|
Vaxtı ötmüş ərzaq üçün qaynar xəttə zəng vurun

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən bildiriblər ki, monitorinqlər zamanı Bakının Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai rayonlarında, Sumqayıt, Gəncə, Qazax, Şirvan, Ucar, Siyəzən, Qobustan Lənkəran şəhərlərində və Corat qəsəbəsində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.