim etmək zamanıdır. Postsovet məkanında Rusiya ilə Qərb arasında gedən geosiyasi qarşıdurmanın Azərbaycana mümkün təsirlərinə gəldikdə, Ş.Cəfərli qeyd etdi ki, rəsmi Bakı hər zaman olduğu kimi, indi də bu qarşıdurmadan uzaq durmağa çalışır: “Azərbaycan iqtidarı ənənəvi balans siyasətinə sadiqdir və tərəflərdən birini seçməyə soyuq baxır, bu tip təklifləri qəbul etmir. Təbii ki, geosiyasi cəbhələşmənin əks qütbləri başqa ölkələri də öz sıralarına cəlb etmək istəyindədir. Xüsusən Rusiya Azərbaycanın Avrasiya İttifaqına qoşulmasına çox isti baxdığını gizlətmir və dəfələrlə bunu dilə gətirib. Hətta son vaxtlar Azərbaycana şimaldan edilən təzyiqlərin əsas səbəbinin Bakının Moskvanın bu gözləntilərinə cavab verməməsindən qaynaqlandığını düşünürəm. Hələlik geosiyasi mübarizənin ”cəbhə xətti" bilavasitə Azərbaycandan keçmir. Tərəflərin Azərbaycanın qarşısında qəti strateji seçim tələbi qoyub-qoymadığı barədə məlumatımız yoxdur. Lakin “cəbhə xətti” bizim ölkəmizdən keçməsə də, sərhədlərimizdən keçir və bu mübarizənin nəticələrinin Azərbaycana təsirləri qaçılmaz olacaq".